Amerika İT nəhənginin şikayətinə bu ay baxılacaq
“Apple” istifadəçiləri üçün şifrələməni söndürmək tələbi ilə əlaqədar Böyük Britaniya hökumətini məhkəməyə verib. AYNA.AZ xəbər verir ki, bu barədə “Financial Times” (FT) məlumat yayıb.
Fevral ayında mənbələr “The Washington Post”a bildiriblər ki, Böyük Britaniya hakimiyyəti “Apple”dan istifadəçi məlumatlarının şifrələnməsini söndürməyi və onların məlumatlarına sürətli çıxış üçün “arxa qapı” yaratmağı tələb edib. Martın əvvəlində “Apple” Britaniyada təhlükəsizlik xidmətləri ilə bağlı şikayətlərə baxan müstəqil məhkəmə orqanı olan İstintaq Tribunalına hökumətin hərəkətlərindən şikayət edib.
Mənbələrin məlumatına görə, Amerika İT nəhənginin şikayətinə martda baxılacaq. Tribunal Daxili İşlər Nazirliyinin hərəkətlərini qanunsuz hesab edərsə, onun qərarını ləğv edəcək.
Hələlik işə necə baxılacağı məlum deyil - açıq və ya bağlı qapılar arxasında. FT jurnalistləri iddia edirlər ki, ölkə hakimiyyəti milli təhlükəsizlik səbəbi ilə qapalı dinləmələrdə israr edəcək.
Britaniya hakimiyyətinin tələbi fevral ayında ABŞ Prezidenti Donald Tramp tərəfindən tənqid edilib. Amerika lideri Britaniya kəşfiyyat xidmətlərinin hərəkətlərini Çindəki senzura ilə müqayisə edib.