Azərbaycan və Ermənistanda saxlanılan hərbçilər qarşılıqlı şəkildə azad ediliblər

Aktual

13.12.2023 - 16:25

Prosesdə hər iki tərəfdən müvafiq dövlət qurumları iştirak ediblər

Bu gün Qazax-İcevan sərhədində (Bala Cəfərli kəndində) Azərbaycanla Ermənistan arasında əldə edilmiş razılaşmaya əsasən, saxlanılmış hərbçilərin mübadiləsi baş tutub. AYNA xəbər verir ki, prosesdə hər iki tərəfdən müvafiq dövlət qurumları iştirak ediblər.

Qeyd edək ki, əldə olunan razılaşmalar nəticəsində Hüseyn Axundov və Aqşin Bəbirov azad olunublar.

Onlar bu ilin aprel ayında Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda əlverişsiz hava şəraiti səbəbindən itkin düşmüşdülər.

Sonradan onlar Ermənistan tərəfindən əsir götürülüblər və hərbçilərə qarşı saxta ittihamlar irəli sürülüb.

 

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı bu ilin dekabrın 7-də birgə məlumat yayıblar.

Bildirilib ki, tərəflər arasında aparılmış danışıqlar nəticəsində humanizm prinsipinə sadiqlik ruhunda, xoş niyyət göstəricisi olaraq iki ölkə arasında qarşılıqlı etimad tədbiri kimi Azərbaycan tərəfindən erməniəsilli 32 şəxsin, Ermənistan tərəfindən isə iki Azərbaycan hərbçisinin azad edilməsi barədə razılıq əldə edilib.

Razılaşma Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış birbaşa danışıqlar nəticəsində əldə olunub və heç bir üçüncü ölkə tərəfindən vasitəçilik edilməyib.

Müəllif: Ayna.az