Dəstək Ukraynanın mövcud və potensial təhlükələrə qarşı durmaq qabiliyyətini artıracaq
ABŞ Dövlət Departamenti ümumilikdə 310,5 milyon dollar dəyərində F-16 təlim və texniki dəstək və müvafiq avadanlıqların Ukraynaya satışını təsdiqləyib. AYNA.AZ bildirir ki, bu barədə Pentaqonun Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyinin (DSCA) saytında məlumat verilib.
Paketə daxildir: F-16 təyyarələrinin modernləşdirilməsi, ukraynalı kadrların hazırlanması, əməliyyat və texniki dəstək, ehtiyat hissələrinin, istehlak materiallarının və təmir dəstlərinin təchizatı, yerüstü avadanlıqların çatdırılması və saxlanması. Buraya həmçinin təsnif edilmiş və təsnif edilməmiş proqram təminatı ilə işləməkdə yardım daxildir: texniki sənədlərin, nəşrlərin və arayış materiallarının ötürülməsi, həm ABŞ hökuməti, həm də özəl podratçılar üçün mühəndislik tədqiqatları, texniki yoxlamalar aparmaq və logistika xidmətləri göstərmək.
Dövlət Departamentindən vurğulanıb ki, təşəbbüs ABŞ-ın xarici siyasəti və milli təhlükəsizliyinin məqsədlərinə xidmət edir. Bu, ABŞ-ın mühüm tərəfdaş və “Avropada siyasi sabitlik və iqtisadi tərəqqi üçün qüvvə” kimi baxdığı Ukraynanın müdafiə qabiliyyətini gücləndirmək məqsədi daşıyır. DSCA-dan qeyd edilib ki, dəstək Ukraynanın mövcud və potensial təhlükələrə qarşı durmaq qabiliyyətini artıracaq, ukraynalı pilotlar üçün yüksək keyfiyyətli təlim keçəcək və vahid təlim və dəstək sisteminə inteqrasiya vasitəsilə Ukrayna Hərbi Hava Qüvvələrinin ABŞ Hərbi Hava Qüvvələri ilə qarşılıqlı fəaliyyət qabiliyyətini artıracaq.
"Bu qərar beynəlxalq koalisiyanın Ukraynanın F-16 proqramının yaradılması və Ukrayna Hərbi Hava Qüvvələrinin ümumi modernləşdirilməsi üzrə səylərinə uyğundur. Ukrayna təmin etdiyi texnika və xidmətləri çətinlik çəkmədən öz silahlı qüvvələrinə inteqrasiya edə biləcək", - DSCA-nın bəyanatında vurğulanıb.
“Reuters”in məlumatına görə, müqavilənin əsas podratçıları “Lockheed Martin Aeronautics”, “BAE Systems” və “AAR Corporation” olacaq.