Antisanitar şəraitdə fəaliyyət göstərən su istehsalı müəssisəsi aşkarlanıb

Xəbərlər

06.07.2021 - 21:03

Nöqsanlarla əlaqədar qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görülüb

 

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.

 

AQTA-dan AYNA-ya verilən məlumata görə, Bərdə rayonunun Bahadur Hacıyev küçəsi, 61 ünvanında fiziki şəxs Cəfərquliyev Elmir Əhməd oğluna məxsus qablaşdırılmış içməli su istehsalı müəssisəsinə baxış keçirilib.

 

Yoxlama zamanı müəssisədə sanitar-texniki və sanitar-gigiyenik qaydalara, eləcə də qida təhlükəsizliyi sahəsində texniki-normativ hüquqi aktların tələblərinə əməl edilmədiyi aşkarlanıb. Belə ki, müəssisədə xammalların və hazır məhsulların saxlanılma rejimlərinə riayət edilmədiyi, həmçinin işçilərin dövri tibbi müayinədən keçirilmədən fəaliyyət göstərdiyi müəyyən olunub.

 

Məhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına göndərilib.

 

Aşkar edilmiş nöqsanlarla əlaqədar qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görülüb. Faktla bağlı araşdırmalar davam etdirilir.

Müəllif: Ayna.az