ABŞ diplomatı: "Ukrayna müharibədə qalib gəlməlidir"

Dünya

16.05.2022 - 13:35

"Qərbin bütün dövlətləri Ukraynanın təhlükəsizliyini təmin edən variantı dəstəkləyirlər"

"Bu müharibədə qələbənin necə və nədən ibarət olacağını yalnız Ukrayna müəyyən edəcək". AYNA Ukrayna mediasına istinadən bildirir ki, bu sözləri ABŞ-ın Ukraynadakı müvəqqəti işlər vəkili Kristina Quinn bildirib. 

Diplomat ABŞ-ın Ukraynanın qərarını dəstəkləyəcəyini deyib: "Ukrayna qalib gəlməlidir, lakin bu qələbənin formasını ABŞ yox, Ukrayna müəyyən etməlidir. Ukrayna hökuməti və ukraynalılar müharibənin hansı nəticəsinin onlar üçün məqbul, hansının qeyri-məqbul olduğunu müəyyən etməlidirlər. Qərbin bütün dövlətləri Ukraynanın təhlükəsizliyini təmin edən variantı dəstəkləyirlər. Rusiyanın təkcə qonşuları üçün deyil, bütövlükdə qitə üçün daha az təhlükə yaratması lazımdır".

"Müdafiə nazirimiz Lloyd Ostin bildirib ki, biz Rusiyanı strateji cəhətdən daha zəif görmək istəyirik. Çünki biz Rusiya Prezidenti Vladimir Putinin Ukraynada etdiklərinin davamı olaraq növbəti məsuliyyətsiz addım atıb-atmayacağını bilmirik. Biz həmçinin danışıqlara və hər hansı müqaviləyə ehtiyacın olub-olmaması barədə danışmaqdan qaçmırıq. Rusiya Federasiyası ilə qələbəyə gedən yolda danışıqlar Ukraynanın qərarı ilə olmalıdır" - ABŞ-ın müvəqqəti işlər vəkili bildirib.

 

Müəllif: Ayna.az