Baydenin ermənipərəstliyi keçmişdə qaldı: Əsas ABŞ-ın maraqlarıdır

Siyasət

09.11.2020 - 21:49

Bəxtiyar Hacıyev: “Nəzərə almaq lazımdır ki, ABŞ-ın bir çox siyasətçisi ermənilərə xoş gələn açıqlamalar veriblər”

 

Şahin Cəfərli: “Bayden 2021-ci ilin 20 yanvar tarixində ABŞ Prezidenti postuna əyləşəcək. Məncə, həmin vaxtadək biz müharibəni qələbə ilə bitirəcəyik"

 

ABŞ-da noyabrın 3-də keçirilən prezident seçkilərində 290 seçkiçi səsini qazanan Demokrat Partiyasının namizədi Co Bayden ölkənin 46-cı Prezidenti oldu. Respublikaçılar Partiyasının namizədi, artıq keçmiş Prezident sayılan Donald Trampın isə qazandığı səslərin sayı 214-dür.

 

Co Bayden ilk açıqlamasında Amerika xalqının onu Prezident seçməsindən qürur duyduğunu və qarşıda çətin bir dövrün olduğunu deyib. Donald Tramp isə ABŞ-da prezident seçkilərinin qeyri-rəsmi nəticələrinə görə, Co Baydenin qalib gəlməsindən sonra açıqlama verərək, Amerika xalqının layiq olduğu dürüst səs sayına və tələb etdiyi demokratiyaya sahib çıxana qədər mübarizə aparacağını bildirib. Buna baxmayaraq, analitiklər bildirirlər ki, Tramp nəticələrlə razılaşmasa da, Ağ Evin növbəti rəhbəri Baydendir.

 

Baydenin Prezident olduğu müddətdə ABŞ-ın xarici siyasəti maraq doğurur. Bizi xüsusən maraqlandıran isə yeni ABŞ liderinin Cənubi Qafqaz siyasətidir. Hazırda Azərbaycan işğalda olan Qarabağı azad etmək uğrunda Vətən müharibəsi aparır. Məlumdur ki, Qarabağ münaqişəsi məsələsində ABŞ-ın siyasətinin də təsiri var. O mənada ki, faktiki olaraq əhəmiyyətini itirsə də, münaqişənin nizamlanması işi ilə məşğul olan ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən biri ABŞ-dır.

 

Bununla yanaşı, ABŞ-ın yeni Prezidenti Co Bayden senator olduğu müddətdə ermənipərəst açıqlamaları ilə dəfələrlə gündəmə gəlib. O, erməni lobbisinin ABŞ Konqresində qaldırdığı təşəbbüslərə dəstək verən siyasətçi kimi tanınır. Bəs, Prezidentliyi dövründə cənab Bayden Cənubi Qafqaz regionu ilə bağlı hansı siyasi xətti götürəcək? Yerli analitiklər hesab edirlər ki, ABŞ Prezidenti üçün hər zaman ölkəsinin maraqları öndə olub. Ona görə də, Baydenin zamanında ermənipərəst mövqe sərgiləməsi onun Prezident olaraq da bu mövqeyi müdafiə edəcəyi anlamına gəlməməlidir.  

 

ABŞ-da təhsil almış, siyasi fəal Bəxtiyar Hacıyev AYNA-ya bildirib ki, 4 il əvvəl Trampın Prezident seçilməsi ABŞ siyasəti üçün təsadüf idi: “Təsadüfi bir şəxs, kənar müdaxilələr nəticəsində digər dövlətlərin “barmağı” ilə ABŞ Prezidenti postunu tutmuşdu. Bu da ABŞ-ın həm daxili, həm də xarici siyasətində xoşagəlməz hallar yaratmışdı. Amma Co Bayden həm senator kimi, həm də keçmiş vitse-prezident kimi kifayət qədər peşəkar siyasətçidir. Onun normal siyasət yürüdəcəyini söyləmək olar. Əminəm ki, Baydenin siyasi təcrübəsi Amerikanın nüfuzuna böyük töhfə verəcək”.

Dominant.Az - Bəxtiyar Hacıyevi polis aparıb

Cənubi Qafqaz məsələsinə gəldikdə, B.Hacıyev deyib ki, ABŞ Prezidenti üçün hər zaman bir nömrəli məsələ ölkəsinin maraqlarıdır: “Baydenin senator olduğu zaman ermənilərlə bağlı söylədiyi bəzi fikirlər var ki, bu səbəbdən Azərbaycan cəmiyyətində müəyyən narahatlıqlar hiss olunur. Bildirilir ki, Bayden senator olduğu müddətdə ermənipərəst mövqe nümayiş etdirib.

 

Nəzərə almaq lazımdır ki, ABŞ-ın bir çox siyasətçisi ermənilərə xoş gələn açıqlamalar veriblər. Bu onunla əlaqədardır ki, həmin senatorlar erməni lobbisinin dəstəyi ilə senator seçilirlər. Həmin siyasətçilər daha üst postlara keçəndə, dövlət katibi, vitse-prezident və ya prezident olanda, artıq mövqelərini dəyişirlər. Onların siyasəti üçün başlıca amil ABŞ-ın dövlət maraqları olur.

 

Düşünürəm ki, Cənubi Qafqaz məsələləri Co Baydenin gündəliyində  ilk sıralarda olmayacaq. Hətta ilk sıralarda olsa da, o, Türkiyə və Azərbaycanı itirmək hesabına Ermənistana açıq dəstək verməyəcək”.

şahin cəfərli

Politoloq Şahin Cəfərli də hesab edir ki, ABŞ-ın xarici siyasət kursunda radikal dəyişiklik gözlənilmir. Siyasi icmalçı AYNA-ya bildirib ki, düzdür, respublikaçılarla demokratların siyasətində müəyyən fərqliliklər olur: “Amma bu, ciddi dəyişiklik olacağı demək deyil. ABŞ-ın hazırkı regional siyasətinin davam edəcəyini güman edirəm. Co Bayden ola bilsin, postsovet məkanında Trampdan fərqli olaraq daha aktiv siyasət yeritsin. Çünki Tramp bu regiona o qədər də önəm vermirdi. Bayden isə regionu yaxşı tanıyır. Ona görə də, Baydenin postsovet məkanında aktivlik göstərəcəyi, Rusiyanı regionda sıxışdırma siyasəti gözləniləndir”.

 

Baydenin Cənubi Qafqaz siyasətinə, konkret olaraq Qarabağ məsələsindəki mövqeyinə gəldikdə isə Ş.Cəfərli bildirib ki, Bayden 2021-ci ilin 20 yanvar tarixində ABŞ Prezidenti postuna əyləşəcək:

 

“Məncə, həmin vaxtadək biz müharibəni qələbə ilə bitirəcəyik. Bundan sonra ABŞ-ın proseslərə bizə mənfi olan hansısa müdaxilə edəcəyini gözləməyə dəyməz. Digər yandan, nəzərə almaq lazımdır ki, Azərbaycan Cənubi Qafqazda ABÇ üçün vacib tərəfdaşdır. Ağ Ev regionda Azərbaycan kimi tərəfdaşını itirməkdə maraqlı deyil. Düşünürəm ki, ABŞ-Azərbaycan münasibətləri Baydenin Prezidentliyi dövründə də inkişaf edəcək. Münasibətlərdə ciddi böhran gözlənilən deyil”.

 

Baydenin vaxtilə ermənipərəst mövqe sərgiləməsinə gəlincə, politoloq qeyd edib ki, əslində, Demokrat Partiyasından olan senatorlar ermənilərin təşəbbüslərinə dəstək verirlər: “O mənada ki, Demokrat Partiya ABŞ-dakı azlıqların hüquqlarını qoruyan partiya kimi tanınır. Bütün azlıq qruplar demokratlara yaxındır, onların seçici kütləsinə daxildirlər. Eyni zamanda, ABŞ-dakı ermənilər əsasən Kaliforniya ştatında cəmləşiblər ki, bura da liberal ştat sayılır. Liberallar əsasən demokratlara səs verirlər. Bu baxımdan, Kaloforniyadan seçilmiş senatorların üzərində erməni lobbisinin müəyyən təsir imkanları var. Amma bu təsirləri çox böyütmək lazım deyil. Ermənistanın sabiq Prezidenti Levon Ter-Petrosyan demişdi ki, “düzdür, bizim ABŞ-dakı lobbimiz güclüdür, amma o güc ABŞ-ın dövlət maraqları ilə toqquşanda bitir”. Yəni, ABŞ hökumətləri üçün ilk növbədə dövlətlərinin maraqları önəmlidir. Ona görə də, Baydenin konqresmen olan vaxt dediyi fikirlərdən nigaran olmaq lazım deyil”.

 

“Vaxtilə Barak Obama, Con Kerri də konqresmen olarkən ermənilərin təşəbbüslərinə dəstək nümayiş etdirirdi. Amma onlar hakimiyyətə gəldikdən sonra ermənilərlə bağlı hansısa ciddi addım atdığını müşahidə etmədik. Obama 8 il Prezident oldu, amma ermənilərlə bağlı siyasətində xüsusi xətt olmadı. Hesab edirəm ki, ABŞ rəhbərliyinə gələn şəxslər kifayət qədər praqmatik siyasətçilərdir. Yəni, ABŞ-dakı yeni hakimiyyət dövründə ermənilərə xüsusi münasibətin olacağı gözlənilən deyil”, - deyə Ş.Cəfərli fikrini tamamlayıb.

 

Müəllif: Anar Bayramoğlu