Bakıya mesaj var: Moskva "mane olacağıq", İrəvan "ruslar arxamızdadır" deyir

Aktual

07.07.2023 - 18:10

Həkimlər Klinikalar SEO Xidməti

Mərkəz rəhbəri: "Öz ərazimizdə bayraq dirəyini qoparmaq açıq təxribat olmaqla yanaşı, son dərəcə hörmətsizlikdir"

Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingeti tərəfindən Azərbaycan bayrağına hörmətsizliyi əks etdirən görüntülər sosial şəbəkələrdə müzakirəyə çıxarılıb. Görüntülərdə sülhməramlı qüvvələrin Laçında, Həkəri çayının üzərindəki körpüdə ucaldılan Azərbaycan Bayrağını çıxarmaq üçün onun asıldığı dirəyi aşırdığı görünür. Məsələ ilə bağlı Azərbaycan tərəfindən rəsmi açıqlama yoxdur.
Kadrlardan görünür ki, çəkiliş iyunun 15-də Ermənistan tərəfindən aparılsa da, erməni "Telegram" kanallarında bu gün yayımlanıb.

Rusiya sülhməramlı kontingentinin bu cür davranışı Azərbaycan cəmiyyətində kəskin tənqidlə qarşılanıb. Analitiklər isə bildirirlər ki, bu hərəkət Rusiya və Ermənistan tərəfindən Azərbaycana verilən mesajdır. 

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu AYNA-ya bildirib ki, bu, təsadüfi hadisə deyil: 

- Nəzərə almaq lazımdır ki, Rusiya heç zaman təsadüfi addımlar atmır. Hesab edirəm ki, bu, qəsdlə törədilən hadisədir və Azərbaycana qarşı təxribatdır. Bundan əvvəl bayrağımız asılan vaxt ermənilər atəş açdılar, bir hərbçimiz yaralandı. İndi isə bu hadisə baş verir. Bir neçə gündür Ermənistanla Rusiya arasında telefon trafiki yaşanır, bəyanatlar səsləndirilir, Paşinyan Putinlə telefonla danışdı. Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın dünən zidiyyətli açıqlamaları oldu. Rusiya XİN nümayəndəsi Fransanı tənqid etdi, Araik Arutunyanı tanımadığını bildirdi, daha sonra Azərbaycanın Laçın yolunda post qurmasına qarşı olduqlarını bildirdi. Bütün bunlar onu göstərir ki, Rusiya Azərbaycanın Qarabağ üzərində suverenliyini istəmir. Bu gün baş verən təxribat da bunun bariz nümunəsidir. 

- Rusiya bununla Azərbaycana mesajmı göndərir?

- Əlbəttə, məqsəd budur. Moskva Bakıya mesaj verir ki, Qarabağın tamamında suverenliyinizin bərpasına mane olacağıq. Bu, Rusiya tərəfindən məkrli siyasətdir. Sülhməramlıların Qarabağda qalma müddətinə iki il qalıb. Prezident İlham Əliyev iki gün əvvəl "bölgədə müvəqqəti yerləşdirilən rus hərbi kontingenti" ifadəsini təkrar etdi. Azərbaycan Rusiyaya mesaj verdi ki, onların hərbçiləri müvəqqətidirlər. Bu, Rusiyanı qıcıqlandırır. 

Hesab edirəm ki, Azərbaycanın rəsmi qurumları, XİN, Müdafiə Nazirliyi bəyanat verməlidir, Rusiyanın səfiri XİN-ə çağrılmalı, izahat istənilməlidir. Hətta mən deyərdim ki, nota verilməlidir. Çünki bu, təxribat olmaqla yanaşı, Azərbaycanın milli atributuna hörmətsizlikdir. Öz ərazimizdə bayraq dirəyini qoparmaq açıq təxribat olmaqla yanaşı, son dərəcə hörmətsizlikdir. 
Eyni zamanda, bir neçə gündür müşahidə edirik ki, separatçılar Qarabağda silah-sursat daşıyırlar, Rusiya sülhməramlıları da onları müşaiyət edirlər. Bu təxribatların sonu olmalıdır. Rusiyaya sözümüzü deməliyik. Etiraz edilməsə, daha çox üzərimizə gələcəklər. 

- Azərbaycanın "Qisas-3" əmıəliyyatı keçirəcəyi proqnozları var. Ola bilərmi ki, Rusiya bu əməliyyatın önünü almaq üçün belə təxribatlara gedir?

- "Qisas-3" əməliyyatı ilə bağlı Azərbaycan cəmiyyətində fikir formalaşıb. Təsadüfi deyil ki, dövlət televiziyasının sosial media hesabında "Azərbaycan "Qisas-3" əməliyyatına başlamalıdırmı?" sualı ilə sorğu keçirilir. Nəzərə almaq lazımdır ki, AzTV özəl telekanal deyil, rəsmi dövlət kanalıdır. Demək ki, hakimiyyət dəhlizlərində də əməliyyat məsələsi, separatçıların tərksilah edilməsi məsələsi ciddi müzakirə olunur. Bu, bizim haqqımızdır və Rusiya buna mane olmamalıdır. Rusiyanın məntiqi varsa, Azərbaycan və Türkiyə ilə münasibətlərin gərginləşməsində maraqlı olmamalıdır. Kremldəkilər anlamalıdırlar ki, Azərbaycana mane olsalar, təzyiq etsələr, qarşılarından həm də Türkiyəni görəcəklər. Putin hakimiyyəti tərəfdaş adlandırdığı iki dövlətlə münasibətləri gərginləşdirməyə hazırdırmı?! Məncə, lazım deyil. 

- Maraqlıdır ki, sözügedən hadisə iyunun 15-də baş verənlər zamanı çəkilib. Amma indi bunun yayılması suallar doğurur...

- Köhnə videonun erməni mediasında indi yayılması o deməkdir ki, Ermənistan bizə mesaj verir: "Baxın, Rusiya bizim arxamızdadır, bizi dəstəkləyir". Bununla İrəvan Bakını hansısa addımlardan çəkindirmək niyyəti güdür. Ermənistanın mövqeyi aydındır, amma bütün hallarda Rusiya əsgərinin bu addımı atmasına aydınlıq gətirməlidir. Dediyim kimi, sülhməramlı hərbçi bu addımı özbaşına ata bilməz və bu, təsadüfi deyil. 

Müəllif: Anar Bayramoğlu

Pin up casino Pin-up casino giriş