Erkin Qədirli: “Ukraynanın ərazi bütövlüyünün Rusiya tərəfindən pozulduğu şübhə doğurmur”
Milli Məclisin deputatı, REAL Partiyasının Siyasi Komitəsinin üzvü Erkin Qədirli Rusiyanın Ukraynaya hərbi hücumu ilə bağlı Ukraynanın Azərbaycandakı səfirinə dəstək məktubu göndərib.
AYNA-nın məlumatına görə, məktubda deyilir: "Rusiyanın Ukraynaya təcavüzünü dərin narahatlıqla izləyirəm. Ukraynanın ərazi bütövlüyünün Rusiya tərəfindən pozulduğu şübhə doğurmur. Uzun müddət təcavüzdən və işğaldan əziyyət çəkmiş Azərbaycanın Ukraynanı çox yaxşı anladığını və onu dəstəklədiyini bilməyinizi istəyirəm”.
E.Qədirli vurğulayıb ki, Avropa Şurası Parlamennt Assambleyasının bir üzvü kimi Ukraynanın haqlı mövqeyini müdafiə edir: "Azərbaycan hər zaman beynəlxalq hüquqa üstünlük verib, ərazi bötüvlüyü pozulmuş dövlətin yanında olub”.
Qeyd edək ki, fevralın 24-nə keçən gecə Rusiya Prezidenti Vladimir Putin Ukrayna üzərinə xüsusi əməliyyat əmri verib. Səbəb kimi isə qondarma Donetsk və Luqansk "respublikaları” rəhbərlərinin ona müraciətini göstərib. Putin bildirib ki, məqsəd dinc sakinləri qorumaq, Ukraynanın təhdidlərinə cavab verməkdir.
Ukrayna, Qərb liderləri hücumu pisləyib, Putinin buna görə cavab verəcəyini bildiriblər. Artıq müharibənin 4-cü günüdür və Qərb Rusiyaya mkisli görünməmiş sanksiyalar tətbiq etməkdədir.