“Torpaqlarımızı azad edəndə Türkiyənin verdiyi dəstək təkcə qardaşlıq təzahürü deyildi” - Ceyhun Bayramov

Siyasət

08.08.2022 - 23:36

Nazir: "Türkiyə-Azərbaycan münasibətləri strateji müttəfiqlik səviyyəsinə yüksəlib"

“Torpaqlarımızı işğaldan azad edən zaman Türkiyənin ölkəmizə verdiyi siyasi və diplomatik dəstək təkcə qardaşlıq münasibətlərimizin təzahürü deyil, həm də Türkiyənin haqqın, hüququn, ədalətin yanında olmasıdır”.

AYNA xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.

“Bütün beynəlxalq təzyiq və təhdidlərə baxmayaraq, Türkiyə diplomatları bütün platformalarda azərbaycanlı həmkarları ilə çiyin-çiyinə çalışıb və haqq sözümüzün eşidilməsi üçün var gücləri ilə mübarizə aparıblar”, - Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri əlavə edib.

“Azərbaycanın Türkiyənin olmadığı platformalarda etdikləri kimi, qardaş Türkiyənin diplomatları da bunu bizim olmadığımız yerdə həyata keçirirlər ki, səsimiz, sözümüz eşidilsin”, - C.Bayramov vurğulayıb.

Xarici işlər naziri Türkiyə-Azərbaycan münasibətlərinin strateji müttəfiqlik səviyyəsinə yüksəldiyini qeyd edib.

Azərbaycanın XİN rəhbəri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, xarici işlər naziri Mövlud Çavuşoğlu, habelə Türkiyə diplomatlarına təşəkkür edib.

“Bundan sonra birlikdə səmərəli fəaliyyətimizin uğurunu yaşamağı arzu edirik”, - nazir əlavə edib.

Müəllif: Ayna.az