Azərbaycan və Türkiyə prezidentləri “TEKNOFEST Azərbaycan” festivalına qatılıblar
Mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda ilk dəfə keçirilən "TEKNOFEST Azərbaycan" Aerokosmik və Texnologiya Festivalında iştirak ediblər.
AYNA xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, birinci xanımlar Mehriban Əliyeva və Əminə Ərdoğan “TEKNOFEST” Festivalının keçirildiyi məkana gəliblər.
“Bu gün Azərbaycanda bayram günüdür. Müstəqillik günüdür. Ən əziz bayramdır. Əziz qardaşımın (Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdogan - red.) bizimlə bərabər olması ikiqat bayramdır. Bütün qonaqları səmimiyyətlə salamlayıram”.
Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev “TEKNOFEST Azərbaycan” Festivalında çıxışı zamanı deyib.
Dövlət başçısı söyləyib ki, 30 ildir Azərbaycan xalqı azad yaşayır: "104 il əvvəl müsəlman aləmində ilk Xalq Cumhurriyəti quruldu və iki ildən sonra süqut etdi. Azərbaycan öz müstəqiliyyini itirmişdi. Yalnız 90-cı illərin əvvəlində Azərbaycanın dövlət müstəqilliyi bərpa edildi. 30 ildir Azərbaycan xalqı azad yaşayır, müstəqillik şəraitində yaşayır, öz həyatını özü qurur və müstəqillik yolu ilə inamla gedir. Bu otuz il ərzində bizim yanımızda daim türk qardaşlarımız olub".
"Azərbaycan ötən 30 il ərzində Türkiyənin dəstəyini, qardaşlıq dəstəyini hər zaman hiss edib. Bu gün də hiss edirik. Bu gün Türkiyə və Azərbaycan yenə də bir yerdədir. Biz iki həftə əvvəl Türkiyənin gözəl yerlərindən olan Rizədə əziz qardaşımla bərabər idik. İki həftədən sonra Bakıda yenə də bərabərik. Biz yaxşı günlərdə də, çətin günlərdə də, hər zaman bir-birimizin yanındayıq. Elə etməliyik və elə edəcəyik ki, qabaqda ancaq yaxşı günlər olsun", - deyə Prezident bildirib.
İlham Əliyev Türkiyə-Azərbaycan qardaşlığının, birliyinin xalqlarımız üçün əsas yol istiqaməti olduğunu və bunun həmçinin də bölgə, dünya üçün də çox önəmli, təhlükəsizlik, güvən, sabitlik faktoru olduğunu söyləyib: "Nə qədər Türkiyə-Azərbaycan bir yerdə inamla addımlasa, o qədər bölgəmizdə sülh və barış möhkəm olacaq. Bunu biz və bütün dünya İkinci Qarabağ müharibəsi zamanı gördü. Türkiyə bizim yanımızda idi. Əziz qardaşım Ərdoğanın “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” müharibənin ilk saatlarında deməsi bizə əlavə güc verdi. Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq. Bizim tariximiz parlaqdır və tariximizin ən önəmli anlarında biz bir yerdə idik. Xatırlayıram, Bakının erməni işğalından azad edilməsinə həsr edilmiş hərbi paradda Türkiyə və Azərbaycan əsgərləri çiyin-çiyinə Azadlıq meydanına çıxmışdılar. Bunun təkrarını biz 2021-ci ildə Zəfər paradında gördük. Tarixi zəfərimizdən sonra yenə də əziz qardaşımla birlikdə Azadlıq meydanında biz Türkiyə və Azərbaycan hərbçilərinin iştirakı ilə paradı qəbul etdik".
Dövlət başçısı qeyd edib ki, bu gün "Teknofest" festivalı bizim birliyimizin növbəti nümayişidir, onun təzahürüdür: "Teknofest" elm, inkişaf, bilik, texnologiya bayramıdır. Festivalda iştirak edən gənclər əminəm ki, bu tarixi hər zaman yadda saxlayacaqlar. Bir neçə gün bərabər olan Türkiyə və Azərbaycan gəncləri artıq bir ailə kimi bir-birinə yaxın oldu, bir-birini tanıdı və əminəm ki, gələcəkdə də daim bir yerdə olacaqlar. Festivala Əziz Səncər də təşrif buyurdu. Əziz Səncərlə əvvəlki görüşümü xatırlayıram, mənə dedi ki, onun hər zaman böyük arzusu var idi: Şuşaya getmək. Mənimlə görüşdən sonra Şuşaya getmişdi. Bildirmişdi ki, artıq həyatda nəyə nail olmaq istəmişəmsə, olmuşam, Şuşanı da gördüm və bizi də çox xoşbəxt etdi. Gənclər üçün Əziz Səncər kimi insanlar örnəkdir, nümunədir. Həm alim, həm vətəndaş, həm türkçü, həm də vətənpərvər insan. Siz gənclər Əziz bəyə oxşamağa çalışmalısınız".
“Əziz qardaşım, dəyərli qonaqlar, sizi salamlayıram. Can Azərbaycanın müstəqillik günündə sizinlə birlikdə olmaqdan məmnunam”. Bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana işgüzar səfəri çərçivəsində “TEKNOFEST Azərbaycan” Festivalında çıxışı zamanı deyib: “Müstəqillik gününüzü ürəkdən təbrik edirəm. Qəhrəmanlarımızı rəhmət və hörmətlə anıram. Allah onların ruhlarını şad, məkanlarını cənnət eləsin. Şəhidimiz Xudayarın (Vətən müharibəsi şəhidi Xudayar Yusifzadə nəzərdə tutulur - AYNA) türkü söylədiyi diyarlara, Füzuliyə, Laçına, Azərbaycanın hər bölgəsinə salam və sevgimi göndərirəm".
"Əzəli qardaşlığımızı Allah daimi eləsin. Diplomatik münasibətlərin 30-cu ildönümünü qeyd edirik. Birlik və bərabərliyimizi daha da gücləndiririk. Diplomatik münasibətlərimiz 30 il əvvəl başlasa da, ortaq taleyimizin tarixi qədimdir. Biz kədəri də, sevinci də bir olan, sözdə yox, əməldə qardaş olan iki dövlətik. Türkiyə kimi bura da bizim vətənimizdir. Doğulduğumuz yerlər kimi bura da bizim yurdumuzdur Türkiyənin hər qarışı da sizin vətəniniz, yurdunuzdur. Türk millətinin qəlbindəki Azərbaycan sevgisini kim çıxara bilər?! İki qardaşı kim ayıra bilər?! Keçən il Şuşa Bəyannaməsi ilə münasibətlərimizi strateji ortaqlıq səviyyəsinə qaldırdıq. İlham qardaşımın töhfəsi ilə əlaqələrimizi nəinki regiona, bütün dünyaya nümunə olan səviyyəyə çatdırmışıq. Səfərimin Azərbaycanın qədim şəhəri “Şuşa ili”nə təsadüf etməsi xüsusi əhəmiyyətlidir. Bu gün bura geniş heyətlə gəlmişəm. Sizə “Qarabağ” deyəndə ürəyində fırtınalar olan 85 milyon vətəndaşımızın salamını gətirmişəm".
"Biz haqsızlıq qarşısında susanlar olmadıq, olmayacağıq. Biz kimsənin torpağına, suverenliyində göz dikməmişik, amma kimsəyə verəcək torpağımız da yoxdur. Çünki biz harda ədalətsizlik varsa, səsini çıxaran cəsarətli millətin nümayəndəsiyik. Əziz qardaşım, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti sayəsində Qarabağ otuz ildən sonra azad oldu. 44 günlük Vətən müharibəsi ağır, texnologiya və cəsarət birləşdiyi halda nələrə qadir ola biləcəyimizi bütün dünyaya göstərdi", - deyə Ərdoğan söyləyib.