Türkiyə seçkilərinin Azərbaycan üçün mesajları – Maraq, coşqu və ibrət

Siyasət

17.05.2023 - 18:11

Qardaş ölkədə yaşanan qızğın siyasi proseslər bizə yönəlik hansı siqnalları verdi?

Türkiyədə keçirilən prezident və parlament seçkiləri Azərbaycan ictimaiyyətində maraqla izlənilir. İnsanlarımız xüsusilə, sosial şəbəkələrdə qardaş ölkədəki proseslərlə bağlı fikirlərini bildirirlər. Hətta iqtidar və müxalifət namizədlərinin tərəfdarları var ki, onlar mübahisələr də edirlər.

Məlumdur ki, Türkiyədə seçkilər demokratik formada keçirildi. Müəyyən səsvermə pozuntuları qeydə alınıb ki, bunlar ümumilikdə seçkilərin nəticələrinə ciddi təsir etməyib. Onu da bildirək ki, bu seçkilərdə seçici aktivliyi rekord səviyyədə olub. Səsəvermə hüququ olan insanların 88 faizi prosesdə iştirak edib.

Qeyd edək ki, Türkiyə Prezidenti postu uğrunda əsas rəqabət hazırkı Prezident, “Cümhur İttifaqı”nın namizədi Rəcəb Tayyib Ərdoğanla müxalifəti təmsil edən, “Millət İttifaqı”nın namizədi Kamal Kılıçdaroğlu arasında gedir. Seçkilərin birinci turunda Ərdoğan 49.5 faiz, Kılıçdaroğlu isə 45 faiz səs toplayıb. Heç bir namizəd 50+1 faiz səs toplamadığı üçün ikinci tur seçkilər keçiriləcək. Seçkilərin ikinci raundu mayın 28-də baş tutmalıdır.

Bəzi analitiklər bildirirlər ki, Türkiyədəki belə coşqulu seçki prosesinin Azərbaycan insanlarının da seçki institutuna marağını artırır. Ekspertlər hesab edirlər ki, Azərbaycan vətəndaşları da, siyasi partiyalar da, hakimiyyət də qardaş ölkədəki seçkilərdən örnək götürməlidirlər. Bu, ölkənin demokratikləşməsi üçün vacib amillərdən sayılır.

REAL Partiyası Siyasi Komitəsinin üzvü Natiq Cəfərli AYNA-ya deyib ki, Türkiyə yenidən ortaya bir seçki nümunəsi qoydu: “Təbii ki, Türkiyədə seçki institutu oturuşub. Azərbaycanda isə bu institut oturuşmayıb və ümumiyyətlə, seçkilərə maraq hər il azalmaqdadır. İnsanların seçkilərə marağının artması üçün siyasi partiyalar da, vətəndaş cəmiyyəti də, ən əsası, hakimiyyət strukturları da maraqlı olmalıdır. Çünki hər bir ölkənin güclü olmasını onun seçki institutu təyin edir, xalqın seçib-seçilmək azadlığı müəyyənləşdirir”.

“Millətimiz, cəmiyyətimiz seçki institutunun nə qədər vacib, önəmli olduğunu, qardaş ölkə vətəndaşlarının, seçicilərin nə böyük həvəslə, sevgi və maraqla seçkidə iştirak etdiyini gördülər. Əminəm ki, bu mənzərənin Azərbaycanda seçki institutuna inamın və önəminin artmasında ciddi rol oynayacaq. Biz bilməliyik ki, taleyimiz öz əlimizdədir. Ölkədə sivil dəyişikliklərin yolu seçkidən keçir. Kim bunun əksini iddia edirsə, deməli, bu sistemin qalmasında pay, maraq sahibidir", - deyə həmsöhbətimiz bildirib.

Siyasətçinin sözlərinə görə, bu gün Azərbaycanın siyasi səhnəsi bərbad gündədir: “İllərdir primitiv mövzuların müzakirəsi gedir. Strateji olaraq düşünən müxalifət nəyi bacardığını xalqa anladan, xalqı inandıra bilən müxalifət olmasaq, bu sistem primitiv gündəmlər yaratmaqla hələ uzun zaman ayaqda qalacaq”.

REAL səlahiyyətlisi onu da qeyd edib ki, proporsional seçki sisteminə qayıdışın vaxtı çoxdan keçib: “Cəmiyyətdə siyasi aktivliyi, seçkilərə marağı artıran məsələlərdən biri də seçki sistemidir. Proporsional sistem partiyaların təmərküzləşməsinə və ideoloji olmasına səbəb olur. Proporsional seçki parlament daxilində sağlam fraksiyalaşmanı təmin edəcək və hələ institutlaşmamış siyasi məkanımızda demokratiyanın yan təsirlərindən məmləkəti sığortalayacaq”.

“Çox işləmək, çox çalışmaq lazımdır. İnsanlarımız da siyasi proseslərdə aktiv olmalıdırlar. Nə qədər qonşudakı proseslərə azarkeşlik ediləcək? Ölkəmizin sağlam inkişafı, indiki xaotik dünyada ölkəmizin çağırışlara, təhlükələrə cavab verməsi üçün seçki sistemi təkmilləşdirilməli, demokratik seçki keçirilməlidir. Bu, necə deyərlər, olmazsa-olmazdır”, - deyə N.Cəfərli vurğulayıb.

Hakim Yeni Azərbaycan Partiyasından (YAP) olan deputat Cavid Osmanov isə bir qədər fərqli düşünür. O, AYNA-ya açıqlamasında əvvəlcə Türkiyə xalqını təbrik edib: “Qardaş ölkə növbəti dəfə dünyaya demokratiya dərsi keçmiş oldu. Türkiyə insanını, seçkilərdə rəhbərlik etdiyi partiya qalib gəldiyi üçün hörmətli Prezident Rəcəb Tayyib Ərdoğanı təbrik edirəm. Seçkilərin ikinci turunda yenidən Ərdoğanın qalib gələcəyinə inanıram”.

“Qaldı ki, qardaş ölkədəki seçkilərin Azərbaycanda maraqla izlənməsinə, bu, təbiidir. Çünki Türkiyə Azərbaycanın dostu, qardaşı, strateji müttəfiqidir. Türkiyədəki proseslər Azərbaycana təsirsiz ötüşmür. Ona görə də Azərbaycan insanı Türkiyədəki prosesləri izləməkdə maraqlıdır”, - deyə müsahibimiz söyləyib.

Əlavə edib ki, Azərbaycan insanı ölkəmizdə keçirilən seçkilərə də hər zaman maraqla yanaşıb, aktivlik nümayiş etdirib: “Bizim özümüzün “seçkilərə marağımız yoxdur” fikri ilə qətiyyən razı deyiləm. Əvvəl keçirilən seçkilər, vətəndaşlarımızın səsvermədə aktiv iştirakı müşahidə olunub”.

Deputatın dediyinə görə, Azərbaycanda seçicilərin prosesdə aktiv iştirakının təmin olunması, seçki maarifçiliyinin aparılması istiqamətində mütəmadi addımlar atılır: “Gənc seçicilərin prosesə cəlb olunması və ən əsası hər zamankı kimi azad və demokratik seçkinin keçirilməsi üçün aidiyyəti qurumların gördüyü işləri yüksək dəyərləndirmək lazımdır. Hakim partiya seçkilərə hər zaman ciddi hazırlıq prosesini həyata keçirir. Partiyanın bununla bağlı xüsusi planları var. Bu planlar isə təkcə seçki vaxtı üçün nəzərdə tutulmur. Məqsədimiz odur ki, hakim partiya olaraq Azərbaycanda demokratik seçkilərin keçirilməsini təmin edək, hər bir vətəndaşımız öz suveren hüququndan səmərəli istifadə etsin. Hesab edirəm ki, Azərbaycanda seçkilər şəffaf, demokratik şəraitdə keçir. Belə seçkinin keçirilməsi üçün hakimiyyət tərəfindən münbit şərait yaradılır”.

“İstənilən dövlətin inkişafında demokratik və şəffaf seçkilər böyük rol oynayır. Çünki vətəndaşlar seçkilərə qatılmaqla cəmiyyətin ictimai-siyasi həyatında iştirak etmək hüququ qazanırlar. Dövlətin idarə olunmasında iştirak hüquqları da məhz seçkilər vasitəsilə əldə edilir. Şəffaflıq, ədalətlilik və obyektivlik demokratik seçkilərin əsas şərtləri hesab edilir. Ölkəmizdə keçirilən seçkilərdə bunun şahidi olmuşuq. Mükəmməl hüquqi bazamız, beynəlxalq standartlara cavab verən demokratik Seçki Məcəlləmiz var. Bu vaxta qədər keçirilən bütün seçkilərdə hər hansı bir insidentin, seçkinin nəticəsinə təsir göstərən qanunsuzluğun baş verməməsi də Azərbaycanda seçkilərin demokratik keçirilməsindən xəbər verir. Bunu seçkiləri müşahidə etmiş beynəlxalq ekspertlər də təsdiqləyirlər. Bu baxımdan, hesab edirəm ki, “Azərbaycanda seçki yoxdur” kimi qərəzli yanaşmalar həqiqətdən çox uzaqdır”, - deyə Osmanov fikrini tamamlayıb.

Müəllif: Anar Bayramoğlu