ABŞ Senatının Kəşfiyyat Komitəsinin sədri “Vaqner” rəhbərinin mümkün yerini açıqlayıb
ABŞ Senatının Kəşfiyyat Komitəsinin sədri Mark Uorner Rusiyanın “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinin mümkün yerini açıqlayıb. AYNA xarici mediaya istinadən bildirir ki, Uornerin sözlərinə görə, Priqojinin artıq Minskdə olması barədə xəbərləri görüb.
“Başa düşdüyüm qədər Priqojin artıq Minskdədir”, - deyə senator bildirib.
Senator əlavə edib ki, ona daxil olan məlumata görə, “Vaqner” rəhbəri pəncərələri olmayan otellərdən birində yerləşib.
Qeyd edək ki, bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin ölkə vətəndaşlarına müraciət edib. Onun müraciəti "Vaqner"in iyunun 24-dəki üsyanına həsr olunub. Rusiya lideri şirkətin gələcəyi, üsyanın məqsədləri və Rusiya düşmənlərinin çaşqınlıq gətirmək cəhdlərindən danışıb.
Xatırladaq ki, iyunun 23-24-də “Vaqner” Rusiyada silahlı üsyana cəhd edib. Rostov və Voronej şəhərlərini ələ keçirən “Vaqner” qruplaşması sonradan geri çəkilib. Şirkətin rəhbəri Priqojin Belarus Prezideni Aleksandr Lukaşenko ilə müzakirələrdən sonra qiyamı dayandırmaq qərarı verib. Şəbəkələrdə Priqojinin Belarusa getdiyi bildirilir.