Bakı ilə Kiyevi birləşdirən Pekress faktoru: “Birlikdə müdafiə olunmalıyıq”

Siyasət

16.02.2022 - 10:10

Anatoli Pinçuk: “Ukrayna böhranı aparıcı dövlətlərin real geosiyasi maraqlarını və mövqelərini, aralarındakı ziddiyyətləri ifşa etdi”

Qleb Parfenov: “Bu problemdə biz Azərbaycanla həmrəyik”

Azərbaycanın Xankəndi bölgəsinə qanunsuz səfər edən, Fransanın sağ mərkəzçi Respublikaçılar Partiyasından prezidentliyə namizəd Valeri Pekres deyib ki, Prezident seçiləcəyi təqdirdə, Ukraynanın NATO-ya daxil olması məsələsi gündəmdə olmayacaq.

Fransada Prezident seçkiləri apreldə keçiriləcək. Fransanın hazırkı Prezidenti Emmanuel Makron ikinci müddətə namizəd olmaq niyyətini hələ rəsmən açıqlamayıb.

Pekress Parisdəki “Zenith Arena”da seçicilərlə ilk böyük seçkiqabağı görüşündə bildirib ki, “ukraynalılara açıq danışmaq və onların NATO-ya daxil olmalarının gündəmdə olmadığını söyləmək lazımdır”.

İddialara görə Pekress və Respublikaçılar Partiyası güclü Avropa İttifaqının (Aİ) tərəfdarıdır, Böyük Britaniyanın Aİ-dən çıxmasına görə ona qarşı sərt mövqe tutur. İqtisadi liberalizmə sadiqliyindən danışan siyasətçi 2021-ci ilin avqustunda demişdi ki, onun “üçdə ikisi Merkeldir, üçdə biri Tetçer”.

Amma eyni zamanda, biz bilirik ki, o, cəmi bir neçə ay əvvəl Azərbaycanın dövlət sərhədini açıq şəkildə pozan, rəsmi Bakıya xəbər vermədən onun ərazisinə daxil olan, Xankəndidə separatçı rejimin rəhbərləri ilə görüşlər keçirən və onları dəstəkləyən siyasətçidir.Yəni, ən azı Pekress dövlətlərin ərazi bütövlüyü prinsipinə hörmət etmir və separatizmi dəstəkləyir. Bunun fonunda onun Britaniyanın Aİ-dən qanuni şəkildə çıxmasından narazılığı qəribə görünür.

Və təbii ki, onun Ukraynanı, məhz bu ölkənin təcavüzkar qonşunun mümkün hücumu astanasında olduğu bir vaxtda, NATO-da görmək istəməməsi ilə bağlı təzə bəyanatı heç bir şəkildə avropapərəst görünmür. Yeri gəlmişkən, Pekressin bu sözləri uzun müddətdir ki, Avropa və NATO-da birliyi pozmaq üçün müxtəlif addımlar atan Moskvanın əlində yaxşı silaha çevrilib. Deməli, Fransanın liderinin Pekress kimi bir adam olması Qərbin gələcəyi üçün fəlakət ola bilər.

Mövzunu AYNA-ya tanınmış ukraynalı ekspertlər şərh ediblər.

Şərqi Avropa Təhlükəsizlik İnstitutunun İdarə Heyətinin sədri Anatoli Pinçuk:

“Valeri Pekress yeniyetmə ikən rus dilini öyrənib və yayı 15 yaşında Krımdakı “Artek” pioner düşərgəsində keçirib. O, Rusiyaya daha çox sadiqdir. Onun Rusiyadan asılılığı barədə təsdiqlənmiş məlumatlar olmasa da, Rusiyaya münasibəti ilə Ukraynanın NATO-ya daxil olması ilə bağlı mənfi mövqeyinə təəccüblənmək olmaz.

Bütövlükdə “Ukrayna böhranı” aparıcı dövlətlərin real geosiyasi maraqlarını və mövqelərini, aralarındakı ziddiyyətləri ifşa etdi və nümayiş etdirdi - ilk növbədə, "dəniz" və "kontinental" ölkələr arasında. Fransızlar və almanlar, təəssüf ki, "kontinentallıqlarını" açıq şəkildə təsdiqləyirlər”.

“Doktrina” Siyasi Araşdırmalar Mərkəzinin Təhlükəsizlik Departamentinin rəhbəri Qleb Parfyonov:

“Fransa demək olar ki, hər bir prezidentliyə namizədin Rusiya və ya Ermənistanla əlaqələri olduğu bir mərhələdən keçir. Bu oyun cəhdləri seçiciləri öz tərəfinə çəkmək üçün sadəcə fürsət kimi görünmür. Onlar öz fəaliyyətlərinə sponsorluq etmək imkanı əldə etməyə daha çox bənzəyirlər.

Rusiyanın Le Penin kampaniyasına sponsorluq etdiyi anı yaxşı xatırlayırıq. Ona görə də onların Ukraynanın NATO-dakı perspektivləri ilə bağlı belə mənfi fikirlər səsləndirmələri təəccüblü deyil. Çünki onlar bir tərəfdən sanki bizi dəstəkləyirlər, amma eyni zamanda öz arxasınca Ukraynanın “finlandiyalaşdırılması”na, Rusiyanı sakitləşdirməyə çalışırlar. Bu, getdikcə daha çox rus pulu ilə sıx bağlı olduğu bir növ fransız oyununa bənzəyir.

Burada, hətta Ermənistanla bağlı vəziyyətlə paralel aparmaq olar. Qanuna əsasən normallaşan məsələlərin nizamını nəhayət tanımağa çalışmaq əvəzinə, mümkün olan hər şeyi pozaraq Xankəndiyə gəlirlər. Bu, onu deməyə əsas verir ki, onlar regionun inkişafında, hətta sülhün olmasında belə, maraqlı deyillər.

Və bu problemdə biz Azərbaycanla həmrəyik. Və çox ümid edirəm ki, GUAM və ikitərəfli münasibətlər çərçivəsində belə hallar və bəyanatlarla bağlı qarşılıqlı fəaliyyət mexanizmi qurulacaq. Bakı və Kiyevin birlikdə müdafiə olunası bir çox məqamlar var”.

Müəllif: Rauf Orucov