Azərbaycanlıların koronavirus təəssüratları və ya şərin arxasındakı xeyrə baxın

Cəmiyyət

21.03.2020 - 10:51

“Bu fövqəladə vəziyyət bizə birliyimizi qaytardı, qucaqlaşdıq, həmrəy olduq”

 

Artıq 4-cü aydır, hər kəs koronaviris (Covid-19) narahatlığı yaşayır. Dünya üzrə ölənlərin sayı 11 mini keçib, yoluxma halı isə 280 minə yaxındır. Covid-19 böhranı insanlara ölüm, xəstəlik gətirdiyi kimi başqa məsələləri də xatırlatdı. Virusla bağlı ölkələrarası hava, su, quru sərhədləri, yollarının bir hissəsi bağlandı. İnsanlar səyahət, iş üçün getdyi ölkələrdən geri dönə bilmədilər.

 

Bu arada, söydaşlarımızın həmrəyliyi də diqqətdən qaçmadı. Sosial şəbəkə üzərindən bir çox qruplarda doğmalaşma, yardımlaşma şüarları, çağırışları oldu. Hansısa ölkədə ilişib qalan vətəndaşımıza həmin ölkədə qalan soydaşlar evinin qapısını açdı. Əlbəttə ki, bu insanlıq nümunələri uzun müddətdir unudulmuş ənənələr idi, koronavirus yenidən gündəmə gətirdi.

 

Beləliklə, koronavirusdan “qazancımız” nə oldu? Virus təhlükəsi bizə nələri xatırlatdı? AYNA bu barədə sosial şəbəkə istifadəçiləri arasında sorğu keçirib. Nəticələri təqdim edirik:

 

Əli Hacıyev: “Əl yumağı”.

 

Yaşar Şanel: “Koronavirus bizə xatırlatdı ki, bu planetdə hər şey müvəqqətidir! Mehriban, ədalətli və mərhəmətli olun”.

 

Nailə İsmayılova: “Əslində, çox şeyi anlatdı. Amma ən əsası Allah qarşısında təkbaşına hesab verəcəyimizi bir daha bizə xatırlatdı”.

 

Elməddin Vəliyev: “Qazancımız təmizlik oldu. Və həqiqətən də acizliyimiz, yəni insan acizliyi bir daha balaca bir virus tərəfindən bizə xatırladıldı”.

 

Səbinə Yusif: “Bircə onu deyə bilərəm ki, koronavirus nə xatırlatdısa, biz kasıblara xatırlatdı. Harın, millətin haqqını yeyə-yeyə şişənlərə heç nə xatırlatmadı. Koronavirus müqəddəs “Quran”da yazılan Qiyamət gününü xatırlatdı bizə. Bu xəstəliyə tutulan şəxsi ailəsi ziyarət edə bilməz. Müqəddəs “Quran”da yazılır: “Qiyamət günü ana balasına yaxın gedə bilməyəcək””.

 

Ələsgər Məhərrəmov: “İnsanların əl-üzünün təmiz olmasından çox, vicdan virusunu özlərindən təmizləmələrinə ehtiyac var. Qiyaməti fikirləşmək lazımdır”.

 

Famil Cəfərli: “Adamlar tez-tez əlini yumağa, evdə yemək bişirməyə, uşaqları ilə söhbət etməyə başlayıb. Bu gedişlə kitab-zad da oxuyacaqlar”.

 

Elgün Namazlı: “Bu fövqəladə vəziyyət, əslində bizə birliyimizi qaytardı. Avropanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimiz tanımadıqları, yardıma ehtiyacı olan soydaşlarına qucaq açdılar. Həqiqətən çox sevindim bu postları oxuduqca. Əsl Dünya Azərbaycanlılarının Birlik günü kimi qeyd olunası gündür. Allah hər zaman, vəziyyətindən asılı olmayaraq, bizlərə belə birlik içində yaşatmağı nəsib eləsin”.

 

Alov Səfərəliyev: “Koronavirus birləşdirir. Bu gün hamımızı yığıb bir yerə. Yaxşı ki, kənddə deyilik. Rəhmətlik atam indi hərəni bir kotana qoşmuşdu”.

Müəllif: Raminə Eyvazqızı