Artıq siqareti tərgitmək tövsiyə deyil, göstərişdir – <font color=red> GÜNÜN TƏLƏBİ</font>

Cəmiyyət

13.04.2020 - 13:30

Almaniyada yaşayan azərbaycanlı həkim: “Sağalmış insanın təkrar koronavirusa yoluxma riski var”

 

Koronavirus bəlası hazırda dünyanın və ölkəmizin əsas gündəmidir. Pandemiya ilə bağlı dövlət tədbirləri ilə yanaşı, müstəqil mütəxəssislərin də müxtəlif tövsiyələri var. Almaniyada yaşayan azərbaycanlı həkim-radioloq, Nordrhein Vestfallen xəstəxanasında çalışan Fərid Əhmədli AYNA-ya müsahibəsində öz fikirlərini bölüşüb.

 

- Doktor, koronavirusun daha çox ağciyərləri zədələdiyi deyilir. Bu proses necə baş verir?

 

- Koronavirisa yoluxma məlum 14 günlük inkubasiya dövründə özünü göstərir. Virus daşıyıcısı çox vaxt bunu bilmir. Olur ki, virus üçün test olunur, amma cavab müsbət çıxmır. Amma şəxs hansısa şikayəti, istəyi üzrə rentgen olunur, orada ağciyərində ləkələr təsbit olunur, təkrar test zamanı aşkarlanır ki, artıq virusa yoluxub.

 

Ağciyərdə dəyişikliyə gəlincə, yoluxan insanlarda müxtəlif vaxtlarda, inkubasiya dövründən sonra daha çox dəyişiklik görürük. Burada vəziyyət yaşdan, immun sistemindən, fərdi orqanizmdən asılıdır. Başqa sözlə, bu amillər xəstəliyin gedişatında özünü açıq göstərir. Gənc insanlarla müqayisədə yaşlı insanlarda ağciyərlərdə dəyişiklik sürətli olur. Ağciyərin periferik sahələrində, aşağı paylarında ciddi dəyişiklik görülür, toxumaların zədələnməsi prosesi yaşlılarda sürətli gedir.

- Ağciyərdən söhbət düşmüşkən, siqaret çəkənlər üçün virus daha çox təhlükəli sayılırmı?

 

- Uzun müddət siqaret çəkənlərdə xəstələnmə riskinin 20 faiz daha çox olması, xəstəliyin uzanması və müalicədə gec effektin əldə olunması təsdiqini tapıb. Bu səbəbdən hər zaman siqaret çəkənlərin bu vərdişi tərgitmələri tövsiyə edilirdisə, indi buna, hətta göstəriş olduğunu desək, yanılmarıq. Siqaret çəkən koronaviruslu xəstələr xəstəliyi daha ağır keçirir və geniş yayılmıs ağciyər dəyişliklikləri müşahidə olunur.

- Koronaviruslu pasiyentlər arasında uşaqlar, gənclər də varmı?

 

- Bizim pasiyentlər arasında, əsasən 65 yaşdan yuxarı xəstələr var. Uşaqlar da olduğu deyilir. Amma bizim xəstəxanada ən gənc xəstəmiz hazırda 38 yaşındadır.

 

- Xəstələrin sağalmasında yaş faktoru rol oynayır?

 

- Yaslılarda hələlik kliniki və diaqnostik yaxşılaşmalar görməmişik. Amma gənc, orta yaşlı insanlarda müalicəsonrası 1 həftə ərzində yaxşılaşma, səhhətində irəliləyiş müşahidə edirik.

 

- Bu gün hələ də çox insanlar COVID-19 təhlükəsinə ciddi yanaşmırlar...

 

- Təəssüf ki, dünyanın hər yerində bu inamsızlıq var. Tək onu deyə bilərəm ki, bizim xəstəxanada iki şöbə xəstələrlə dolub, artıq üçüncü şöbəni belə xəstələr üçün açdıq. Hər gün 10-15 xəstə gətirilir. Hətta, bizim radiologiya şöbəsində artıq 3 həkim və biri texniki işçi olmaqla virusa yoluxub, fakt təsdiqlənəndən sonra ev karantinində qalırlar. Almaniyanın özündə qısa müddətdə yoluxma və ölüm sayı artdı. Son məlumata görə, Almaniyada 127854 nəfərdə virusa yoluxma faktı qeydə alınıb, 3022 nəfər isə həyatını itirib. Düşünürəm ki, Azərbaycanda da ciddi tədbirlər görülməzsə, rəqəmlərdə artım ola bilər. 

- Virusa yoluxma surəti, səngiməsi ilə bağlı orada nə kimi proqnozlar var?

 

- Deyilənlərə görə, apreldə yoluxma pik həddə çatacaq, sonrakı vaxtlarda azalma və zəifləmə olacaq.

 

- Bəs, virusdan sağalmış insanın təkrar yoluxma riski nə qədərdir?

 

- Təəssüf ki, təkrar yoluxma riski var, çünki koronavirus qripin bir növü olduğu üçün təkrar yoluxa bilir.

 

- Hər virusa yoluxan insanın xəstəxanada qalması vacibdir?

 

- Hər koronavirusa yoluxma faktı ambulator müalicəni diqtə etmir. İnsanlar vəziyyəti pisləşəndə xəstəxana şəraiətində müalicə oluna bilərlər. Qeyd etdiklərimdən öz həkimlərimiz də yararlana bilər. Konkret bizim xəstəxanada müalicə proqramı belə aparılır:

 

1. Xəstə asimptomikdirsə (xəstəlik simptomları tam biruzə vermir, amma virusa yoluxduğu test nəticəsində təsdiqlənib), ev karantinində qalır və xüsusi müalicə planına əməl edir.

 

 2. Xəstə simptomikdirsə (xəstəlik əlamətləri tam aşkardır), ancaq vəziyyəti çox ağır deyilsə, simptomatik müalicə + antibiotikaterapiya təyin edilir.

 

3. Xəstə klinik olaraq ağırlaşıbsa, inkubasiya başlayıbsa, antiviral müalicəyə, antibiotikoterapiyaya ehtiyac varsa, immunomodulator təyin edilir. Son məlumatlara görə, azitro + hidroksiklorokin daha faydalı təsir göstərir.

 

- Doktor, xarici təcrübəyə bələd biri kimi insanlarımıza nə kimi tövsiyələriniz var?

 

- Hər şeydən əvvəl bir vacib məqam var: İnsanlar sosial təcridə əməl və məsafəli ünsiyyətdən istifadə etməlidirlər. Əgər hər hansı xəstəlik əlaməti varsa, heç kəs özü xəstəxanaya getməsin. Bu, həm özü, həm də ətraf üçün yoxluxma riskini artırır. Mütləq şəkildə təcili tibbi yardım evə çağrılmalıdır. Digər məsələ maskalardan istifadədir. Maskaların taxılması daha məqsədəuyğundur, çünki qarşınızda kimin olması məlum deyil, xəstə insan da ola bilər, o, sizə tərəf asqırıb-öskürdükdə virus sizə sıçraya bilər. Yəni maska az da olsa, sizi qoruya bilər.

Müəllif: Raminə Eyvazqızı