“Vətəndaşlar tarixi ədalətin pərpa olunacağı günü gözləyirlər” – Sabiq Baş nazir

İqtisadiyyat

11.03.2022 - 18:08

Pənah Hüseyn: “Ya tədavül müddəti artırılmalı, ya da kompensasiya ödənilməlidir”

Elçin Sadıqov: “Nazirlər Kabineti özəlləşdirmə çekləri ilə bağlı qərar verməlidir”

Ötən əsrin 90-cı illərində mərhum Prezident Heydər Əliyevin fərmanı ilə, hər bir payda dörd çekdən ibarət olan özəlləşdirmə çekləri əvəzsiz olaraq  vətəndaşkara təqdim edildi. Yenicə müstəqilliyə qədəm qoymuş ölkəmizdə vətəndaşlara vauçerlərin paylanılması böyük ümidlər yaratsa da, proses uğurla təşkil edilmədi. Əhalinin maariflənmə səviyyəsinin aşağı olması, məsələyə məsul dövlət qurumlarının yarıtmaz fəaliyyəti, bəzi işbazların və məmur-oliqarxların sui-istifadə halları milyonlarla insanın hüquqlarının pozulması ilə nəticələndi.

Məlumat üçün qeyd edək ki, özəlləşdirmə çekləri 1997-ci ildə anadan olmuş bütün ölkə vətəndaşlarına miras əmlak payı olaraq verilib. Bu çeklər dövlət qiymətli kağızları olmaqla yanaşı, həm də mülkiyyət hüququ daşıyır. Çeklərin hər birinin dəyəri eynidir. Qanuna əsasən, özəlləşdiriləcək bütün iri və orta dövlət əmlakının ən azı 65 faizi özəlləşdirmə çekləri ilə əvəzlənməli, özəlləşdirmə prosesi bu şəkildə həyata keçirilməlidir. Hər bir çekin dəyəri isə 1/32 milyonda hissədir. Bu hissəyə düşən əmlak ekvivalenti payı qanunda inflyasiyadan qorunan əmlak ekvivalenti payı kimi göstərilib. Eyni zamanda bu özəlləşdirmə paylarının banklarda girov qoyulması hüququ qanunla təmin olunub. Bu, o deməkdir ki, özəlləşdirmə çeklərinin hər birinə dövlət əmlakından düşən səhmlərin dəyəri eyni olmalıdır.

Əhalinin maarifçilik səviyyəsinin aşağı olması, bəzi işbazların və məmur-oliqarxiyasının prosesin önünə keçməsi nəticə etibarilə bu vəziyyəti şərtləndirdi. Bəziləri vauçerlərini “qara bazar”da satışa çıxarsalar da, ədalətin zəfər çalacağı günü gözləyib bu günə qədər çeklərini qoruyanlar da var. Hansı ki, 2011-ci ildən etibarən bu vauçerlərin tədavül müddəti başa çatıb. Bu xüsusda ölkə ziyalıları, deputatlar, ictimai-siyasi fəallar, iqtisadçılar tədavül müddətinin artırılması, dəymiş zərərin ödənilməsi təşəbbüsü ilə çıxış edirlər.

Hazırda Azərbaycanda həyata keçirilən çoxvektorlu islahatları, bu islahatların bütün hakimiyyət qollarını əhatə etməsini, institusional islahatlar nəticəsində dövlət idarəetməsinin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasını, həmçinin deputatların, ölkə ziyalılarının, ictimai-siyasi sektor təmsilçilərinin bununla bağlı çoxsaylı çağırışlarını nəzərə alsaq, özəlləşdirmə çekləri ilə bağlı vaxtilə yol verilmiş böyük haqsızlığın aradan qaldırılacağına dair nikbinlik meydana gəlir. Özəlləşdirmə çeklərinin tədavül müddətinin artırılmasının, pay sahiblərinin növbəti özəlləşdirmə prosesində iştirakının təmin olunmasının və ya onlara kompensasiya ödənilməsinin vacibliyindən bəhs edən mütəxəssislər bildirirlər ki, bu, hazırda elan olunan islahatlar prosesinin ruhuna uyğundur və dövlət-vətəndaş münasibətlərində etimad səviyyəsinin artmasına gətirib çıxaracaq.

Sabiq Baş nazir Pənah Hüseyn AYNA-ya açıqlamasında vətəndaşların haqlarının bərpa edilməsinin vacib olduğunu söyləyib: “Mən hazırda həbsdə olan Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev tərəfindən bununla bağlı imzalanan müraciətə imza atmışam. Bu müraciətdə vəziyyət ətraflı təhlil edilib və bütün məqamlar öz əksini tapıb. Kifayət qədər mühüm və peşəkar səviyyədə hazırlanmış bir sənəddir. Orada özəlləşdirmə çeklərinin istifadə qaydası, qanunvericiliyin tələbləri, tədavül müddətinin yenidən artırılması zərurəti, vətəndaşların hüquqlarının pozulması və digər məsələlər əhatəli şəkildə təsvir olunmuşdu. Təbii ki, biz bu sənədlə tanış olduq və bəyənərək dəstək olduq”.

“Bəli, bu gün yüz minlərlə vətəndaş özəlləşdirmə çekləri əllərində tarixi ədalətin baş verəcəyi günü gözləyir. Bu çeklər onlara qarşılıqsız və müddətsiz verilib. Sonradan tədavül müddətinin dayandırılması qərarı əsassızdır. Bütün hallarda bu məsələyə yenidən baxılmalıdır. Hansısa formada vətəndaşlara dəyən zərər ödənilməlidir”, - deyə həmsöhbətimiz qeyd edib.

O, müvafiq qurumları təcili hərəkətə keçməyə çağırıb: “Əvvəlcə araşdırımalıdır ki, prosesin özü necə aparılıb. Hansı qüsurlara və pozuntulara yol verilib. Daha sonra çekləri əllərində qalan vətəndaşların statistikası aparılmalıdır. Bundan sonra müvafiq qurumlar - Nazirlər Kabineti və İqtisadiyyat Nazirliyi qərar verməlidir”.

“Burada iki yol təklif olunur: Bunlardan biri tədavül müddətini artırmaqla, çekləri əllərində qalan vətəndaşların növbəti özəlləşdirilmə prosesində iştirakına şərait yaratmaq, digəri isə kompensasiya ödənilməsidir. Kompensasiyanın həcmi isə aradakı inflyasiya şərtləri nəzərə alınmaqla müəyyən edilməlidir. O da mümkündür ki, gəlir gətirməyən dövlət müəssisələrinin özəlləşdirilməsi zamanı vauçerləri əllərində qalan vətəndaşlara konkret kvota ayrılsın. Bütün hallarda bu çeklər yenidən tədavülə qaytarılmalı və bu prosesə yekun vurulmalıdır” - deyə P.Hüseyn fikrini yekunlaşdırıb.

Azərbaycan Vəkillər Kollegiyasının üzvü Elçin Sadıqov da AYNA-ya açıqlamasında deyib ki, yüz minlərlə vətəndaşın hüquqlarının pozulması ilə müşayiət olunan prosesə yenidən baxılmalıdır: “Məlumdur ki, bu halda qanunvericiliyin geriyə qüvvəsi mövcuddur. Müddətin məhdudlaşdırılması ilə bağlı qərar geriyə şamil oluna bilməzdi. Digər yandan özəlləşdirmə çekləri ilə bağlı qanunvericilikdə konkret müddət nəzərdə tutulmayıb. Bu baxımdan ona hər hansı məhdudiyyət də qoyula bilməzdi”.

“Nəzərə alanda ki, özəlləşdirmə çekləri ilə bağlı əhali arasında ciddi maarifləndirmə işləri aparılmayıb və onlara müfəssəl məlumatlar verilməyib, prosesi başa çatmış elan etmək olmazdı. Vauçerlər qiymətli kağızdır və onlar paylanan zaman əhəmiyyəti barədə payçılar məlumatlandırılmalıydı. Göründüyü kimi, bütün bunlar baş verməyib. Ortada ciddi nöqsanların olduğuna dair əsaslı iddialar var. Bu baxımdan məsələyə yenidən baxılmalıdır”, - deyə mütəxəssis bildirib.

Vəkilin sözlərinə görə, Nazirlər Kabineti bununla bağlı qərar verməlidir: “Ya tədavül müddəti yenidən artırılmalı, çekləri əllərində qalan vətəndaşların prosesdə iştirakı təmin edilməli, ya da dəymiş ziyana əvəz olaraq kompensasiya ödənilməlidir. Bunun üçün Nazirlər Kabineti qərar verə bilər. Hesab edirəm ki, Azərbaycan İnvestisiya Holdinqinin həyata keçirəcəyi özələşdirmə prosesində çekləri əllərində qalan vətəndaşların iştirakına şərait yaradılmayacaq. Çünki bundan öncəki özəlləşdirmə prosesləri zamanı biz bunun şahidi olmuşuq”.

“Bütün hallarda müvafiq qərar olmalıdır ki, vətəndaşlar bu prosesdə iştirak edə bilsinlər. Yox əgər bunu etməyəcəklərsə, konkret olaraq bu məsələyə nöqtə qoyulmalıdır. Çekləri əllərində qalan vətəndaşlara dövlət kompensasiya ödəməlidir. Ortada hüquqları pozulmuş yüz minlərlə vətəndaş var və onları çarəsiz durumda buraxmaqla məsuliyyətdən boyun qaçırmaq olmaz”, - deyə Sadıqov vurğulayıb.

Müəllif: Aydın Gəray