Treninqdə Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukraynadan media menecerləri iştirak edə bilərlər
Ümumdünya Xəbər Naşirləri Assosiasiyası WAN-IFRA və DT Global Şirkəti “Süni İntellektin xəbər xidmətlərində istifadəsinin əsasları” mövzusunda treninq təşkil edirlər. AYNA xəbər verir ki, bu, Avropa İttifaqının “EU4IndependentMedia” proqramı və WAN-IFRA-nın “Rəqəmsal Xəbərlər Əlifbasında Qadinlar” adlı təlim seriyası çərçivəsində həyata keçirilir.
Treninqdə Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukraynadan media menecerləri iştirak edə bilərlər. Məşğələlər hər həftə 1-2 saat olmaqla, 9 həftə davam edəcək, bu müddətdə siz Generativ Süni İntellekt alətlərinin media sənayesində istifadəsi formalarını öyrənəcək, onların öz işinizdə tətbiqi barədə düşünəcək və hətta bununla bağlı təkliflər verəcəksiniz. Ölkələr üzrə ən maraqlı təkliflərin müəllifləri WAN-İFRA-nın ilin ortalarında Kopenhagendə keçirəcək Ümumdünya Konqresinə dəvət ediləcək, təkliflərin gerçəkləşdirilməsi üçün onlara kömək göstəriləcək.
İştirak üçün müraciətlərə qısa vaxt ayrılıb və bu vaxt cümə günü, fevralın 16-da bitir. Müraciət edənlərdən ingilis dili bilikləri də tələb olunur. Elanın tam mətni ilə burada tanış ola və müraciət formasını yerindəcə asanlıqla doldura bilərsiniz.