Yolun tikintisi sürətlə davam etdirilir
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan yol infrastrukturu layihələrindən biri olan Bərdə-Ağdam avtomobil yolunun tikintisi sürətlə davam etdirilir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsindən AYNA-ya bildirilib ki, başlanğıcını Bərdə şəhərindən götürən Bərdə-Ağdam avtomobil yolunun uzunluğu 44.5 kilometr təşkil edir. Avtomobil yolu 4 hərəkət zolaqlı olmaqla birinci texniki dərəcəyə uyğun olaraq inşa edilir.
Məlumata əsasən, “İnşaat Norma və Qaydaları”na uyğun olaraq yol boyu torpaq işləri və yeni torpaq yatağının inşası artıq yekunlaşıb. Layihə üzrə nəzərdə tutulmuş qalınlıqda və lazımi materiallardan istifadə olunmaqla yol əsasının tikintisi də tamamlanmaq üzrədir. Artıq Bərdə-Ağdam avtomobil yolunun tikintisi layihəsi üzrə yol geyimi işləri 47 faiz, süni qurğular üzrə işlər 63 faiz, körpülər üzrə tikinti 99 faiz yerinə yetirilib. Ümumilikdə isə nəzərdə tutulan işlərin 71 faizi yekunlaşıb.
Hazırda yol əsası hazır olan hissələrdə (12-45-ci kilometr) yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur.
Bundan başqa, avtomobil yolunun Bərdə şəhərinin daxilindən keçən ilk 2.2-ci kilometrlik hissəsində yeni asfalt-beton örtüyünün döşənməsi, piyada səkilərinin inşası, səki və tamet daşlarının düzülməsi işləri davam edir.
Yeni inşa edilən yol boyunca suların ötürülməsini təmin etmək məqsədilə nəzərdə tutulan suötürücü boru, düzbucaqlı su keçidi, həmçinin zəruri yerlərdə yeraltı keçidlərin inşası da artıq sona çatıb.
Bərdə-Ağdam avtomobil yolunun 25 və 40-cı kilometrlik hissəsində inşa olunan 91.3 və 18.2 metr uzunluğa malik avtomobil körpülərin tikintisi də artıq yekunlaşıb. Yolun 14-cü kilometrlik hissəsində 66 metr uzunluğa malik yol qovşağında yanaşma yollarının və yolun 29-cu kilometrində də “Pit stop” (Dayan Dincəl) məntəqəsinin tikintisi, həmçinin yolun 4, 14 və 16 kilometrlik hissələrində nəzərdə tutulan yerüstü piyada keçidlərinin inşası davam edir.
Birinci texniki dərəcəli avtomobil yolu boyunca hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə geriyə dönmə hissələrinin yaradılması, avtobus dayanacaqlarının inşası da layihə üzrə icrası nəzərdə tutulan işlərdəndir və hazırda bu istiqamətdə də işlərə başlanılıb.
Qeyd olunub ki, Bərdə-Ağdam avtomobil yolu işğaldan azad edilmiş Ağdam şəhərinə qədər inşa edilir. Avtomobil yolunun ilk 14 kilometrlik hissəsi Bərdə şəhəri və rayonun bir neçə yaşayış məntəqəsinin daxilindən keçir.
Ümumilikdə isə yol Bərdə və Ağdam şəhərləri də daxil olmaqla, sözügedən rayonların 20-dən çox yaşayış məntəqəsini əhatə edir.