Astara və Lənkəranda köməksiz qalmış vətəndaşlar təxliyə olunub

Xəbərlər

18.09.2023 - 17:13

FHN-in qüvvələri tədbirlərin görülməsi üçün ərazilərə cəlb olunub

Dünən axşamdan başlayaraq intensiv yağan yağışlar nəticəsində Astara və Lənkəran rayonlarının bəzi yaşayış məntəqələrində fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və digər ərazilərin subasmaya məruz qalması barədə Fövqəladə Hallar Nazirliyinin “112 qaynar telefon xətti”nə məlumat daxil olub. Bununla bağlı Fövqəladə Nazirliyinin Cənub Regional Mərkəzi, Mülki Müdafiə Qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti, Dövlət Yanğından Mühafizə hissəsi və Kiçikhəcmli Gəmilərə Nəzarət və Dövlət Xilasetmə Xidmətinin qüvvələri dərhal zəruri və təxirəsalınmaz tədbirlərin görülməsi üçün ərazilərə cəlb olunub.

AYNA-nın məlumatına görə, bu barədə FHN-in Cənub Regional Mərkəzinin Mülki müdafiə idarəsinin rəisi, polkovnik Araz Hüseynov jurnalistlərə açıqlamasında deyib.

Hüseynov qeyd edib ki, FHN qüvvələri tərəfindən su basmış ərazilərdə su çəkmə işləri və fərdi yaşayış evlərində köməksiz qalmış vətəndaşların təxliyəsi həyata keçirilir: “Hazırda Astara rayonunun Ərkivan qəsəbəsində və Maşxan kəndində, Lənkəran rayonu Sütəmurdov kəndində su basmış ərazilərdən suyun çəkilməsi və digər təhlükəsiz tədbirlərin həyata keçirilməsi davam etdirilir. Köməksiz vəziyyətdə qalmış 27 vətəndaş təxliyə olunub”.

Müəllif: Ayna.az