Utancverici yox, lap biabırçılıq!

İdman

09.04.2022 - 21:09

Cəsur italyan və qorxaqlar komandası: de Byazi təkcə futbolçuları təhqir etmədi…

Azərbaycan futbolu artıq dillərdə dastan olub. Bizdə bu idman növünə və bu sahə ilə məşğul olanlara daha necə tənqid, necə istehzalar edilmir? Amma hadisələrin gedişindən göründüyü kimi, bu narazılıq dəryasından nəinki nəticə çıxarılır, əksinə, hər keçən gün, keçirilən hər matç vəziyyəti daha da gərginləşdirir.

Çox vaxt Azərbaycan yığmasının meydandakı addımlarına baxıb növbəti məğlubiyyətin şahidi olanda “biabırçılıq” sözünü işlədirik. Bəs bu söz nə deməkdir? Hər bir konkret halda bu konsepsiya ilə nə nəzərdə tutulur? Cavab nə olursa olsun, amma bir neçə gün əvvəl daha bir biabırçılığın şahidi olduq.

FİFA-nın ənənəvi aylıq reytinq cədvəli açıqlanıb. Beləliklə, Azərbaycan 8 (!) pillə aşağı enməyi bacardı və indi 129-cu pilləni tutur! Amma utancın dərinliyi hələ bunda deyil. Vəziyyəti aydınlaşdırmaq üçün sadəcə olaraq FİFA reytinqində bizdən yuxarı olan bir neçə komandanın adını çəkəcəyik: Kamor adaları! Anqola! Qambiya! Zimbabve! Toqo! Mozambik! Malavi! Tacikistan! Qvineya-Bisau!...

Daha nə demək olar? Bu, elə-belə biabırçılıq da deyil, lap biabırçılıqdır! Düşünmək olardı ki, bu cür hadisədən sonra belə biabırçılıqda əli olanların hamısı - AFFA rəsmiləri və məşqçilər korpusunun üzvləri bir müddət sakit duracaqlar, ortada görünməyəcklər ki, onlara qarşı haqlı nifrət bir az da soyusun. Ancaq belə olmadı! Məlum olub ki, bu biabırçılıq onlara heç bir şəkildə təsir etməyib. Və nə qədər qəribə olsa da, millinin baş məşqçisi Canni de Byazi ilk söz sahibi olub. Və nələr dedi!

Paralel dünyadan olan məşqçi

“Problem ondadır ki, hazırlaşmaq üçün çox az vaxtımız var. Hazırkı “pəncərə”də Malta və Latviya ilə oynadıq, hər iki görüşdə 1:0 hesabı ilə uduzduq. Yeni sistemi sınaqdan keçirdik, baxmayaraq ki, bunun üçün vaxtımız çox deyil... Mənim işimdə də mütləq nəsə çatışmır. Biz birlikdə nə qurduğumuzu başa düşmək üçün mübarizə aparırıq: bunun üzərində işləyirəm, amma bunun üçün mənə çox vaxt ayrılmır”, - deyə o bildirib.

Aman Allah, görəsən, hörmətli maestro həqiqətən də bilmir ki, demək olar ki, bütün komandaların cədvəli eynidir? Vaxtın azlığından şikayət etmək üçün nə ilə və ya kimlərlə paralellər aparılır? Hansı məşqçinin, hansı milli komandaların təlim-məşq toplanışı üçün ayları var? Bu italyan doğrudanmı paralel dünyada yaşayır? Yoxsa o, güman edir ki, Azərbaycan FİFA reytinqində sonuncu yerdə qərarlaşdığına görə bu ölkədə azarkeşlərin məlumatlılığı da uyğun yerdədir? Yox, şükür, oxuyuruq, baxırıq, izləyirik, bilirik. Burada heç kim belə hekayələrə inanmır.

Bu gedişlə boynunun ardından şapalaq da almaq olar

Amma de Byazinin vaxtın azlığı barədə ağlaşmaları sadəcə jurnaldır. Kinosi isə bundan sonra başlayır: “Başqa bir problem var - xarakter. Başlanğıcda özünüzü məğlub hesab edirsinizsə, həmişə itirəcəksiniz. Və daha az təvazökar olmalı və daha qürurlu və qətiyyətli olmalısınız. Mən hələ də bu vəziyyəti dəyişə bilmirəm, qorxaq komandaya ruh verə bilmirəm”.

Doğrudan da, biz heç kimi çaşdırmaq istəmirik, ola bilsin ki, dünya peşəkar futbol praktikasında onun baş məşqçisi tərəfindən bütün komandanın açıq şəkildə təhqir olunması halları olub, amma bunu xatırlamırıq.

Bu, hansı müsbət irəliləyişlərə səbəb ola bilər? Həqiqətənmi, publik təhqir oyunçulara təsir etmək üçün ən optimal üsuldur? Və ümumiyyətlə, yetkin kişi bütün vicdanlı insanların qarşısında kimsə onu qorxaq adlandırırsa, hətta məşqçi bunu etsə belə, necə reaksiya verməlidir? Yox, əlbəttə ki, futbolçularımızın dözümlülüyünə, peşəkarlığına şübhə etmirik (yeri gəlmişkən, bu, sarkazmdır), amma kiminsə əsəbləri dözməyə bilər.

Sonra de Byazi sadəcə olaraq onun sifətinə bir yumruq ilişdirən adama heç nə başa sala bilməyəcək, çünki o, ümumiyyətlə, Azərbaycan dilində danışmır. Və etsə belə, çətin ki, nəyəsə etiraz etməyə vaxt tapsın. Düzünü desəm, belə bir şəraitdə azarkeşlər xüsusilə qəzəblənməyəcəklər. Axı, əslində italyan bizi də təhqir etdi. Odur ki…

Kiçik bir remarka: Təxminən 20 il əvvəl bu sətirlərin müəllifi Azərbaycanın o vaxtkı yığmasının oyunçularından birindən müsahibə alırdı. O, mərhum Əhməd Ələsgərovla bağlı xatirələrini bölüşərək, bu sözləri deyib: “Matçların birində yaxşı əks-hücum keçirdik, amma mən hər şeyi məhv etdim, vaxtında ötürmə vermədim. Oyundan sonra soyunub-geyinmə otağındakı Əhməd Lətifoviç boynumun dalından elə bir sillə vurdu ki!.. Bəzən elə olurdu ki, məşq zamanı bizi kəmərlə qamçılayırdı”.

Deməli, mərhum məşqçinin haqlı olub-olmaması üsullarını mühakimə etmək bizim işimiz deyil. Amma hər halda bizim həmyerlimiz bütün bunları dar bir dairədə, bu prosesdə iştirak edən insanlar çevrəsində edib! Amma nə Ələsgərovun, nə də başqa bir azərbaycanlı məşqçinin öz futbolçularını açıq şəkildə təhqir etməsinə özünə rəva gördüyü dəqiqdir.

İyunda oynayacağıq, amma apreldə artıq məğlub olduq

De Byazi gələcək hadisələri müəyyən dərəcədə proqnozlaşdırdı. Daha dəqiq desək, bu barədə onun sözlərindən nəticə çıxara bilərik. Baxmayaraq ki, onsuz da hamıya tam aydın idi ki, Azərbaycan millisinin qarşıdakı oyunları yaxşı heç nə vəd etmir.

Amma italiyalı bütün suallara indidən cavab verdi: “Milli komandaların öz problemləri var: 12 gün ərzində Millətlər Liqasında dörd oyun keçirəcəyik. Belə bir cədvəl üçün kifayət qədər oyunçum yoxdur! Bəzi şeylər sizi təəccübləndirir”.

Bax belə. İyun ayında de Byazinin dediyi oyunlar gəlir, amma baş məşqçi 2 ay əvvəldən fatihəsini oxudu. Əslində biz apreldə artıq məğlub olmuşuq. Belə olan halda hansı nəticələrə ümid etmək olar? Sükanı arxasında öz iqtidarsızlığı ilə barışmış bir qocanın olduğu komandadan nə tələb etmək olar? Və doğrudanmı AFFA rəhbərliyinə aydın deyil ki, de Byazi ölkənin əsas milli komandasının baş məşqçi postuna ən son uyğun fiqurdur? Federasiya hələ də başa düşmür ki, əzmkarlıq, qətiyyət, təbii ki, yaxşı keyfiyyətlərdir. Amma onlar inadkarlığa, bağışlayın, uzunqulaq inadına çevriləndə, ortada yaxşı nətciə olmur.

De Byazı ilə vidalaşmağın vaxtı gəlib! Və bu, nə qədər tez baş versə, Azərbaycan futboluna bir o qədər çox fayda gələcək.

Müəllif: Vüsal Əliyev

Ramanada faciə

Dünən, 17:26 Hadisə