“Azərbaycanlılar Paşinyana sağlıq və uğur arzulamalıdırlar” – <font color=red> KUZNETSOV</font>

Siyasət

10.01.2021 - 10:23

Rusiyalı ekspert: “Sabah Moskvada 3 məsələ müzakirə oluna bilər: “Qarabağ Müdafiə Ordusu”nun ləğvi, yeni Laçın və Zəngəzur dəhlizləri və Azərbaycana qarşı silahlı mübarizənin adi iştirakçıları olan ermənilərin əfvi”

 

Ermənistan xarici işlər nazirinin Xankəndiyə səfəri Bakının sərt reaksiyasına səbəb oldu. Bu məsələyə təkcə Azərbaycan Xarici İşlər Nazirliyi münasibət bildirmədi, eyni zamanda 2020-ci ilin nəticələrindən sonra keçirilən iclasda çıxış edən ölkə Prezidenti də erməni tərəfinə sərt xəbərdarlıq etdi. Ancaq bu gün mövcud olan tək problem bu deyil, sülhməramlı qüvvələrin özlərinin fəaliyyəti ilə bağlı bir çox suallar var.

 

AYNA-nın mövzuya dair suallarını rusiyalı politoloq Oleq Kuznetsov cavablandırıb.

Oleq Kuznetsov : Azərbaycanda seçki prosesi yüksək ictimai fəallıq  şəraitində həyata keçirilir - AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya  Agentliyi

- Ermənistan xarici işlər naziri Qarabağa gəldi. Azərbaycan Prezidenti buna cavab olaraq bildirdi ki, bu məsələ də sülhməramlı qüvvələrin səlahiyyətinə aiddir. Əcnəbilərin Qarabağa səfərlərinə nə dərəcədə nəzarət etmək mümkün olacaq?

 

- Rus hərbçilərinin Qarabağdakı sülhməramlı missiyasının formatını və ümumiyyətlə, bu işi həyata keçirmək üçün Azərbaycan hakimiyyətindən rəsmi bir səlahiyyətlərinin olub-olmadığını və məzmunun nədən ibarət olduğunu dəqiq bilmədiyim üçün bu suala cavab vermək mənim üçün olduqca çətindir. Ancaq yalnız rəsmi məntiq nöqteyi-nəzərindən baxırsınızsa, aşağıdakı mənzərəni görə bilərisniz: bu anda ölkənizin ərazisində - Qarabağda Rusiya sülhməramlıları yalnız xarici vətəndaşlarla məşğul olur, çünki Qarabağın bütün erməni əhalisi Ermənistanın və ya bir sıra digər postsovet ölkələrinin pasportlarına malikdirlər. Onların arasında heç bir Azərbaycan vətəndaşı yoxdur. Buradan belə nəticə çıxarmaq olar: Rusiya sülhməramlıları istənilən Ermənistan vətəndaşını Qarabağa buraxırsa, niyə bu ölkənin Xarici İşlər Nazirliyinin rəhbərini bölgəyə buraxmamalıdır? Anladığım qədəri ilə, Qarabağdakı rus sülhməramlılarının kontingentinin son zamanlarda fəaliyyəti İrəvana nisbətən, daha çox Bakı və Moskvaya yönəlikdir. Odur ki, Prezident Əliyevin bu mövzuda dediyi fikirlər onlar üçün əhəmiyyətli ola bilər. Bu kimi hallarla bağl Rusiyada belə deyirlər: “Onsuz da az qalıb, zaman öz sözünü deyəcək”.

 

- Hazırda Rusiya yerli əhalinin yaşayışını təmin etmək üçün bölgədə geniş quruculuq işləri aparır. Lakin bu, uzun sürə bilməz, çünki Rusiya bunu etmək məcburiyyətində deyil. Sizcə, Azərbaycan bu bölgədəki fəaliyyətinə hansı mərhələdən başlayacaq?

 

- Əslində, mülki idarəetmə başçısını təyin edərək Ədliyyə Nazirliyinin strukturunu yaratmaqla, Azərbaycan artıq orada olduğunu bildirdi, buna görə proses artıq başlayıb. Ölkənizin bu bölgədəki nümayəndələrinin daha fəal iştirakı, gördüyüm kimi, işğalçı “Qarabağ Müdafiə Ordusu”nun qalıqlarının tərksilah edilməsi və ləğvindən sonra mümkün olacaq. Bu prosesin başlanğıc nöqtəsi - Rusiya, Azərbaycan və Ermənistan rəhbərlərinin 11 yanvar tarixində imzalanması planlaşdırılan sənəd ola bilər.

 

Əslində, Azərbaycan tərəfdən Qarabağa ilk olaraq Ermənistan əhalisinin dinc həyata keçməsi və ölkənizin vətəndaşlığına keçməsinə xidmət edəcək bir amnistiya elan edilməsi üçün əməliyyat baza hazırlayacaq xüsusi xidmət və hüquq-mühafizə orqanlarının işçilərinin gəlişi olacaq. Şəxsən mənim üçün Azərbaycanın qətiliklə qeyri-erməni vətəndaşlarını yedirtməyəcəyi tamamilə aydın və başa düşüləndir. Bu vəzifə əlavə bir yük kimi Rusiyanın çiyinlərinə düşəcək və bu, Rusiya ordusunun Qarabağdakı sülhməramlı missiyasının sonuna qədər, yəni yaxın beş il ərzində davam edəcək.

 

- “İnterfaks” mənbələrinin verdiyi məlumata görə, sazişin detallarını müzakirə etmək üçün sabah Əliyev, Putin və Paşinyan arasında görüş keçiriləcək. Hansı detallardan gedə bilər söhbət?

 

- Bu barədə Azərbaycan mətbuatı üçün danışmışam. Buna görə də tezisləri təkrarlayacağam: birincisi, Ermənistanın “Qarabağ Müdafiə Ordusu”nun qalıqlarının tərksilah edilməsi və dağıdılması, ikincisi yeni Laçın və Zəngəzur dəhlizlərinin formalarının birləşdirilməsi, üçüncüsü, Qarabağın erməni əhalisi arasından Azərbaycana qarşı silahlı mübarizənin adi iştirakçıları üçün əfv. Fikrimcə, bunlar yaxın iki ayda, həqiqətən həll olunmalı və həll edilə bilən ən vacib üç məqamdır. Bildiyiniz kimi, siyasət mümkün olanın reallaşması sənətidir, ona görə də bu müddət ərzində kimin nə istədiyini deyil, nəyin edilə biləcəyini birləşdirmək lazımdır.

 

- Bu gün Ermənistanda mitinqlərin dayandığını deyə bilərik. Belə bir vəziyyətdə Paşinyanın gücü nə qədər sabitdir?

 

- Mən dəfələrlə demişəm ki, Paşinyan müasir Ermənistanda ən sabit siyasi fiqurdur. Öz səlahiyyətlərini təsdiqləmək və ya yenidən seçilmək üçün erkən parlament seçkiləri keçirməsi barədə danışırsa, deməli, Paşinyan batırılmayacağına əmindir. Bu açıqlama ilə təşəbbüsü müxalifətdən ustalıqla ələ keçirdi və müxalifət zəifliyini və xalq arasında tam populyar olmadığını başa düşərək, quyruğunu qısdı. Çünki 2018 modeli seçkilərin keçirilməsinin müxalifət üçün tamamilə uğursuzluq və çöküş olduğunu yaxşı bilirsiniz.

 

Paşinyan indi Ermənistandakı vəziyyətə tam nəzarət edir. Bundan əlavə, o, gələn həftə Ermənistanın Qarabağdakı mövqelərinin növbəti təsliminə dair ölkənizlə yeni bir müqavilə imzalaya biləcək yeganə siyasətçidir. Buna görə bütün azərbaycanlılar onun yaxşılığını, sağlığını və bu məsələdə uğurlar arzulamalıdırlar.

Müəllif: Nicat Hacıyev