Yuxarı Qarabağ kanalı tullantılardan təmizlənib

Xəbərlər

17.05.2022 - 12:14

“Təəssüf ki, yaşadığımız mühitə etinasız yanaşma, ətraf mühitə laqeyd münasibət hələ də var"

Yuxarı Qarabağ kanalına tullantıların atılması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb və fakt təsdiqini tapıb.

AYNA-nın xəbərinə görə, Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, ərazi regional ekologiya idarəsinin əməkdaşlarının nəzarəti altında Yuxarı Qarabağ Kanalı İstismar İdarəsinin işçiləri tərəfindən tullantılardan təmizlənib və rayon poliqonuna daşınıb.

B.Məhəmmədov havaların istiləşməsi və istirahət mövsümünün başlaması ilə əlaqədar tullantıların idarə olunmasında səylərin birləşdirilməsi, ictimaiyyətin bu məsələyə həssas yanaşması üçün çağırış edib.

“Təəssüf ki, yaşadığımız mühitə etinasız yanaşma, ətraf mühitə laqeyd münasibət hələ də var. Bilməliyik ki, atdığımız tullantı həcmindən asılı olmayaraq geriyə, özümüzə qayıdır, çayları, dənizi bərbad edir. Yaşadığımız mühiti zibilləməyək, ətraf mühitin çirkləndirilməsinə imkan verməyək”, - deyə Xidmət rəsmisi söyləyib.

Müəllif: Ayna.az