Parlament sədri və müavinləri seçilib: İlham Əliyev ölkənin qarşısında duran vəzifələri açıqlayıb
Bu gün yeddinci çağırış Azərbaycan Milli Məclisinin ilk iclası keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev iclasda iştirak edib. Prezident İlham Əliyev çıxış edib və ölkə qarşısında duran bəzi vəzifələri açıqlayıb. Dövlət başçısı deyib ki, birinci nömrəli vəzifə hərbi gücümüzün artırılmasıdır: “Baxmayaraq ki, İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı arxada qaldı, həm dünyada gedən proseslər, yeni münaqişə, müharibə ocaqlarının yaradılması və ətrafımızda gərginliyin artması, eyni zamanda, Ermənistanda revanşizm meyilləri bizi bu sahəyə daim diqqət göstərməyə vadar edir”.
Azərbaycan Prezidenti Qarabağ və Şərqi Zəngəzurun bərpasının da ölkə qarşısında duran vəzifə olduğunu söyləyərək qeyd edib: “Ancaq biz əgər hərbi sahəyə diqqətimizi azaltsaq və oraya ayrılan vəsaiti lazımi səviyyədə təmin etməsək, gələcəkdə bizi problemlər gözləyə bilər”.
Prezident: “Ermənistanda İkinci Qarabağ müharibəsinin və antiterror əməliyyatının nəticələri ilə barışmaq istəmirlər”
“İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı nəticəsində suverenliyimizin tam bərpa edilməsi ölkə qarşısında yeni imkanlar, yeni üfüqlər açır. Otuz ilin işğalı arxada qalıb. İndi ölkəmizin genişmiqyaslı quruculuq, inkişaf işinə qədəm qoyub, nəticələr də göz qabağındadır. Son 3-4 il ərzində ölkəmizin beynəlxalq mövqeləri daha da möhkəmləndi. İkinci Qarabağ müharibəsinin və antiterror əməliyyatının nəticələrini biz bütün dünyaya qəbul etdirə bildik”, - deyə Prezident vurğulayıb.
Ölkə başçısı əlavə edib ki, Ermənistanda revanşist qüvvələr baş qaldırır: “Bu, təkcə marginal siyasi ünsürlər deyil, eyni zamanda, bugünkü Ermənistan hakimiyyəti bu fikirlərlə, bu xülyalarla yaşayır. Onlar İkinci Qarabağ müharibəsinin və antiterror əməliyyatının nəticələri ilə barışmaq istəmirlər. Üzdə bunu desələr də, onların işləri, siyasətləri, addımları tam əks mənzərə yaradır. Bu günə qədər heç bir funksional mahiyyət daşımayan Minsk Qrupunun formal olaraq saxlanması da məhz buna dəlalət edir”.
Ölkə başçısından mesaj: “Bizimlə şantaj və ultimatum dili ilə danışmaq mümkün olmayacaq”
Prezident deyib ki, qələbəmizi həzm edə bilməyən xarici dairələr bizə qarşı yeni planlar hazırlayır: “Əldə edilmiş məlumatlar bunu göstərir. Media kampaniyasının, qarayaxma, iftira, böhtan kampaniyalarının da məqsədi məhz budur. Bu mövzunu daim gündəlikdə saxlamaq və ümidlə yaşamaq ki, nə vaxtsa Azərbaycan büdrəsə, zəifləsə, yenidən bizə qarşı bu çirkin hərəkətlər başlasın. Yəni biz bunu bilməliyik. Azərbaycan iqtidarı bunu bilir, ictimaiyyət də bunu bilməlidir. Ona görə arxayınlaşmağa bizim heç cür imkanımız yoxdur”.
“İkinci Qarabağ müharibəsindən keçən dövr ərzində böyük dərəcədə öz hərbi gücümüzü artırmışıq, yeni silahlı birləşmələr yaradıldı, xüsusi təyinatlı qüvvələrin say tərkibi bir neçə dəfə artırıldı. Yeni xüsusi təyinatlı qüvvələr, komanda qüvvələri yaradıldı və onların da say tərkibi ildən ilə artır və artacaq. Ordumuzun döyüş qabiliyyəti artıb, texnika ilə təchizat lazımi səviyyədə təmin edilib və ediləcək. Ermənistan və onun arxasında duran istənilən ölkə bilməlidir ki, bizimlə şantaj və ultimatum dili ilə danışmaq mümkün olmayacaq. İstənilən cavabı verməyə hazırıq, buna qadirik və hər zaman buna hazır olmalıyıq”, Prezident qeyd edib.
İlham Əliyev: “Hər an Ermənistandan istənilən təxribat gözləmək olar”
İ.Əliyev qeyd edib ki, Azərbaycanın bütün hərbi zavodlarında genişmiqyaslı modernləşmə işləri aparılır: “Yeni avadanlıq, texnika, silah-sursat istehsal olunur. Bir neçə xarici tərəfdaşla yeni istehsalat sahələrinin yaradılması artıq praktik müstəviyə keçib və yəqin ki, növbəti bir-iki il ərzində bizim hərbi sənaye kompleksimiz daha böyük olacaq. Bu gün Azərbaycan onlarla ölkəyə hərbi sənaye kompleksinin məhsullarını ixrac edir və ildən-ilə bu coğrafiya genişlənir”.
“Biz şərti sərhəddə möhkəmlənirik, çünki hər an Ermənistandan istənilən təxribat gözləmək olar və Ermənistan tərəfi həm kütləvi surətdə silahlanır, eyni zamanda, xarici ölkələrlə, özü də böyük dövlətlərlə hərbi təlimlər keçirir. Ermənistana Qərb ölkələrindən silah, sursat göndərilir”, - deyən Azərbaycan lideri deyib ki, Ermənistanı Azərbaycana qarşı yönəltmək üçün bəzi Qərb dövlətlərinin planları göz qabağındadır: Təbii, onları erməni xalqı maraqlandırmır. Erməni xalqı onlar üçün, sadəcə, bir alət, bir vasitədir ki, Azərbaycanı daim təzyiq altında saxlasınlar, Ermənistan ərazisindən istifadə edərək Azərbaycan və digər Ermənistanın qonşuları üçün təhdid mənbələri yaratsınlar və beləliklə, öz maraqlarını təmin etsinlər”.
Azərbaycan Prezidenti qeyd edib ki, ölkəyə qarşı ideoloji təxribatlar davam edir: “Düzdür, onların bu günə qədər heç bir nəticəsi olmayıb, çünki bunların qarşısında xalqımızın güclü iradəsi və milli ruhumuz dayanır. İstənilən ideoloji təxribatın burada kök salması qeyri-mümkündür. Ancaq bu, bizi sakitləşdirməməlidir. Bizə qarşı aparılan çirkin oyunları ifşa etməliyik, necə ki, edirik, həm rəsmi surətdə, həm ictimai məkanda, media məkanında. Hesab edirəm ki, Azərbaycan xalqı bu gün hər şeyi yaxşı görür, hər şeyi yaxşı bilir - bizim dostumuz kimdir, düşmənimiz kimdir”.
“Quru sərhədlərimizin bağlı olması bizi çox böyük fəlakətlərdən xilas etdi”
“Mən tam əminliklə deyə bilərəm ki, son illər ərzində quru sərhədlərimizin bağlı olması bizi çox böyük fəlakətlərdən xilas etdi. Hətta bu gün - sərhədlər bağlı olan vaxtda təhlükəli hərəkətlər aparılır və bu hərəkətlərin qarşısı alınır. Sərhədlərimizin qorunması bizi xarici risklərdən qoruyacaq. Azərbaycanda daxili risklər yoxdur. Azərbaycanda təhlükəsizlik, əmin-amanlıq uzun illərdir təmin edilir, sabitlik bütün dünya üçün nümunə ola bilər. Hər kəs bilir ki, əgər sabitlik olmasa, heç bir ölkə inkişaf edə bilməz. Bu gün sabitliyi pozulan ölkələrin vəziyyətini və aqibətini hər kəs yaxşı görür. Bu, təhlükəsizliyin, inkişafın, xarici sərmayənin cəlb edilməsi üçün başlıca şərtdir”, - deyə Prezident diqqətə çatdırıb.
“Onların Konstitusiyasına dəyişiklik edilməlidir, Minsk Qrupu da ləğv olunmalıdır”
“Ermənistan silah üçün nəzərdə tutulan Sülh Fondundan istifadə edir, Fransadan pulsuz silah alır. Ona görə bu, ciddi məsələdir. Azərbaycanın şərtləri yerində qalır. Ermənistanı silahlandıranlar bilməlidirlər ki, bütün gələcək hadisələrə görə birbaşa onlar cavabdehlik daşıyacaqlar. Təbii olaraq bizə qarşı rəsmi ərazi iddialarına son qoyulmalıdır. Onların Konstitusiyasına dəyişiklik edilməlidir, Minsk Qrupu da ləğv olunmalıdır”, - deyə ölkə başçısı qeyd edib.
Prezident vurğulayıb ki, müstəqil, prinsipial xarici siyasət bizim əsas istiqamətimizdir: “Biz heç vaxt heç kimə qarşı heç bir iş görməmişdik, heç kimin işinə qarışmamışdıq. Amma bizim işimizə qarışmaq istəyənlərə də hər dəfə dərs vermişik ki, bunu etməsinlər. Belə cəhdlər var və olacaq. Onların heç bir əhəmiyyəti yoxdur, ancaq bizim xarici siyasət istiqamətində bu amil təbii olaraq həmişə nəzərə alınacaq. Bizimlə ikitərəfli formatda qarşılıqlı hörmət əsasında kim əməkdaşlıq etmək istəyirsə, biz ikiqat əməkdaşlıq edəcəyik. Amma əgər kimsə hesab edir ki, bizə gəlib nəsə diktə edəcək, yaxud da bizi əsassız olaraq ittiham edəcək, ya da hansısa vasitələrlə bizi qaralayacaq və sanki heç nə olmamış kimi bu ölkələrlə biz dostluq edəcəyik, bu, səhv təsəvvürdür, bu, olmayacaq”.
Sahibə Qafarova sədr, Əli Əhmədov, Ziyafət Əsgərov, Musa Qasımlı və Rafael Hüseynov onun müavinləri seçiliblər
İclasa sədrlik edən Ziyad Səmədzadə yeddinci çağırış Milli Məclisə seçilmiş deputatların siyahısını oxuyub. Sonra Ziyad Səmədzadə iclasın gündəliyini təqdim edib.
Gündəliyə əsasən, Milli Məclis sədrinin seçilməsi məsələsi müzakirə olunub. Qeyd edilib ki, Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən deputat Sahibə Qafarovanın Milli Məclisin sədrliyinə namizədliyi irəli sürülüb. Sahibə Qafarova YAP Sədrinə və partiya üzvlərinə minnətdarlığını bildirib. Sonra səsvermə olub və Sahibə Qafarova Milli Məclisin sədri seçilib.
İclasda həmçinin Milli Məclis sədrinin müavinlərinin seçkisi olub. Milli Məclis sədrinin I müavini postuna YAP-dan namizəd olaraq deputat Əli Əhmədov irəli sürülüb. Səsvermədən sonra Ə.Əhmədov I müavin seçilib. Daha sonra Milli Məclis sədrinin müavini postuna Ziyafət Əsgərovun namizədliyi irəli sürülüb. Z.Əsgərov Milli Məclis sədrinin müavini seçilib.
Deputatlar - Musa Qasımlı və Rafael Hüseynov da Milli Məclis sədrinin müavini seçiliblər. M.Qasımlı parlamentdəki bitərəflərin nümayəndəsi kimi bu postda təmsil olunacaq. R.Hüseynov isə parlamentdəki azlığın nümayəndəsi kimi bu postda təmsil olunacaq.
Parlamentin komitə sədrləri seçilib
Yeddinci çağırış Milli Məclisin ilk iclasında parlamentin komitə sədrləri seçilib. Deputat Azər Əmiraslanov İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin, Anar İskəndərov isə Elm və təhsil komitəsinin sədri seçilib.
Millət vəkili Siyavuş Novruzov yenidən Regional məsələlər komitəsinin sədri olub.
Arzu Nağıyev Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin, Zahid Oruc İnsan hüquqları komitəsinin, Sadiq Qurbanov Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin, Tahir Rzayev Aqrar siyasət komitəsinin, Musa Quliyev Əmək və sosial siyasət komitəsinin, Polad Bülbüloğlu Mədəniyyət komitəsinin, Səməd Seyidov Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin, Əhliman Əmiraslanov Səhiyyə komitəsinin, Hicran Hüseynova Ailə, qadın və uşaq məsələləri komitəsinin, Şahin İsmayılov Gənclər və idman komitəsinin, Fazil Mustafa İctimai birliklər və dini qurumlar komitəsinin sədrləri seçiliblər.
Sonra komitə sədrlərinin müavinləri də seçilib. Elşən Musayev Hüquq siyasəti və dövlət quruculuğu komitəsi sədrinin, Qüdrət Həsənquliyev Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi sədrinin, Arzuxan Əlizadə İnsan hüquqları komitəsi sədrinin, Fatma Yıldırım Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi sədrinin, Azər Badamov İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin, Razi Nurullayev Aqrar siyasət komitəsi sədrinin, Elşad Musayev Əmək və sosial siyasət komitəsi sədrinin, Rəşad Mahmudov Səhiyyə komitəsi sədrinin, Jalə Əliyeva Ailə, qadın və uşaq məsələləri komitəsi sədrinin, Könül Nurullayeva Gənclər və idman komitəsi sədrinin, Sahib Alıyev İctimai birliklər və dini qurumlar komitəsi sədrinin, Nurlan Həsənov Regional məsələlər komitəsi sədrinin, Fariz İsmayılov Elm və təhsil komitəsi sədrinin, Günay Əfəndiyeva Mədəniyyət komitəsi sədrinin, Nigar Arpadarai isə Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi sədrinin müavini seçilib.
Bundan sonra yeni çağırış Milli Məclisin ilk iclası başa çatıb.