Vaşinqtonun ikinci cəhdi, kritik sülh danışıqları və sazişə aparan “yol xəritəsi”

Siyasət

03.05.2023 - 18:03

Mərkəz rəhbəri: “Azərbaycanın Laçında sərhəd-keçid məntəqəsini yaratmasından sonra sülh sazişinin imzalanmaması üçün hansısa problemli element qalmayıb”

Mayın 1-də ABŞ-ın vasitəçiliyi ilə Bakı və İrəvan arasında sülhlə bağlı danışıqlar başlayıb. Həmin gün Vaşinqtonda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, ABŞ dövlət katibi Antoni Blinken və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında üçtərəfli görüş keçirilib. Görüşdə diplomatlar regionda təhlükəsizlik vəziyyətini, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması prosesi ilə bağlı məsələləri müzakirə ediblər.

Müzakirələr mayın 2-də də davam edib. Məlumata görə, Bayramovla Mirzoyan müzakirələr aparıblar. Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə açıqlamasında bildirib ki, Vaşinqtonda XİN başçıları arasında danışıqlar bir neçə gün davam edəcək.

ABŞ-ın vasitəçiliyi, sülh istiqamətində aparılan danışıqların nəticələri barədə AYNA-nın suallarını “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu cavablandırıb. Onun sözlərinə görə, Vaşinqton son aylarda Cənubi Qafqazda xeyli fəallaşıb:

- ABŞ rəsmilərinin bölgəyə səfərlərinin sayı da artıb. Aprel ayında bir neçə ABŞ diplomatı ayrı-ayrı vaxtlarda Azərbaycanda və Ermənistanda səfərdə oldular. İntensiv səfərlər müşahidə etdik. Bu baxımdan, aprel ayında ABŞ Rusiyanı qabaqladı. Eyni zamanda, Vaşinqtondan Bakı və İrəvana telefon zəngləri də çox oldu. Hiss edilirdi ki, nələrsə baş verir. Proqnozlarımız belə idi ki, görüşə hazırlıqlar gedir. İndi XİN başçıları səviyyəsində görüşlər başladı. Yaxın tarixdə bu, Bakı ilə İrəvan arasında Vaşinqtonun ikinci vasitəçilik cəhdidir. Birinci cəhd Kiu-Uest danışıqları idi. Söhbət 2001-ci ilin aprel ayındakı görüşlərdən gedir. Azərbaycanın mərhum Prezidenti Heydər Əliyevlə Ermənistanın o vaxtkı Prezidenti Robert Köçəryan arasında görüşlər keçirildi. Vasitəçi isə ABŞ-ın o zamankı dövlət katibi Kolen Pavel idi.

- İndi belə iddia edilir ki, XİN başçılarının görüşü bir neçə gün davam edəcək. Səhv etmirəmsə, dediyiniz 22 il əvvəlki görüş də bir neçə gün davam edib...

- Bəli, dörd gün görüş keçirildi. Danışıqlar dörd gün uzandı, amma nəticə olmadı. Çünki Köçəryan o zaman Birinci Qarabağ müharibəsinin “qəhrəmanı” sayırdı və heç bir güzəştə hazır deyildi. 22 ildən sonra ABŞ-ın Bakı və İrəvan arasında sülhün əldə olunması üçün ikinci böyük vasitəçilik cəhdidir. Estafeti Kolen Paveldən 22 il sonra sanki Antoni Blinken alıb. Mən deyərdim ki, Blinken Paveldən daha fəaldır. O zaman ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri görüşü təşkil etmişdi, Pavel sadəcə dövlət katibi kimi iştirak edirdi. Bu dəfə isə dövlət katibinin özü fəallıq göstərir, təşəbbüskarlıq göstərir. Mövzuya da sanki bələddir. Blinken bir neçə dəfə XİN başçıları ilə görüşüb, nazirləri görüşdürüb. O zaman Vaşinqton liderləri görüşdürmüşdü, bir neçə gün danışıqlar davam etmişdi, nəticə olmamışdı. Bu dəfə XİN başçılarını görüşdürür, danışıqların bir neçə gün davam edəcəyi gözlənilir. Baxaq, görək ABŞ-ın fəallığı nə ilə nəticələnəcək.

- Maraqlıdır, görüş niyə bir neçə gün davam edir?

- Bu, ABŞ-ın strategiyasıdır. Bir günlük danışıqlarla Vaşinqton kifayətlənmir. Başqa yerlərdə görüşlər bir neçə saat davam edir, sonra hamı dağılışır. ABŞ isə hansısa məsələ ilə məşğul olursa, buna fundamental yanaşır. Hesab edirəm ki, müzakirələr detallı aparılacaq. Bəzi məlumatlara görə, ABŞ “yol xəritəsi” hazırlamaq niyyətindədir. Bu, uğurlu gediş ola bilər.

- Vaşinqtonun Bakı ilə İrəvan arasında vasitəçiliyi hansısa nəticə verəcəkmi?

- ABŞ-ın vasitəçiliyi hər iki tərəf üçün faydalıdır. Birincisi, Rusiyanın vasitəçilik inhisarından həm Azərbaycan, həm də Ermənistan qurtulur. İkincisi isə Vaşinqton Moskvadan fərqli olaraq, danışıqlarda Qarabağ məsələsinə toxunmur. Məsələn, Moskvanın mövqeyi odur ki, Qarabağın statusu məsələsinə sonra baxıla bilər. Vaşinqton isə bu məsələyə toxunmur. ABŞ istəyir ki, Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalansın, regionda əməkdaşlıq başlasın. Hesab edirəm ki, XİN başçılarının danışıqlarından hansısa nəticənin əldə olunacağı ümidlər var. Əslində sülh Ermənistan üçün daha çox lazımdır. Biz Qarabağ probleminin böyük qismini həll etmişik, kiçik qismi də 1-2 il içərisində həll edəcəyik. Sülh sazişini imzalamaqda Ermənistan daha çox maraqlı olmalıdır. Azərbaycanın Laçında sərhəd-keçid məntəqəsini yaratmasından sonra sülh sazişinin imzalanmaması üçün hansısa problemli element qalmayıb. Ermənistan da anladı ki, bundan sonra Qarabağ məsələsinə müdaxilə edə bilməyəcək. Üstəlik, Nikol Paşinyan ötən günlərdə “Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazırdır” ifadəsini işlətdi. Nə yaxşı ki, sərhəddə post Vaşinqton görüşündən əvvəl quruldu. Ona görə ki, indiki reallıqda Vaşinqton görüşündən hansısa nəticə ola bilər. Vaşinqton hiss etsə ki, sülhə doğru irəliləyiş var, XİN başçılarından sonra liderlərin görüşünü təşkil etmək istəyəcək. Bununla da məsələlərə birdəfəlik nöqtə qoyula bilər.

- Məlumdur ki, Rusiya Vaşinqtonda keçirilən görüşdən, danışıqlardan məmnun deyil. Rusiya rəsmilərinin açıqlamaları göstərir ki, Moskva XİN başçılarının ABŞ-dakı görüşlərinə isti yanaşmır. O zaman belə sual ortaya çıxır: Rusiya hansı formada məsələyə müdaxilə edəcək?

- Problem məhz Moskvanın yanaşmasındadır. Rusiya ABŞ-ın vasitəçiliyindən narazıdır və bunu pozmağa çalışacaq. Moskva danışıqları Azərbaycan üzərindən poza bilməz, çünki təsir imkanları o qədər deyil. Ermənistan üzərindən isə rıçaqlarını işə sala bilər. Məsələn, Rusiya iki gün əvvəl Ermənistana qaz nəqlini 4 günlük dayandırdığını açıqladı və təmirlə əlaqələndirdi. Amma hesab edirəm ki, burada siyasi təzyiq elementləri var. Yəni Moskvadan İrəvana təzyiqlər başlayıb. Amma Paşinyan qətiyyət göstərsə, sülh sazişi bir neçə ay ərzində imzalansa, Rusiya cəhdlərində uğur qazana bilməyəcək. Rusiya hazırda Ukraynada bataqlığa yuvarlanıb, Cənubi Qafqaza diqqət ayırmağa o qədər də zamanı yoxdur.

- Təcrübə göstərir ki, Rusiyanın nəzarətindən kənar danışıqlar, hansısa razılaşmalar əldə edilirsə, dərhal Qarabağda və  ya sərhəddə terror-təxribat baş verir. Bu, əsasən də təxribatlarda Rusiya izi sezilir. Vaşinqton görüşündən sonra təxribat mümkündürmü?

- Təbii ki, mümkündür. Amma bir qədər vəziyyətin dəyişdiyinin də şahidiyik. İki il yarım ərzində Azərbaycan uğurlu həmlələr etdi, Rusiya açıq desək, bizə mane olmadı, yaxud mane ola bilmədi. Məsələn, İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan Qarabağda müəyyən əməliyyatlar keçirdi, yüksəkliklər götürdü, separatçılara zərbələr endirildi. İkinci həmlə Şuşa-Xankəndi yolunda etiraz aksiyalarının keçiriləməsi idi. Separatçılar narazı qaldı, amma Rusiya mane ola bilmədi, yaxud olmadı, seyirçi qaldı. Son həmlə isə Laçın yolunun başlanğıcındakı sərhəd-keçid məntəqəsinin qurulmasıdır ki, Rusiya yenə səssiz qaldı. Növbəti həmlələrimizdə də hesab edirəm ki, bəlli səbəblərə görə Rusiya bizə mane ola bilməyəcək. Əlbəttə, Rusiya həmin xislətli ölkədir, təxribatlarda maraqlıdır. Amma buna imkanları yoxdur, çünki Ukrayna müharibəsi Rusiyanın məcrasını dəyişib. Təbii ki, separatçılar çalışacaq ki, böyük təxribat törətsinlər, bölgədə vəziyyət gərginləşsin, Azərbaycanla Rusiya üz-üzə qalsın. Amma rəsmi Bakı hesab edirəm ki, düzgün siyasət aparır. Qarabağda bizə Rusiya ilə qarşı-qarşıya gəlmək lazım deyil. Heç Rusiyaya da bu, maraqlı deyil, dediyim kimi, Ukrayna bataqlığındadırlar, əlavə problem istəmirlər.

Nəzərə almaq lazımdır ki, Xankəndidəki separatçılar arasında da müəyyən fikir ayrılıqları var. Bəziləri Rusiya ilə birgə hərəkət etməyi üstün tutur, bəziləri isə buna qarşıdır. Əvvəllər separatçılar arasında fikir ayrılığı yox idi, tam şəkildə Rusiya nökərliyi edirdilər. Amma görəndə ki, Rusiyanın göstərişləri xeyirlərinə deyil, əksinə, Azərbaycanın xeyrinədir, fikir ayrılıqları başladı.

Bütün hallarda isə terror-təxribatlar gözləmək olar, bundan sığortalanmamışıq. Amma onlara Bakının mesajı konkretdir: təxribata elə cavab alacaqlar ki, başları birdəfəlik əziləcək. İndi 1990-cı illər deyil. Hansısa təxribat Azərbaycanın Qarabağın tamamını nəzarətə götürməsi ilə nəticələnəcək. Bu halda Azərbaycanı heç kəs dayandıra bilməyəcək. Bu xəbərdarlıq həm serparatçılara, həm də Ermənistana aiddir. Böyük təxribat Ermənistan tərəfindən törədilsə, onlar Qərbi Zəngəzuru itirəcəklər. Ermənistan içərisindəki ən çox müzakirə olunan məsələ də məhz Zəngəzur məsələsidir. Erməni analitiklər, deputatlar belə fikirlər səsləndirirlər ki, onsuz da Qarabağı itiriblər, Zəngəzuru itirmək təhlükəsi var. Azərbaycanın mesajı belədir ki, “özünüzü yaxşı aparın, sülhü seçin”. Sülh əvəzinə terror-təxribatı seçsələr vəziyyətləri çox ağır olacaq.

Müəllif: Anar Bayramoğlu