Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq

Xəbərlər

27.08.2021 - 11:37

Paytaxt sakinlərindən zərurət olmadıqda küçəyə çıxmamaq xahiş edilir

 

Son vaxtlarda ölkədə koronavirus pandemiyasına yoluxanların sayında kəskin artım müşahidə edildiyindən vətəndaşlarımızın bu xəstəlikdən qorunması və onun geniş yayılmasının qarşısının alınması məqsədi ilə paytaxt Bakı şəhərində kompleks tədbirlər həyata keçirilir.

 

AyNA xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) mətbuat xidməti məlumat yayıb.

 

Bildirilib ki, bu tədbirlər çərçivəsində sabah, avqust ayının 28-i səhər saatlarından etibarən şəhərin mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.

 

“Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur”, - məlumatda bildirilib.

Müəllif: Ayna.az