Baş nazir deputatlar qarşısında: Əli Əsədov Milli Məclisdə hesabat verdi

İqtisadiyyat

17.03.2023 - 14:03

Parlamentdə Nazirlər Kabinetinin 2022-ci ildəki fəaliyyəti haqqında hesabatı dinlənilib

Bu gün Milli Məclisin iclasında Azərbaycan Nazirlər Kabinetinin 2022-ci ildəki fəaliyyəti haqqında hesabatı dinlənilib. Hesabatı Baş nazir Əli Əsədov təqdim edib. Əsədov bildirib ki, 2022-ci ildə dövlət büdcəsinin gəlirləri təxminən 31 milyard manat, xərcləri isə 32 milyard manat icra olunub. Baş nazir qeyd edib ki, hökumət hesabat ilində iqtisadi fəallığın təmin edilməsi, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası, müdafiə və ordu quruculuğu, təhsil və səhiyyə sisteminin inkişaf etdirilməsi, ərzaq təhlükəsizliyinin təmin olunması sahəsində mühüm tədbirlər görüb və Nazirlər Kabinetində il ərzində 462 qərar qəbul edilmiş və 820 sərəncam imzalanıb.

“Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin edilməsi hökumət qarşısında strateji vəzifə kimi qoyulub”

“Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin edilməsi Prezident tərəfindən Hökumət qarşısında strateji vəzifə kimi qoyulub. Daxili bazarda özünütəminat səviyyəsinin qorunması və əhalinin əsas ərzaq məhsulları ilə təminatının yaxşılaşdırılması istiqamətində vacib işlər görülüb. Ötən il ərzində kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət tərəfindən maliyyə dəstəyi olaraq ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün 540 milyon manat vəsait sərf edilib. Bu da 2021-ci illə müqayisədə 18,8 faiz çoxdur”, - deyə Baş nazir əlavə edib.

Ə.Əsədov çıxışında bildirib ki, hesabat ilində Dövlət Taxıl Fondunda ərzaqlıq buğda ehtiyatının artırılması üçün 87,5 milyon manat vəsait ayrılıb. Sahibkarlığın İnkişafı Fondu tərəfindən verilən güzəştli kreditlərin 69 faizi aqrar sektora yönəldilib.

Baş nazir xatırladıb ki, 2022-ci ildə minimum əməkhaqları 20 faiz artırılaraq 250 manatdan 300 manata çatdırılıb: “Həmçinin minimum pensiyanın məbləği 20 faiz, sosial müavinətlər və Prezident təqaüdləri 26 faiz artırılıb. Bundan əlavə, aylıq müavinətlərin orta məbləği üzrə artım 33 faiz təşkil edib. Ümumilikdə 2022-ci il ərzində 3,4 milyon nəfəri əhatə edən və əlavə illik maliyyə yükü 2,1 milyard manat olan sosial islahat paketi həyata keçirilib. Bu tədbirlər əhalinin real gəlirlərinin qorunmasına və inflyasiyanın fəsadlarının yumşaldılmasına hesablanıb”.

“Ötən il Cənub Qaz Dəhlizi vasitəsilə ümumilikdə 21 milyard kubmetr, o cümlədən Avropaya 11,4 milyard kubmetr qaz ixrac edilib. 2022-ci ildə həmçinin Azərbaycan ilə Avropa İttifaqı arasında energetika sahəsində strateji tərəfdaşlıq haqqında Memorandumun imzalandığını vurğulayan Baş nazir qeyd edib ki, sənədə əsasən, 2027-ci ilədək TANAP-la qaz nəqlinin indiki 16 milyard kubmetrdən 31 milyard kubmetrə, TAP-la isə 11 milyard kubmetrdən 20 milyard kubmetrə çatdırılması nəzərdə tutulur. Bütün bunlar Avropanın qaz bazarında Azərbaycanın rolunun artırılması məqsədinə xidmət edir”, - deyə Baş nazir vurğulayıb.

Ə.Əsədov deyib ki, ötən il Azərbaycan ərazisindən keçən tranzit yükdaşımalar 75 faizdən çox artıb: “Eyni zamanda, qeyd etməliyəm ki, Azərbaycan Orta Dəhlizin təşviqinə öz töhfəsini verir. Tranzit silsiləsində olan qurumlarda infrastrukturun yaxşılaşdırılması və müvafiq ötürücülük qabiliyyətinin artırılması istiqamətində tədbirlər davam edib. Belə ki, 2022-ci ildə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə ümumi yükaşırmanın həcmi 15 faiz artaraq 6,4 milyon ton təşkil edib ki, onun da 89 faizi tranzit yüklərin payına düşüb”.

“Bu il laçınlıların birinci qrupunun Laçına qayıdışı nəzərdə tutulub”

Baş nazir qeyd edib ki, bu ilin sonuna qədər Laçın rayonunda məskunlaşdırılmaya başlanılacaq: “Bu il laçınlıların birinci qrupunun rayonda yerləşdirilməsi planlaşdırılır. Zabux və Sus kəndlərində 296 ailənin məskunlaşacağı nəzərdə tutulur. Qeyd etməliyəm ki, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpasına son iki ildə dövlət büdcəsindən ümumilikdə 6,5 milyard manat vəsait yönəldilib. Hesabat ilində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının vahid enerji şəbəkəsinə qoşulması təmin olunub. Azad olunmuş torpaqlarda 11 su elektrik stansiyası inşa edilib”.

“Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərə, şəhid ailələrinə, həmçinin sosial cəhətdən həssas təbəqədən olan digər ailələrə postmüharibə dövründə 4500-dən artıq, o cümlədən 2022-ci ildə 1500 mənzil təqdim edilib. Keçmiş qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin təminatı üçün 2022-ci ilin dövlət büdcəsindən 365 milyon manat vəsait yönəldilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində tarixi qələbəmizin təminatçısı olan Silahlı Qüvvələrimizin müdafiə qabiliyyətinin daha da möhkəmləndirilməsi, ordu quruculuğu, dövlətin milli təhlükəsizliyinin gücləndirilməsi və hərbçilərin sosial-məişət və xidmət şəraitinin yaxşılaşdırılmasına yönəlmiş xüsusi tədbirlər görülüb”, - deyə Əsədov söyləyib.

Çıxış edən spiker Sahibə Qafarova Azərbaycan iqtisadiyyatında artım olduğunu bildirib. Onun sözlərinə görə, ötən il ümumi daxili məhsul 4,6 faiz artıb: “İqtisadi artım əsasən qeyri-neft sektoru hesabına əldə olunub, ixrac iki dəfədən çox artıb, ölkənin valyuta ehtiyatları il ərzində 5,3 milyard dollar artaraq 58,5 milyard dollara çatıb”.

“Bu gün Azərbaycanın malik olduğu resurslar böyükmiqyaslı infrastruktur layihələrini həyata keçirməyə imkan verir. İşğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri sürətlə davam etdirilir”, - deyə Milli Məclis sədri əlavə edib.

Baş nazirin çıxışından sonra deputatlar hökumətin hesabatı ilə bağlı fikirlərini səsləndiriblər.

Müəllif: Anar Bayramoğlu