Yanukoviçə qarşı “Maydan işi” üzrə daha bir ittiham irəli sürülüb

Dünya

05.11.2021 - 17:45

Ukraynanın sabiq Prezidenti mütəşəkkil cinayətkar qrup yaratmaqda ittiham edilir

2014-cü ildə kütləvi etiraz aksiyaları zamanı ölkədən qaçan Ukraynanın keçmiş Prezidenti Viktor Yanukoviçə qarşı “Maydan işi” üzrə yeni ittiham irəli sürülüb. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə Ukrayna Baş Prokurorluğun yaydığı məlumatda qeyd edilib.

İstintaqın məlumatına görə, Yanukoviç hakimiyyətdə qalmasına təhlükə yaradan kütləvi etirazları dağıtmaq məqsədilə Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) rəhbəri, daxili işlər naziri və müdafiə nazirinin daxil olduğu mütəşəkkil cinayətkar qrup yaradıb.

“Mütəşəkkil cinayətkar dəstənin üzvləri öz səlahiyyətlərindən sui-istifadə istifadə edərək, 2014-cü il fevralın 18-dən 20-dək Kiyevin mərkəzində keçirilən aksiyaları zorla yatırmaq üçün hüquq-mühafizə orqanlarının əməkdaşlarını odlu silah və hərbi texnikadan istifadəyə məcbur ediblər. Ümumilikdə sabiq Prezidentin bu cür əməllərindən 887 mülki şəxs və 132 hüquq-mühafizə orqanının əməkdaşı zərər çəkib”, - Baş Prokurorluqdan bildirilib.

Qeyd edək ki, bundan əvvəl Ukraynanın sabiq lideri 2014-cü il fevralın 18-də Müstəqillik meydanından Ali Radanın binasına qədər küçə yürüşü keçirən nümayişçilərə qarşı terror aktı təşkil etməkdə ittiham edilir.

Xatırladaq ki, 2014-cü ilin qışında Ukraynada “Avromaydan” kimi tanınan kütləvi etiraz aksiyaları keçirilib. Aksiyalar Rusiyaya qaçan Prezident V.Yanukoviçin devrilməsi ilə başa çatıb. 2014-cü ilin fevralında Kiyevdə etirazçılarla təhlükəsizlik işçiləri arasında baş verən toqquşmalarda 100-dən çox adam həlak olub. Ukraynanın yeni hökuməti bununla bağlı Daxili İşlər Nazirliyinin “Berkut” xüsusi təyinatlı dəstəsini məsuliyyətə cəlb edib. Keçmiş qətllərdə əlaqələrini inkar ediblər.

Müəllif: Ayna.az