“Üzərində qəhrəmanlarımızın şəkilləri olan geyimlər istehsal etməliyik”

İqtisadiyyat

25.11.2020 - 16:18

Mütəxəssislərin fikrincə, milli vətənpərvərlik ruhu aşılayan məhsulların kütləvi istehsalı yeniş iş yerləri yarada bilər

 

Ölkəmizdə satışa çıxarılan geyimlərin böyük əksəriyyəti xaricdən idxal olunur. Ancaq bu ilin 10 ayında idxalın azaldılması, yerli istehsalın isə artması müşahidə olunur. Bunu Dövlət Statistika Komitəsinin (DSK) məlumatları sübut edir.

 

Bu strukturun hesabatına görə, bu il ölkədəki geyim istehsalının artımından fərqli olaraq, xaricdən Azərbaycana idxal olunan geyim əşyalarının qiymətində azalma var. Beləliklə, bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 177 milyon 80 min dollar məbləğində geyim və aksessuar idxal edib. Bu da keçən ilin eyni dövrü ilə müqayisədə 57 milyon 604 min dollar (24,5%) azalma deməkdir.

 

Yerli istehsala gəlincə, DSK-nın məlumatına görə, bu ilin yanvar-oktyabr aylarında tekstil sənayesi, geyim, dəri məmulatları və ayaqqabı istehsalı 378 milyon manat dəyərində məhsul istehsal edib. Keçən ilin eyni dövrü ilə müqayisədə geyim istehsalı 33,7%, dəri və dəri məmulatları, ayaqqabı istehsalı 7,9%, tekstil sənayesi 6,1% artım göstərib.

 

Koronavirus pandemiyası səbəbindən ölkədə geyim mağazaları uzun müddət bağlanıb, “Sədərək” kimi böyük bir ticarət mərkəzi işləməyib və paytaxtdakı ticarət mərkəzləri bu günə qədər bağlı qalıb. Malın satılmadığını görən sahibkar, geyim idxalını dayandırıb.

Azərbaycanlılar varlanmamışlar, lakin Yeni ili evdə qeyd etmək  iqtidarındadırlar | Dalma News

Davamlı İnkişaf Tədqiqatları Mərkəzinin sədri Nəriman Ağayevin AYNA-ya şərhinə görə, əhalinin gəlirləri azaldığı üçün alıcılıq qabiliyyəti aşağı düşüb: “Hal-hazırda, bir çoxları üçün geyim, istifadəsi zəruri olanlardan başqa, əsas alış-veriş siyahısında deyil. Bu cür alış-veriş üçün maliyyə imkanları olanlar geyimləri xarcidən onlayn olaraq sifariş etməyə üstünlük verirlər. Ölkədəki bir çox insan artıq heç nə almır. Bazar yeni reallığa uyğunlaşmağa vaxt tapmadı, amma istehlakçıların tələbləri dəyişdi”.

 

Ölkəmizdə geyim istehsalındakı artımına gəlincə, mütəxəssisin sözlərinə görə, Azərbaycan son vaxtlar təcili şəkildə daha çox, ilk növbədə tibb işçiləri üçün geyim istehsal etməyə başlayıb: “Buna görə istehsalın bu sahəsinə maraq artdı. Ölkəmizdə adi geyimlər çox az miqdarda istehsal edilir. Pandemiyadan əvvəl də əhalinin yalnız kiçik bir hissəsi bahalı geyimlər və brend mallar alıb. Buna görə də, bu sahədə ixtisaslaşma göstəricilərin əhəmiyyətli artmasına səbəb olmayacaqdı. Ölkəyə uzun müddət Çin və Türkiyə malları çoxsayda gətirildiyi üçün, orta sinif seqmentinə nəzərdə tutulan geyim bazarını itirdik. Xaricdən gətirilən məhsulları üç-dörd manata almaq olar, eyni malın istehsalı isə daha baha başa gələcək”.

 

“Buna baxmayaraq, perspektivlər var və ənənəvi Azərbaycan naxışlarından istifadə edərək kütləvi şəkildə qeyri-adi, orijinal əşyalar istehsal etməyə başlasaq, istehsal həcmlərini artırmaq olar. Bu cür mallar keyfiyyətli və sərfəli qiymətə olsaydı, onlara bütün vətəndaşlarımız, xüsusən də gənclər arasında tələbat olardı. Həm də milli motivlərə əsaslanan paltarların fərdi şəkildə tikişini təşkil etmək mümkündür”, - Ağayev bildirib.

 

Onun sözlərinə görə, hazırda Vətən müharibəsi ilə əlaqədar vətəndaşlarda vətənpərvərlik ruhu yüksəkdir və çoxları yəqin ki, əhval-ruhiyyələrini geyimlərində əks etdirmək istəyirlər: “Məsələn, mənim Çingiz Mustafayevin şəkli olan köynəyim var. Niyə son Qarabağ müharibəsi qəhrəmanları da daxil olmaqla, qəhrəmanlarımızın şəkli olan köynəklərin kütləvi istehsalını təşkil etməyək?! “Qarabağ bizimdir!” yazısı olan və digər vətənpərvər təbiətli yazıları və simvolları olan köynəklərin istehsalını təşkil etmək mümkündür və lazımdır. Bu cür geyimlər yalnız hissləri ifadə etmir, həm də dəyərlərimizin təbliğinə xidmət edir. Günümüzdə bu cür yazılı köynəklər daha çox sifarişlə hazırlanır, lakin kütləvi istehsala ehtiyac var”.

Azərbaycanın iqtisadi və məhkəmə islahatlarına ehtiyacı var — ekspertlər |  Dalma News

İqtisadçı-ekspert Fuad Əlizadə də AYNA-ya deyib ki, idxalın azalmasının səbəbi ticarət mərkəzlərinin bağlanmasıdır: “Məhz ticarət mərkəzləri fəaliyyətlərini geyim və aksessuarların genişmiqyaslı idxalı üzərində qurmuşdu. Yerli istehsalın artması müsbət bir məqamdır və bu tendensiyanın davam edəcəyinə inanıram. Düşünürəm ki, yaxın gələcəkdə ölkədə daha çox geyim istehsalı müəssisəsi yaranacaq”.

 

“Sahibkarlar tərəfindən yüngül sənayeyə maraq artır, çünki xammal bazasının, xüsusən pambığın istehsal həcmi artıb. Bu, yeni iş yerləri yaradan, zəhmət tələb edən bir sahədir, bu səbəbdən iqtisadiyyatın bu sektorunun inkişafına xüsusi diqqət yetirmək lazımdır”, - deyə iqtisadçı vurğulayıb.

Müəllif: Elya Belskaya