Avropa Parlamenti üzv dövlətləri Qərb silah sistemlərinin istifadəsinə qoyulan məhdudiyyətləri dərhal aradan qaldırmağa çağırır
Avropa Parlamentinin üzvləri Strasburqda keçirilən plenar iclas zamanı səs çoxluğu ilə Aİ ölkələrini Ukraynanın Rusiya ərazisinin dərinliklərinə zərbə endirməsinə dair bütün məhdudiyyətləri dərhal aradan qaldırmağa çağıran qətnamənin lehinə səs veriblər. Bu barədə AYNA “RİA Novosti”yə istinadən bildirir.
“Avropa Parlamenti üzv dövlətləri Rusiya ərazisindəki qanuni hərbi hədəflərə qarşı Ukraynaya tədarük edilən Qərb silah sistemlərinin istifadəsinə qoyulan məhdudiyyətləri dərhal aradan qaldırmağa çağırır. Çünki bu, Ukraynanın beynəlxalq hüquq normalarına uyğun olaraq özünümüdafiə hüququndan tam şəkildə istifadə etməsinə mane olur”, – qətnamədə qeyd olunub.
425 deputat qətnaməni dəstəkləyib, 131 nəfər əleyhinə olub, 63 nəfər isə bitərəf qalıb.
Bundan başqa, Avropa Parlamentinin üzvləri Ukraynaya döyüş sursatlarının, o cümlədən “Taurus” raketlərinin tədarükünün artırılmasının zəruriliyini bəyan ediblər.
Parlament həmçinin Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərdən geri qaytarılmaqla Kiyevə 50 milyard avroluq kreditin ayrılmasını sürətləndirməyə çağırıb.