Qaribaşvili: "Biz buna yol verməyəcəyik və vətəndaşlarımızı, dövlətimizi qorumağa davam edəcəyik”
"Gürcüstan hakimiyyəti ölkədə Rusiyaya qarşı ikinci cəbhənin açılmasına imkan verməyəcək". AYNA gürcü mediasına istinadən bildirir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Qaribaşvili hökumətin iclasında deyib.
Qeyd edək ki, müxalif Vahid Milli Hərəkat Partiyası və onun tərəfdarları Rusiyaya qarşı sanksiyalara qoşulmaqdan imtina etdiklərinə görə hakimiyyəti kəskin tənqid edir. Hakim partiya bu qərarı sanksiyalardan yalnız Gürcüstanın özünün əziyyət çəkəcəyi ilə izah edir və müxalifətçiləri ölkəni müharibəyə sürükləmək cəhdində ittiham edir.
“Biz sülhü, sabitliyi qorumalı və inkişafı təşviq etməliyik. Gürcüstan Rusiyaya qarşı ikinci cəbhə olmayacaq. Biz buna yol verməyəcəyik və vətəndaşlarımızı, dövlətimizi qorumağa davam edəcəyik”, - Qaribaşvili söyləyib.
Qeyd edək ki, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəhbəri Aleksey Danilov bildirmişdi ki, Rusiyanın digər ölkələrin ərazisində maraqları sferasında əlavə cəbhələrin açılması Ukraynaya böyük kömək edəcək. İkinci cəbhənin açılmasına misal olaraq o, Gürcüstan ərazilərini, həmçinin Kuril adalarını və Kalininqrad vilayətini göstərib.