Vaxt Ermənistanın əleyhinə işləyir və ya “10 noyabr 2025-ci il son tarixdir”

Siyasət

07.02.2023 - 10:18

Hərbi ekspert: “Bakı, İrəvan və Moskva üzərinə öhdəliklər götürüb. Bakı öz öhdəliklərini yerinə yetirib, indi növbə İrəvan və Moskvadadır”

Azərbaycanlı ekofəalların Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində etiraz aksiyası 56 gündür davam edir. Aksiya iştirakçıları Azərbaycanın faydalı qazıntı yataqlarının erməni separatçıları tərəfindən qanunsuz istismarına “Yox!” deyir, bunun dərhal dayandırılmasını tələb edirlər.

Xatırladaq ki, ötən il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq Azərbaycanın İqtisadiyyat və Ekologiya və Təbii Sərvətlər nazirlikləri, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb. Buna etiraz olaraq, azərbaycanlı ekofəallar Laçın-Xankəndi yolunda dekabrın 12-dən dinc aksiyaya başlayıblar.

Erməni separatçıları və Ermənistan aksiya nəticəsində Xankəndidə yaşayan ermənilərin guya blokadada qaldığını, humanitar böhran yaradıldığını iddia edirlər. Bütün beynəlxalq platformalarda Azərbaycan humanitar böhran yaratmaqda ittiham edilsə də, Laçın yolu faktiki olaraq humanitar məqsədlər üçün açıqdır. Gün ərzində Rusiya sülhməramlılarının onlarla avtomobili, eləcə də, Beynəxalq Qırmızı Xaç Komitəsinin avtomobilləri Laçın yolundan Xankəndi və əks istiqamətə hərəkət edir.

Etirazçıların tələblərinin yerinə yetirilməməsi aksiyanın müddətinin artmasına gətirib çıxarıb. Aksiyaçılar bu tələblərin yerinə yetirilməyənədək etirazlarını bildirəcəklərini deyirlər.

Yeri gəlmişkən, hazırkı vəziyyətin bölgədə yeni müharibə riskini artırdığı barədə beynəlxalq ekspertlər proqnozlar verirlər.

Proseslərlə bağlı AYNA-nın suallarını cavablandıran hərbi ekspert, ehtiyyatda olan polkovnik Üzeyir Cəfərov bildirib ki, Laçın-Xankəndi yolundan humanitar yüklərin daşınmasında heç bir problem yaşanmır:

- Ermənistan və havadarları süni şəkildə problem olduğunu beynəlxalq tribunalardan səsləndirirlər. Fakt odur ki, 56 gündür ekofəallar dinc aksiyasına davam edirlər. Bizim məqsədimiz yolu bağlamaq, hansısa problemlər yaratmaq yox, qanuni tələblərimizin təmin olunmasıdır. Azərbaycanın problem yaratmaq istəyi olsaydı, bunu rahat şəkildə edərdi.

Qarabağdakı ermənilərin “əzabkeş” obrazını yaratmaqla separatizmin rahat şəkildə çiçəklənməsini istəyən qüvvələr Azərbaycanı ittiham edirlər. Lakin bunalara baxmayaraq, Azərbaycan öz yolu ilə getməli, qəti addımlarını atmalıdır. Hələ məncə, Azərbaycan xeyli humanistlik göstərir ki, bundan düşmən süni şəkildə istifadə edir.

- Nə mənada humanizmi nəzərdə tutursunuz?

- Faktiki olaraq, Ermənistan iki ildən artıqdır ki, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir, sülh müqaviləsini imzalamaqdan yayınır. Azərbaycanın səbri sonsuz deyil. Humanizm göstəririk dedikdə onu nəzərdə tuturam ki, məcburetmə addımları atılmır. Elə addım atılmalıdır ki, düşmən sülhə məcbur olsun.

- Yəqin ki, müharibəni nəzərdə tutursunuz. Elə bu günlərdə Beynəlxalq Böhran Qrupunun ekspertləri bölgənin müharibə astanasında olduğunu bildiriblər... Üçüncü Qarabağ müharibəsi nə qədər realdır?

- Məncə, Üçüncü Qarabağ müharibəsini unudaq. Hazırda separatçıların əlində, rusların nəzarətində olan ərazilərimizdə sadəcə antiterror əməliyyatları aparıla bilər. Müharibə 2020-ci ildə Ermənistana qarşı aparıldı və Azərbaycan Ordusu qalib gəldi. İndi müharibə üçün orada meydan və əsas yoxdur. Separatçılarda qalan əraziləri təmizləmək üçün orada bizim komando qüvvələrimiz var, xüsusi təyinatlılar, digər güc strukturları var ki, onlar bu təmizliyi apara bilərlər. Buna isə müharibə demək doğru olmaz.

Əlbəttə, Ermənistan düşünürsə ki, sülh müqaviləsini imzalamaqdan yayınmaqla yenə də 30 il Azərbaycan səbir edəcək, xeyr, Azərbaycan bu səbri nümayiş etdirməyəcək. Prezident İlham Əliyev konkret zaman göstərib – 10 noyabr 2025-ci il son tarixdir. Əgər ermənilər sülhməramlılara arxalanırlarsa, ümid edirlərsə ki, sülhməramlı adlandırılan qüvvələrin arxasında gizlənib, məkrli planlarını həyata keçirəcəklər, yanılırlar. Vaxt Ermənistanın əleyhinə işləyir. İrəvan sülh haqqında ciddi düşünməlidir, əks halda çox ziyan görəcək. Eyni zamanda, Ermənistana zamin duran qüvvələr, xüsusilə, Rusiya ciddi düşünməlidir, Ermənistana təzyiqlər etməlidirlər. Əks halda, mütləq antiterror əməliyyatları baş verəcək.

Azərbaycan niyyətini gizlətmir ki... Burada hansısa dövlət sirri, hərbi sirr yoxdur. Ən ali səviyyədə bildirilib ki, Ermənistan sülhlə bağlı öhdəliklərini yerinə yetirməsə, kəsərli addımlar atılacaq. Antiterror əməliyyatı Azərbaycanın müstəsna hüququdur ki, bundan istənilən an istifadə edə bilər. 10 noyabr 2020-ci ildə imzalanmış Üçtərəfli Birgə Bəyanata əsasən, Bakı, İrəvan və Moskva üzərinə öhdəliklər götürüb. Bakı öz öhdəliklərini yerinə yetirib, indi növbə İrəvan və Moskvadadır. Ermənistan oyunlar oynayır, buna da Rusiya göz yumur. Bu, İrəvanın odla oynamasıdır. Zəhmət çəkib İrəvan da, Moskva da öhdəliklərini yerinə yetirməlidirlər.

- Başqa bir məsələ Ermənistana Avropa İttifaqının müşahidə missiyasının 2 illik gəlişidir. Bu, bölgədə nəyi dəyişəcək?

- Bu beynəlxalq missiya hələ ki, müəıyyən olunmayan sərhədlərə nəzarəti həyata keçirəcək. Nəzərə alsaq ki, ötən ilin sonlarında həmin missiya 2 ay müddətində müşahidə apardılar. Lakin fəaliyyətləri qənaətbəxş olmadı. Ona görə ki, missiya orada olan zaman Ermənistan qüvvələri tərəfindən Azərbaycan Ordusunun mövqeləri dəfələrlə atəşə tutuldu. Amma biz bir dəfə də olsun Avropa İttifaqının həmin missiyasından hansısa bəyanat, açıqlama eşitmədik. Bundan sonra baş verən erməni təxribatlarına da göz yumacaqlar. Hesab edirəm ki, missiya özləri üçün iki illik müddətə yaxşı iş yeri tapıblar. Eyni ilə indi olmayan Minsk Qrupunun həmsədrləri kimi, bunlar da siyasi turizmlə məşğul olacaqlar. Həmsədrlər kimi, missiya da məsələlərin dondurulmasında maraqlıdırlar. Ermənistan da bunda maraqlı olduğu üçün onların gəlişini istədi. Lakin bunun Azərbaycana, ümumiyyətlə bölgədəki proseslərə ciddi təsiri yoxdur, ola da bilməz. Prezidentin də dediyi kimi, sərhədlər delimitasiya, demarkasiya olunmayıbsa, o zaman missiya hansı sərhədə nəzarət edir. Qarabağdakı baş verə biləcək antiterror əməliyyatına təsirinə gəlincə, buna Avropa Missiyasının ümumiyyətlə, dəxli yoxdur. Qarabağ Azərbaycanın daxili məsələsidir.

Müəllif: Anar Bayramoğlu