ABŞ İranın “Mahan Airways”a qarşı sanksiyaların müddətini uzadıb

Dünya

01.11.2024 - 06:35

Həkimlər Klinikalar SEO Xidməti

“Bu sərəncam dərhal qüvvəyə minir və bir il müddətində qüvvədə qalır”

ABŞ İranın “Mahan Airways” aviaşirkətinə, eləcə də onunla əvvəllər tərəfdaş olmuş Böyük Britaniya, İordaniya, İraq, Birləşmiş Ərəb Əmirlikləri, Suriya, Türkiyə və digər şirkətlərə qarşı məhdudlaşdırıcı tədbirlərin qüvvəsini bir daha uzadıb.

AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə ABŞ Ticarət Departamentinin Sənaye və Təhlükəsizlik Məsələləri Bürosunun bildirişində qeyd olunub.

Bildirilib ki, söhbət Amerika aviasiya məhsullarının, proqram təminatının və texnologiyalarının ümumilikdə 12 təşkilata satışının qadağan edilməsindən gedir.

Beləliklə, 31 oktyabr 2023-cü il tarixli müvafiq sərəncamın müddəti uzadılıb.

Vaşinqtonun açıqladığına görə, 2022-ci ilin əvvəlindən İran aviaşirkəti “Rusiyaya qarşı ixrac nəzarəti tədbirlərini daim pozub” və ABŞ administrasiyasının müvafiq lisenziyası olmadan Moskvaya uçuşlarda Amerikanın “Boeing” təyyarələrindən istifadə edib.

Vaşinqton həmçinin hesab edib ki, İran şirkəti İrandan Belarusa birbaşa uçuşlar həyata keçirmək niyyətindədir və ABŞ Rusiya-Ukrayna münaqişəsi səbəbindən buna qarşı da məhdudiyyətlər qoyub.

“Bu sərəncam dərhal qüvvəyə minir və bir il müddətində qüvvədə qalır”, - ABŞ ticarət katibinin ixraca nəzarət üzrə köməkçisi Metyu Akselrod tərəfindən imzalanan sənədin mətnində deyilib.

Müəllif: Ayna.az