Azərbaycanda 2 BOKT-un lisenziyası ləğv edilib

Xəbərlər

02.06.2023 - 11:38

“Bu təşkilatlar tərəfindən son bir neçə il ərzində kreditləşmə fəaliyyəti ümumiyyətlə həyata keçirilməmişdir”

“Gold Finance” Bank Olmayan Kredit Təşkilatı (BOKT) MMC-nin lisenziyası və “Viza Kredit” BOKT MMC-nin lisenziyası Mərkəzi Bankın İdarə Heyətinin 31 may 2023-cü il tarixli Qərarı ilə ləğv edilib. AYNA xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankından bildirilib.

Məlumatda qeyd edilib ki, adı çəkilən təşkilatlar tərəfindən müştərilərə verilmiş kreditlər tam həcmdə “ümidsiz aktiv” təsnifat kateqoriyasında olmuş və kapital tələbləri pozulmuşdur.

Bundan əlavə, sözügedən təşkilatlar tərəfindən son bir neçə il ərzində kreditləşmə fəaliyyəti ümumiyyətlə həyata keçirilməmişdir. Bununla əlaqədar, kapitalın bərpası və aktivlərin keyfiyyətinin yaxşılaşdırılması üçün Mərkəzi Bank tərəfindən onlara möhlət və aidiyyəti göstərişlər verilsə də, həmin təşkilatlar tərəfindən zəruri tədbirlər həyata keçirilməyib.

Xatırladaq ki, “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanununun 25.4-cü maddəsinə əsasən, bank olmayan kredit təşkilatı lisenziyasının ləğv edilməsi haqqında qərarın qüvvəyə mindiyi gündən fəaliyyətini dayandırır və Azərbaycan Respublikasının Mülki Məcəlləsində müəyyən olunmuş qaydada ləğv edilir.

Müəllif: Ayna.az