Azərbaycan və Rusiya XİN başçıları Ermənistanla normallaşma prosesini müzakirə ediblər

Siyasət

12.05.2022 - 16:42

Düşənbədə Ceyhun Bayramovla Sergey Lavrov arasında görüş keçirilib

12 may 2022-ci il tarixində Düşənbə şəhərində, MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirakı çərçivəsində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramovun Rusiya Federasiyasının xarici işlər naziri Serqey Lavrov ilə görüşü baş tutub.

Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti İdarəsindən AYNA-ya verilən xəbərə görə, nazirlər iki ölkə arasında münasibətlərin müxtəlif istiqamətlər üzrə inkişafı məsələlərini müzakirə ediblər.

Bölgədəki cari vəziyyət ətrafında fikir mübadiləsi aparan tərəflər, sülh və təhlükəsizliyin təmin olunması üçün imzalanmış üçtərəfli bəyanatların tam icrasının vacibliyini bir daha vurğulayıblar. Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində addımların atılmasının əhəmiyyəti qeyd edilib.

Tərəflər həmçinin regional və beynəlxalq təhlükəsizlik gündəliyinə daxil olan məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Müəllif: Ayna.az