Artan sərnişin tələbatına görə əlavə reyslər təyin ediləcək
“Azərbaycan Dəmir Yolları” QSC-nin bütün strukturları qarşıdan gələn bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq. AYNA xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib.
Qeyd olunub ki, artan sərnişin tələbatı nəzərə alınaraq 8-12 noyabrda:
- Bakı-Ağstafa-Bakı istiqamətində axşam və səhər reysləri əlavə edilir;
- Bakı-Qəbələ-Bakı istiqaməti üzrə qatarlar hər gün hərəkət edəcək;
- Abşeron dairəvi marşrutu qeyri-iş günlərinin qrafikinə uyğun fəaliyyət göstərəcək.
Həmçinin Ucar sakinləri də bayram günlərində Bakı-Ağstafa-Bakı marşrutundan istifadə etməklə təhlükəsiz mənzil başına çatacaqlar.
Qatarların hərəkət cədvəli ilə tanış olmaq və bilet əldə etmək üçün saytından və yaxud “ADY Mobile” tətbiqindən istifadə etmək olar.