Deputat: “Ərdoğanın qələbəsi çoxqütblü dünyanı dəstəkləyən qüvvələrin qələbəsidir”
Politoloq: “Ərdoğanın budəfəki prezidenlitiyi çətin və mürəkkəb olacaq”
İyunun 3-də Ankarada Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın səlahiyyətlərinin icrasına başlaması mərasimi keçirilib. Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da iştirak edib.
Andiçmə mərasiminə 21 dövlət başçısı və 13 hökumət başçısı, eləcə də Türk Dövlətləri Təşkilatı, NATO və digər beynəlxalq təşkilatların rəhbərləri qatılıblar.
Prezident Ərdoğan 85 milyon nəfər vətəndaşın etimadını doğruldacağına and içib: “Prezident kimi mən dövlətin varlığını və müstəqilliyini, vətənin və millətin bölünməz bütövlüyünü qoruyacağıma, hər kəsin insan hüquq və əsas azadlıqlarından faydalanmaq idealından dönməyəcəyimə, Türkiyə Cümhuriyyətinin şöhrətini və şərəfini qoruyub ucaltmaq, üzərimə düşən vəzifəni qərəzsiz yerinə yetirmək üçün var gücümlə çalışacağıma Böyük Türk Millətinin və tarixinin hüzurunda şərəfim və ləyaqətim üzərinə and içirəm”.
Mərasimdə müxtəlif ölkələrin dövlət və hökumət başçıları iştirak etsələr də, Qərb ölkələrindən mərasimdə iştirak edənlərin sayı az olub. Qeyd edək ki, hələ seçkiöncəsi Ərdoğanın müstəqil xarici siyasət yürütməsi, ABŞ və Qərbin iradəsini qeyd-şərtsiz yetirə yetirməkdən imtina etməsi, Rusiyaya qarşı çoxvektorlu sanksiyalara qoşulmaması və digər səbəblərdən ona qarşı təzyiqlərin olduğu barədə məlumatlar yayılırdı. İddialar mövcud idi ki, Qərb bu səbəbdən Türkiyə müxalifətinə dəstək göstərir və Ərdoğanın hakimiyyətdən uzaqlaşdırılması üçün səylərini davam etdirəcək. Məhz buna görə də Qərb ölkələrinin rəhbərlərinin andiçmə mərasiminə qatılmadığı söylənilir.
Ərdoğanın yeni prezidentlik müddəti Qərb-Türkiyə münasibətlərinə necə təsir göstərəcək?
Azərbaycan Milli Məclisinin üzvü Elşad Mirbəşiroğlu AYNA-ya açıqlamasında deyib ki, Ərdoğanın qələbəsi çoxqütblü dünyanı dəstəkləyən qüvvələrin qələbəsi kimi qiymətləndirilə bilər: “Seçkiöncəsi Ərdoğana xarici təzyiqlər oldu. Qərb dairələri Türkiyə müxalifətinə dəstək verməklə Ərdoğanın hakimiyyətdən uzaqlaşdırılmasına çalışdılar. Əslində bu proses bir neçə il idi ki, davam edirdi. Səbəb Ərdoğanın timsalında Türkiyə iqtidarının müstəqil xarici siyasət yürütməsi, ABŞ və Qərbin təlimatlarına uyğun şəkildə fəaliyyət göstərməməsi, Rusiyaya qarşı embarqolara qoşulmaması və s. idi. Onlar istəyirdilər ki, Türkiyədə təlimatlarını qeyd-şərtsiz həyata keçirən iqtidar formalaşdırsınlar”.
“Lakin Türkiyənin oturuşmuş seçki ənənəsi mövcuddur və Türkiyə seçiciləri yenidən Ərdoğana və komandasına etimad göstərdilər. Təsadüfi deyil ki, Ərdoğanın özü prezident, rəhbərlik etdiyi blok isə parlament seçkilərində qalib gəldi. Qərb bütün səylərinə baxmayaraq, seçklilərdə öz məqsədinə nail olmadısa, bundan sonra Türkiyəyə hər hansı formada təzyiq etməsi mümkün deyil. Heç şübhəsiz, onlar bu reallıqla barışacaq, Ərdoğan və komandası ilə hesablaşmağa məcbur olacaqlar”, - deyə deputat bildirib.
Mirbəşiroğlunun sözlərinə görə, Ərdoğanın qalib gəlməsi Azərbaycan xalqı, eləcə də bütün İslam dünyası üçün əlamətdar hadisədir: “Ərdoğan hələ xeyli öncə bəyan edirdi ki, dünya beşdən ibarət deyil. Azərbaycan-Türkiyə qardaşlığı hər iki liderin – cənab İlham Əliyevin və cənab Rəcəb Tayyib Ərdoğanın sayəsində ən yüksək səviyyəyə çatdı. 44 günlük Vətən müharibəsindəki tarixi zəfərin əldə olunmasında Türkiyənin misilsiz xidmətləri oldu. İki qardaş dövlətin birlikdə yürütdüyü diplomatik siyasət dünyada yeni güc mərkəzinin formalaşmasına səbəb oldu. Hər iki lider tük birliyinin möhkəmlənməsinə, türk dövlətləri arasında həmrəyliyə nail olunmasına mühüm töhfələr verdi. Hesab edirəm ki, qarşıdakı dövrdə strateji əməkdaşlıq daha da artacaq və Azərbaycan Türkiyə ilə birlikdə bir çox tarixi uğurlara imza atacaq”.
Politoloq Elxan Şahinoğlu AYNA-ya şərhində söyləyib ki, Ərdoğan 20 ildə 17 qələbə qazanmış lider kimi tarixə düşüb: “Birinci turun nəticələri açıqlanandan sonra artıq bu qələbəyə şübhə yeri qalmırdı. Çünki parlament seçkilərinin taleyi artıq ilk turda həll edilmişdi. “Cümhur İttifaqı” üstünlüyü təmin etmişdi. Birinci turda Ərdoğanın çox cüzi səsi çatmırdı ki, prezident seçilsin. Bu baxımdan məsələ aydınıydı”.
“Müxalifət də seçki prosesini düzgün apara bilmədi. Əhməd Davudoğlu və Əli Babacan faktiki olaraq Kamal Kılıcdaroğluna səs qazandıra bilmədilər. Meral Akşenerin Kılıcdaroğlunun namizədliyinə ilkin reaksiyası müəyyən inamsızlıq yaratmışdı. CHP liderinin ABŞ səfərinin də ona xeyrindən çox, ziyanı oldu. Bundan sonra yəqin ki, Kamal Kılıcdaroğlu partiya rəhbərliyindən və siyasətdən gedəcək. Bundan sonra qalmasının da elə bir ciddi əhəmiyyəti yoxdur”, - deyə analitik vurğulayıb.
Şahinoğlu qeyd edib ki, Ərdoğanın qarşısında mürəkkəb vəzifələr dayanır: “Əsas istiqamət iqtisadiyyatı gücləndirmək və inflyasiyanın qarşısını almaqdır. Buna nail olmaq isə heç də asan olmayacaq. İkinci istiqamət isə özündən sonra uğurlu varis hazırlamaqdır. Heç şübhəsiz, Ərdoğanın qələbəsindən sonra Azərbaycanla müttəfiqlik daha da dərinləşəcək. Ölkəmizin Qarabağ məsələsində təsir imkanları güclənəcək. Hesab edirəm ki, Ərdoğanın budəfəki prezidenlitiyi çətin və mürəkkəb olacaq. Çünki dövr çətin və mürəkkəbdir”.