Bahalaşma Milli Məclisdə gündəmə gətirildi: “Hər həftə ərzağın qiyməti artır”

Cəmiyyət

18.11.2022 - 14:27

Deputat: “Təyin etdiyimiz yaşayış minimumu və ehtiyac meyarı sadəcə qazla elektrik enerjisinin aylıq ödənişinə kifayət edir”

Bu gün Milli Məclisin növbəti plenar iclası keçirilib. İclasda 2023-cü ilin dövlət büdcəsi zərfinə daxil olan qanun layihələri və digər qanunlara dəyişikliklərlə bağlı layihələr birinci oxunuşda müzakirə edilib. Toplantıda deputatlarla yanaşı, nazirlər və hökumət nümayəndələri də iştirak ediblər.

Gələn ilin yaşayış minimumu qəbul edildi, ehtiyac meyarı 46 manat artırıldı

Əvvəlcə “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb. Qanun layihəsi birinci oxunuşda müzakirələrdən sonra qəbul olunub.

Qeyd edək ki, layihəyə əsasən, əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2023-cü ildə 246 manat təşkil edəcək. Əmək qabiliyyətli əhali üçün bu məbləğ 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün isə 220 manat təşkil edəcək.

İclasda “Azərbaycan Respublikasında 2023-cü il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsi də müzakirəyə çıxarılıb. Layihə birinci oxunuşda qəbul olunub. Layihəyə görə, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2023-cü il üçün ehtiyac meyarının həddi 246 manat məbləğində təsdiq ediləcək. Bu da cari illdəkindən 46 manat çoxdur.

Deputat: “50 manata etdiyin bazarlığı bir həftədən sonra 65 manata edirsən”

Müzakirə zamanı deputat Razi Nurullayev qeyd edib ki, yaşayış minimumunun, ehtiyac meyarının 15 manat, 20 manat, hətta 50-100 manat artımı günün bahalığı yanında kölgədə qalır. Millət vəkili qeyd edib ki, son beş ildə məhsul, material və xidmətlərdən asılı olaraq qiymətlər ən azı 3-5 dəfə artıb: “İndi baxın, bu müddətdə pensiyalar, müavinətlər və digər sosial paketlər nə qədər artıb? Bu artım gündən-günə daha da geniş vüsət alan bahalıq fonunda çox azdır. Bir gün supermarketə daxil olursan, bazarlıq edirsən, deyək ki, 50 manat ödəyirsən. Bir həftə sonra gedirsən, eyni məhsulları alırsan, 55-60 manat ödəyirsən. Ay ərzində qiymət artımı 15, bəzən 20 faiz təşkil edir”.

“Mal ətinin qiyməti 14-16 manat, qoyun əti isə 18 manatdır. Əgər daha keyfiyyətli ət almaq istəsən, daha baha almalı olursan. Bizdən asılı olmayan və bütün dünyadan qaynaqlanan bahalıq fonunda vətəndaşların sosial durumu ağırlaşıb. Təbii ki, hökumət də bu dediklərimi bilir, narahatdır və yüngülləşdirici addımlar atır. Lakin daha çox gözlə görünə bilən, real və dərhal rahatlıq yaradan addımlar da atılmalıdır”, - deputat əlavə edib.

Qışda qazın limitinin götürülməsi təklif olundu: “Vətəndaş 5-10 manatını qoruya bilsin”

Millət vəkili deyib ki, Avropa ölkələrində əsas ərzaq məhsulları Azərbaycandakından xeyli ucuzdur: “Həmçinin orada kasıblar üçün təşkil olunan yarmarkalarda məhsullar az qala bizdən 3-4 dəfə ucuzdur. Bəlkə bu, logistika, daşınma, gömrük, vergi və digər məsələlərlə bağlıdır? Biz niyə bu təcrübəni öyrənib tətbiq etməyək?”.

“Soyuq qış gəlir, insanların elektrik enerjisinə, təbii qaza daha çox ehtiyacı yaranacaq. Təyin etdiyimiz yaşayış minimumu və ehtiyac meyarı sadəcə qazla elektrik enerjisinin aylıq ödənişinə kifayət edir. Burada iki yanaşma ola bilər, ya qış ərzində təbii qaz və elektrik enerjisinin limiti götürülsün və fərqini büdcə ödəsin, ya da vətəndaşlara daha ucuz alternativ təklif edilsin. Vətəndaş 5-10 manatını qoruya bilsin ki, elə aldığını da təzədən geri ödəməsin”, - deputat vurğulayıb.

Pensiya təyinatında stajın hesablanma qaydası dəyişir

“Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişiklik müzakirə olunub. Layihəyə əsasən əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyinatı zamanı 2006-cı il yanvarın 1-dək olan sığorta stajının hesablanması xüsusiyyətləri dəyişir. Mövcud qanunvericilikdə pensiya yaşına çatan və 2006-2008-ci illər aralığında fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı olan şəxslərə (kapital məbləğindən asılı olmayaraq) pensiya təyin edilərkən 2006-cı ilin yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün 1 il azaldılmaqla hesablanır.

Layihəyə əsasən, sığorta stajının müddətinin 3 il artırılaraq 2026-cı ilə qədər uzadılması nəzərdə tutulur. Pensiya yaşına çatan və 2006-2008-ci illər aralığında fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı olan şəxslərə (kapital məbləğindən asılı olmayaraq) pensiya təyin edilərkən 2006-cı ilin yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün 1 il azaldılmaqla hesablanacaq. Yeni dəyişiklik amnistiya xarakteri daşıyır və pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsinə xidmət edəcək.

“Birinci qurup əlillərə güzəşt edilsin”

Deputat Sahib Alıyev müzakirə zamanı birinci qrup əlillərə güzəşt tətbiq olunmasını təklif edib: “Bizim vətəndaşlarımız arasında ən həssas qrup olan birinci qrup əlillərin pensiya almasında problem var. Qanunvericiliyə əsasən, onlardan 5 il əmək stajı tələb olunur. Təbii ki, anadangəlmə əlil olan bir insan və yaxudda , çox erkən (15-20 yaş) yaşda əlil olan insanın 5 il sığorta stajının olması mümkünsüzdür. Təklif edirəm, hərbi qulluqçularda olduğu kimi onlara güzəşt tətbiq olunsun. Eyni zamanda Vətən müharibəsi dövründə Ermənistanın törətdiyi hərbi cinayətlər nəticəsində mülki vətəndaşlar arasında da əlil olanlar var idi. Onlara yanaşma da da belə bir güzəştin olmasını təklif edirəm. Fikrimcə, onların sayı elə də çox olmadığından bu büdcə üçün də yük olmayacaq”. Müzakirədən sonra qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

“İsraillə əlaqələrimiz heç vaxt üçüncü dövlətə qarşı yönəlməyib”

“İsrailin hər zaman beynəlxalq təşkilatlarda bizə dəstəyini görmüşük. Xüsusilə indi dost ölkə ilə, o ölkə ki, 44 günlük Vətən müharibəsində Azərbaycana yardım göstərib, Azərbaycanın haqq səsinə səs verib, bu ölkə ilə əlaqələri genişləndirməliyik”. Bu sözləri "Azərbaycan Respublikasının İsrail Dövlətində (Tel-Əviv şəhərində) Səfirliyinin təsis edilməsi haqqında" qanun layihəsi ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib: “Azərbaycanın İsrailin Tel-Əviv şəhərində səfirliyinin açılması ilə bağlı sənədi Prezident İlham Əliyev təqdim edib. Bununla Azərbaycan-İsrail münasibətləri daha yüksək, yeni müstəviyə keçir. Xalqlarımız arasında əlaqələr daha da inkişaf edəcək”.

Deputat Musa Qasımlı isə bildirib ki, Azərbaycanın İsraildə səfirliyinin açılması tarixi hadisədir: “İsraillə əlaqələrimiz heç vaxt üçüncü dövlətə qarşı yönəlməyib. Səfirliyin açılması ilə Azərbaycanın nüfuzu daha da yüksələcək”.

“İsrail və Azərbaycan bundan sonra daha güclü birlik nümayiş etdirəcək. Digər ölkələrdə səfirliyimizin açılması əlaqələri daha da inkişaf etdirəcək”, - deyə deputat vurğulayıb.

Müəllif: Anar Bayramoğlu