David Petreus: “ABŞ qoşunları çıxarmaqla mübarizə apardığı dəyərlərdən imtina edir”
ABŞ-ın Əfqanıstandakı qoşunlarının geri çəkilməsi ilə qanlı vətəndaş müharibəsi başlaya bilər. AYNA xəbər verir ki, bu sözləri ABŞ-ın Əfqanıstandakı beynəlxalq kontingentinin keçmiş komandanı, general David Petreus “The Times”a bildirib.
Onun fikrincə, Vaşinqton Əfqanıstanda qoşun kontingenti saxlasaydı, belə bir perspektivin qarşısı alına bilərdi.
Petraeus qeyd edib ki, ABŞ qoşunları çıxarmaqla mübarizə apardığı dəyərlərdən imtina edir: “Dünyanın qalan hissəsi görəcək ki, biz demokratiyanı və dünyada təbliğ etdiyimiz dəyərləri - insan hüquqları, xüsusən də, qadın hüquqları, təhsil almaq, söz və mətbuat azadlığı - bütün bunları dəstəkləmirik”.
Petraeus hesab edir ki, “Taliban” Əfqanıstanda qalib gələrsə, milyonlarla qaçqın Pakistana və digər ölkələrə gedəcək: “Həm də yerli vətəndaşların azadlıqları azalacaq. "Taliban”ın heç kimin maraqlarına cavab verməyən ultra-mühafizəkar islamçı teokratiyanı geri qaytarmasının qarşısını almaq üçün 3500 əsgərin oranı tərk etməsi mənim üçün bir qədər anlaşılmazdır”.
General vurğulayıb ki, ABŞ Ordusunun köməyi ilə vətəndaş müharibəsinin qarşısını almaq mümkün idi: “Amma hazırkı vəziyyətdə müharibə davam edəcək və daha da pisləşəcək”.
Qeyd edək ki, ABŞ və NATO qoşunlarının Əfqanıstan ərazilərindən rəsmi çıxarılması prosesinə mayın 1 -dən başlanılıb. ABŞ Prezidenti Co Bayden ABŞ Ordusunun 11 sentyabr 2021 -ci ilə qədər ölkəni tamamilə tərk edəcəyini açıqlayıb. Onun fikrincə, ordu yerli hökuməti dəstəkləyə bilməz. Ağ Ev qoşunların Əfqanıstandan çıxarılması prosesinin avqustun sonuna qədər tamamlanacağını gözləyir.