“Bakını vurmaq, neft sənayesini məhv etmək... Axmaq adam nə dediyini anlamır”

Aktual

31.03.2022 - 10:21

Aqil Abbas: “Rusiyada unutmasınlar, Azərbaycan həmin Azərbaycan deyil”

Arzu Nağıyev: “Bu cür bəyanatlar Rusiya Cinayət Məcəlləsinin müvafiq maddələrinə ziddir”

Martın 28-də Rusiyanın “Rossiya 1” kanalında yayımlanan “60 dəqiqə” verilişində ölkəmizə qarşı təhdidlər səsləndirilib. Rusiya-Ukrayna müharibəsinin şərh olunduğu proqramda mövzu birdən-birə Qarabağda baş verən son hadisələrə yönəlib. Belə ki, Rusiya Dövlət Dumasının İqtisadi siyasət komitəsinin sədr müavini Mixail Delyaqin Azərbaycanı “proksi dövlət” adlandırıb. Ölkəmiz Qarabağda atəşkəsi pozmaqda, Üçtərəfli Birgə Bəyanatın müddəalarına riayət etməməkdə günahlandırılıb. Dumanın ermənipərəst fraksiyası “Ədalətli Rusiya”nın üzvü olan Delyaqin bir az da irəli gedərək, Azərbaycanı Rusiya üçün real təhlükə adlandırıb.

“Azərbaycan həqiqətən atəşkəsi pozub. Bizimkilər bildirdilər ki, Azərbaycan tutduğu mövqelərdən geri çəkilib. Lakin Azərbaycan rəsmən elan etdi ki, heç yerə çəkilməyiblər. Baxın, ABŞ-ın sattelitləri, indiki halda Türkiyə tərəfindən həyata keçirilən aqressiya və “Türkiyənin proksisi” - hansı ki, biz dövlət adlandırırıq (Azərbaycanı nəzərdə tutur - red.) - bu gün real təhlükədir. Əgər biz buna görə Azərbaycanı birmənalı şəkildə sərt cəzalandırmasaq... Bizə Azərbaycanın neft-qaz sənayesi niyə lazımdır? Lazım deyil. Əgər insanlar söz başa düşmürsə, onda konkret əməllə başa salmaq lazımdır. Əgər bunu etməsək, o zaman biz olmayacağıq, başa düşürsünüz?! İndi məsələ ancaq bu cür qoyulmalıdır”, - deyə deputat vurğulayıb.

Delyaqinin Azərbaycana qarşı məkrli açıqlaması “Rossiya 1” kanalı ilə yekunlaşmayıb. “Birinci Kanal”da Delyaqin bu dəfə Rusiyanın Azərbaycanın neft sənayesini məhv edə biləcəyi ilə hədələyib: “Rusiya iqtisadiyyatından asılı olan Azərbaycan biznesi bir gün içində partlaya bilər. Azərbaycanın neft sənayesi ərazi olaraq çox güclü lokallaşdırılıb və 15 dəqiqə ərzində mövcudluğunu itirə bilər. Ona görə ki, proksi başqa cür başa düşmür. Müstəqil dövlət başa düşərdi, proksi isə yox. Proks”nin bunu sərbəst başa düşmək funksiyası yoxdur. Müasir dünyada başqa cür danışmaq daha mümkün deyil”.

Daha bir məqam ondan ibarətdir ki, Delyaqin bəyanatları ilə kifayətlənməyərək, "Telegram" kanalında Azərbaycanın neft sənayesinə nüvə silahı ilə zərbələr endirmək çağırışı ilə bağlı sorğu da keçirir. Doğrudur, sorğuda iştirak edənlərin əksəriyyəti Azərbaycana nüvə zərbəsi endirilməsini yolverilməz hesab edir. Amma bu fikrin ortaya atılması, belə bir sorğunun keçirilməsi absurd sayılır.

Delyaqinin sözügedən bəyanatları elə Rusiya rəsmiləri və analitikləri tərəfindən də absurd sayılıb. Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov Dövlət Dumasının deputatının açıqlamasını "şəxsi emosiyaların məhsulu" sayıb: "Biz bu emosiyaları cilovlamağa və belə bəyanatlardan çəkinməyə çağırırıq. Xüsusən də bizim tərəfdaşlarımıza münasibətdə. Azərbaycan Rusiya üçün tərəfdaş dövlətlər kateqoriyasına aiddir”.

Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova isə bildirib ki, Delyaqinin Azərbaycan və Qarabağla bağlı açıqlaması rəsmi Moskvanın mövqeyinə uyğun deyil: “Biz bu cür açıqlamaları yolverilməz və məsuliyyətsiz hesab edirik”.

Delyaqinin bəyanatını Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov da şərh edib. Diplomat vurğulayıb ki, deputatın sözləri Rusiyanın rəsmi mövqeyini ifadə etmir.

Rusiyanın Siyasi Araşdırmalar Mərkəzinin direktoru, politoloq Sergey Markov isə deputatın Azərbaycanı bombalamaqla bağlı bəyanatına daha sərt reaksiya verib. Analitik deyib ki, Delyaqinin bəyanatları Kremlin siyasətinə birbaşa ziddir: “Dövlət Dumasının deputatı Mixail Delyaqinin Rusiyanın Azərbaycanın neft infrastrukturuna zərbələr endirməsi ehtimalı ilə bağlı bəyanatı Rusiya rəhbərliyinin siyasətinə tamamilə ziddir. Bu bəyanatlar məsuliyyətsizlikdir və Rusiyanın maraqlarına əksdir”.

Bu arada, Azərbaycan Baş Prokurorluğu Delyaqini beynəlxalq axtarışa verib. Bu barədə Baş Prokurorluqdan daxil olan məlumatda bildirilib. Delyaqinin İnterpol xətti ilə axtarışa verilməsinə səbəb olaraq Azərbaycana qarşı təxribat xarakterli çağırışları göstərilib.

"Delyaqinin əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 101.2 (təcavüzkar müharibəni başlamağa açıq çağırışlar), 214.2.3 (terrorçuluq-odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədilməklə hədələdikdə), 283.2.1 və 283.2.2-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələrinin tərkib əlamətləri olduğundan, 29 mart 2022-ci il tarixdə Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən həmin maddələrlə cinayət işi başlanmaqla ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə olunub. İttiham üçün əsas verən kifayət qədər sübutlar toplandığından, 29 mart 2022-ci il tarixdə Mixayıl Delyaqin Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə İnterpol vasitəsilə beynəlxalq axtarışa elan edilib", - deyə məlumatda vurğulanır.

Baş Prokurorluq həmçinin qeyd edir ki, bir sıra tərəfdaş dövlətlərin səlahiyyətli orqanlarına təqsirləndirilən şəxsin həmin ölkələrin ərazisinə daxil olduqda dərhal tutularaq istintaqa cəlb edilməsi üçün Azərbaycan Respublikasına verilməsinin təmin edilməsi məqsədilə müraciətlər göndərilib: "Hazırda cinayət işi üzrə intensiv istintaq tədbirləri davam etdirilir. Azərbaycan Respublikasının Baş Prokurorluğu bəyan edir ki, ölkəmizin milli mənafeyi, təhlükəsizliyi və ərazi bütövlüyü əleyhinə yönələn istənilən təxribat xarakterli fəaliyyətlə bağlı qanunla nəzərdə tutulmuş tədbirlərin görülməsi təmin olunacaq".

Milli Məclisin  Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aqil Abbas AYNA-ya açıqlamasında deyib ki, Rusiyadakı ayrı-ayrı siyasətçilər, deputatlar tərəfindən zaman-zaman ölkəmiz əleyhinə bəyanatlar səsləndirilib: "Bu dəfə də Delyaqin həddini aşan bəyanatlar verib. Bakını vurmaq, neft sənayesini məhv etmək, nüvə silahı atmaq... Axmaq adamdır, görünür, nə dediyini başa düşmür. Rusiyada ermənipərəstlər çoxdur, Delyaqin də onlardan biridir. Yəqin ki, erməni himayədarları ona belə sərsəm, məsuliyyətsiz bəyanatlar səsləndirmək göstərişi veriblər. O da, bəyanatları səsləndirib". 

"Unutmasınlar, Azərbaycan həmin Azərbaycan deyil. Azərbaycanın qüdrətli ordusu var - hansı ki, Delyaqin də, digər ermənipərəstlər də bunu 44 günlük Vətən müharibəsində gördülər. Azərbaycana "xox" gəlməklə deyil ki!", - deyə deputat bildirib.

Deputat qeyd edib ki, Azərbaycanın hərbi gücü ilə yanaşı, qüdrətli iqtisadiyyatı var: "Bizim öz ərazilərimizi işğaldan azad etməyə də, ərazilərimizi qorumağa da gücümüz var. Hansısa erməni, hansısa rus deputat, siyasətçi barmaq silkələməmişdən qabaq yaxşı-yaxşı düşünsün. Biz onların məsuliyyətsiz bəyanatlarını çox görmüşük. Birinci Qarabağ müharibəsində ermənilərə hansı yardımları etdiklərini də bilirik, İkinci Qarabağ müharibəsində də onun kimi. Yardımlarla yanaşı, hansı bəyanatlar verdiklərini də görmüşük. Bir sözlə, boş-boş danışıqlarına öyrəşmişik”.

“Amma öz işimizi görürük, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə, Ali Baş Komandanlığı ilə lazım olan addımlarımız atılır. Rusiya rəhbərliyi də zəhmət çəksin, sərsəm bəyanat verən şəxslərini başa salsın. Dövlət Dumasının rəhbərliyi, Kreml, aidiyyəti strukturlar Delyaqinə anlatsınlar ki, onun məsuliyyətsiz bəyanatı Rusiyanın özünün siyasətinə qarşıdır və belə bəyanat verənləri cəzalandırsınlar”, - deyə A.Abbas vurğulayıb.

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin daha bir üzvü Arzu Nağıyev AYNA-ya şərhində son zamanlar Rusiya tərəfindən qeyri-adekvat bəyanatların səslənməsini təəssüf doğurduğunu söyləyib: "Delyaqin kimi səriştəsiz şəxslərin bu cür bəyanatlarda iştirakı Rusiya Cinayət Məcəlləsinin müvafiq maddələrinə də ziddir. Delyaqinin belə çıxışına mütləq şəkildə bir reaksiya olmalıdır”.

“Rusiya Prezidentinin mətbuat katibi, Rusiya Xarici İşlər Nazirliyi də Delyaqinə etiraz etdi. Azərbaycan Baş Prokurorluğu artıq onu beynəlxalq axtarışa verib. Azərbaycan ictimaiyyəti də onun bəyanatlarından hiddətlənib. Milli və irqi ayrı-seçkilik salmaq deputatlara yaraşmayan hərəkətlərdir. Delyaqin də rupor kimi Rusiya kanallarından istifadə edir”, - deyə deputat fikrini tamamlayıb.

Müəllif: Anar Bayramoğlu