Azərbaycanda bir sıra qanunlarda dəyişiklik edilir
Milli Məclis bələdiyyələrin vahid informasiya sisteminin yaradılması haqqında təklifi ilk oxunuşda qəbul edib.
AYNA.AZ xəbər verir ki, bununla bağlı Vergi Məcəlləsində, eləcə də "Bələdiyyələrin statusu haqqında", "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında", "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında", "Yerli (bələdiyyə) vergilər ve ödənişlər haqqında" və "Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamənin təsdiq edilməsi barədə" qanunlarda dəyişiklik layihəsi parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.
Sənədə əsasən, bələdiyyələrin vahid informasiya sistemi dövlət informasiya sistemidir. Bu sistemdən sorğu əsasında əlde edilən və həmin informasiya sisteminə ötürülən məlumatların dairəsini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyələşdirir.
Bələdiyyələrin vahid informasiya sisteminin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi üçün zəruri xərclər həmin sistemin əsasnaməsi ilə müəyyən edilmiş məbləğdə yerli büdcənin gəlirləri hesabına maliyyələşdirilir.
Qanun layihəsində vurğulanıb ki, 2027-ci il yanvarın 1-nə qədər bələdiyyələr vergi ödəyicilərinə verginin ödənilməsi barədə tədiyə bildirişini elektron və kağız formada təqdim edəcək.
Layihə müzakirələrdən sonra səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.