Baş Polis İdarəsi “müxalifətçilərə qarşı polis basqını” xəbərini təkzib edir

Hadisə

15.07.2019 - 17:24

Həkimlər Klinikalar SEO Xidməti

“Polis əməkdaşları tərəfindən ofisdə hər hansı axtarış aparılmayıb, ofis icarədar tərəfindən boşaldılmaqla qapadılıb”

 

Azərbaycan Xalq Hərəkatının mərkəzi qərargahına basqın edilməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Bu barədə AYNA-ya Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.

 

Onun sözlərinə görə, dəqiqləşdirilmədən yayılan məlumatda iddia olunduğu kimi polis əməkdaşları tərəfindən ofisdə hər hansı axtarış aparılmayıb, ofis icarədar tərəfindən boşaldılmaqla qapadılıb: “Diqqətə çatdırırıq ki, Yasamal rayonu, H.B.Zərdabi küçəsində yerləşən qeyri-yaşayış sahəsinin sahibi tərəfindən mülkiyyət hüququ etibarnamə əsasında Binəqədi rayon sakini, 1982-ci il təvüllüdlü Hüseyn Əliyevə verilməklə, o da əmlakı Cəbrayıl rayonu Çaxırlı kəndində qeydiyyatda olan Aslan Həmidlinın adına rəsmiləşdirməklə “ANTV.AZ” internet kanalına icarəyə verib”.

 

“Ancaq icarəyə verilən obyektin təyinatı üzrə istifadə olunmadığı barədə məlumat alan Hüseyn Əliyev, bir qrup müxalifyönlü şəxsin ona məxsus ofisdə, icazəsiz yığıncaq keçirdiyini öyrənərək oraya gəlib, binanın mühafizə-komendatura işçilərinin köməyi ilə onların oradan çıxmasını tələb edib. Onların dövlət əleyhinə şüarlar səsləndirməsi qonşuluqda işləyən digər icarədarların narahatlığına səbəb olduğundan Hüseyn Əliyev ofisi icarəyə verdiyi şəxsdən geri alaraq, müqaviləni ləğv edib, qapının açarlarını onlardan alıb”, - deyə E.Hacıyev vurğulayıb.

 

BŞBPİ təmsilçisinin bildirdiyinə görə, Hüseyn Əliyev baş verənlər barədə polis müraciət edib: “Hazırda Yasamal RPİ 29 PŞ-də müvafiq araşdırmalar aparılır”.

 

Qeyd edək ki, bu gün sosial şəbəkədə, müxalifət nümayəndələrinin yaratdığı Azərbaycan Xalq Hərəkatının mərkəzi qərargahına polis basqını edilməsi ilə bağlı məlumat yayılıb.

Müəllif: Ayna.az