Məişət zorakılığından əziyyət çəkənlər üçün böhran mərkəzinin də yaradılması nəzərdə tutulub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin 2022-ci il üzrə planına əsasən, bu il Bakıda daha 5 ixtisaslaşmış sosial xidmət mərkəzi yaradılacaq. Bunlardan 2-si sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyası üzrə xidmətlər göstərəcək.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AYNA-ya verilən məlumata görə, baxımsız uşaqların ailələri ilə profilaktik işləri yerinə yetirən mərkəzin, uşaqların uşaq müəssisələrinə düşməsinin qarşısının alınması üçün reinteqrasiya mərkəzinin yaradılması da nəzərdə tutulub.
Məişət zorakılığından əziyyət çəkən şəxslərin reabilitasiyayönümlü sosial xidmətlərlə təminatı də ildən-ilə güclənir. Ötən il agentliyin Həssas əhali qruplarından olan şəxslər üçün sığınacaq və sosial reabilitasiya müəssisəsi tərkibində həmin şəxslərə yardım mərkəzi şöbəsi də fəaliyyətə başlayıb.
2022-ci ildə isə Bakıda məişət zorakılığından əziyyət çəkən şəxslər üçün böhran mərkəzinin də pilot olaraq yaradılması nəzərdə tutulub.