Altıncı çağırış Milli Məclisin son iclası: deputatlar nələrdən danışdılar?

Aktual

28.06.2024 - 13:33

Həkimlər Klinikalar SEO Xidməti

Ceyhun Məmmədov parlamentin fəaliyyətini təriflədi, Qüdrət Həsənquliyev həmkarlarına uğurlar arzuladı

Bu gün Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində son iclası keçirilib. Gündəliyinə 15 məsələ daxil edilən toplantıda əvvəlcə deputatlar cari məsələlərlə bağlı fikir bildirib, təkliflər veriblər.

Millət vəkili Vahid Əhmədov çıxışında ötən günlərdə ölkədə baş verən təbiət hadisələr nəticəsində əhaliyə dəyən ziyandan danışıb. Deputat qeyd edib ki, bu hadisələr əhali üçün ciddi problemlər yaradıb: “Belə hadisələr zamanı bir çox dövlət qurumlarının üzərinə böyük yük düşür. Görülən tədbirlərə baxmayaraq, bəzi kəndlərin rayon mərkəzləri ilə əlaqəsi tam kəsilib. Məsələ burasındadır ki, belə hadisələr zamanı sığorta məsələsi ön plana çıxır. İstehsal xərclərini belə qarşılaya bilməyən kəndlilər öz təsərrüfatını bağlayırlar. Banklar fermerlərin öz təsərrüfatını sığortalamasına ehtiyatla yanaşır”.

“Hesab edirəm ki, Nazirlər Kabineti xüsusi qərar çıxarmalı, tədbirlər planı hazırlamalı, ziyan çəkmiş kəndlilərə, fermerlərə maddi yardım göstərilməlidir”, - Əhmədov əlavə edib.

Deputatdan etiraz: “Sahibə xanım, siz və Milli Məclis Aparatının əməkdaşları...”

“Dünən Konstitusiya Məhkəməsi Prezident İlham Əliyevin Milli Məclisin buraxılmasının və növbədənkənar seçkilər təyin edilməsinin Azərbaycan Konstitusiyasına uyğunluğu barədə sorğusuna baxdı, Milli Məclisin buraxılmasını və növbədənkənar seçkilərin təyin edilməsini qanunauyğun hesab etdi. İndi cəmiyyətdə ən çox müzakirə olunan məsələlərdən biri Milli Məclisə bu il keçiriləcək seçkilərlə bağlıdır. Bəzi qrupların parlamentin fəaliyyətini qiymətləndirərkən qərəzə yol verməsi isə özünü açıq göstərir”. Bu sözləri deputat deputat Ceyhun Məmmədov səsləndirib. Millət vəkili əlavə edib ki, fəaliyyəti dövründə Milli Məclis bir neçə parlament ittifaqına rəhbərlik edib: “Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin yaradılmasında və fəaliyyətinin qurulmasında üzərinə düşən işi ləyaqətlə yerinə yetirdi. Ötən dövrdə parlament həm xaricdə, həm də ölkə daxilində onlarla tədbirdə fəal şəkildə iştirak edib”.

“Sahibə xanım, siz və Milli Məclis Aparatının əməkdaşları demək olar ki, fəaliyyət dövrünün böyük hissəsini təyyarədə və yolda keçirdiniz. Bir sözlə, Prezident İlham Əliyevin rəhbərliyilə ötən dövrdə parlament diplomatiyası üzərinə düşən missiyanı böyük məsuliyyət və ləyaqətlə yerinə yetirdi”, -  deputat qərəzli yanaşmalara etiraz edib.

“Növbəti seçkilərdə iştirak etməyəcək həmkarlarıma həyatlarında uğurlar arzulayıram”

Deputat Qüdrət Həsənquliyev isə növbəti seçkilərdə namizədliyini irəli sürməyəcək həmkarlarına uğurlar arzulayıb: “Bu gün artıq Milli Məclisin altıncı çağırışının sonuncu iclası keçirilir. Yaxın zamanda Prezident tərəfindən Milli Məclisin buraxılması və növbədənkənar parlament seçkilərinin təyin olunmasına dair Sərəncam imzalanacağı gözlənilir. Növbəti seçkilərdə iştirak etməyəcək həmkarlarıma həyatlarında uğurlar arzulayıram. Bununla bərabər, seçkilərdə iştirak edəcək həmkarlara da uğurlar arzu edirəm”.

“Bu, tərpənən layların yerinə qoyulmasıdır”

Deputat Siyavuş Novruzov isə Azərbaycanla Ermənistan arasında sülh sazişi, Zəngəzur dəhlizi məsələsindən danışıb. Millət vəkili deyib ki, vaxtilə Zəngəzur dəhlizinə, sülhə mane olanlar Azərbaycan Prezidenti İlham Əliyevin Orta Asiya ilə bağlı apardığı siyasətin nəticəsində ölkəmizə gəlir, bizə dəstək olurlar: “Ermənistana silah ötürən və pul yardımı edənlər bu gün Azərbaycanın hüquqlarının ABŞ Konqresində müdafiə olunmasını tələb edirlər. Hesab edirəm ki, bu, tərpənən layların yerinə qoyulmasıdır. Azərbaycanın müxtəlif ölkələrlə imzaladığı müqavilələr onu bir daha göstərir ki, hələ bunlar düşünənə qədər Prezident İlham Əliyev artıq bu işləri çoxdan düşünüb”.

“Sosial şəbəkələrdə gedən kontentlərə ciddi nəzarət olmalıdır”

Deputat Elşad Mirbəşir sosial şəbəkələrlə bağlı təklif verib, şəbəkədəki məlumatlara ciddi nəzarətin olmasının vacibliyindən danışıb. Millət vəkili çıxışında vurğulayıb ki, bu gün dünyada mənəvi, əxlaqi aşınma gedir: “Azərbaycanda bu məsələ hər zaman diqqət mərkəzində olub. 44 günlük Vətən müharibəsi də göstərdi ki, Azərbaycan gənci ən yüksək mənəvi, əxlaqi dəyərlərə sahibdir. Biz ölkəmizdə bu müsbət tendensiyanı qorumalıyıq”.

“Qloballaşma dönülməz xarakter alıb. İnformasiya texnologiyaları öz inkişafının ən yüksək mərhələsinə çatıb. Bizim ayrıca strategiyamız olmalıdır. Düşünürəm ki, sosial şəbəkələrdə gedən kontentlərə ciddi nəzarət olmalıdır”, - millət vəkili vurğulayıb.

Çıxışlardan sonra deputatlar sonuncu iclasın gündəliyindəki məsələlərin müzakirəsinə başlayıblar. Bir neçə layihə müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul olunub.

Bununla da növbədənkənar sessiyaya yekun vurulub. Spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən iclas himnimizin səsləndirilməsi ilə sessiya başa çatıb.

Müəllif: Anar Bayramoğlu