Tixanovskayadan Avropaya müraciət: “Belarusun oyanışına dəstək olun!”

Dünya

19.08.2020 - 12:58

“Bütün ölkələri beynəlxalq hüququn prinsiplərinə hörmət etməyə çağırıram”

 

Belarus müxalifətindən prezidentliyə namizəd olmuş Svetlana Tixanovskaya Avropa ölkələrinin liderlərinə çağırış edib. Xanım Tixanovskaya Qərbi prezident seçkilərində Aleksandr Lukaşenkonun qələbəsini tanımamağa səsləyib. AYNA xəbər verir ki, Tixanovskayanın müraciəti “YouTube” kanalında yerləşdirilib.

 

Keçmiş namizəd xalqının azad seçkilər uğrunda uğrunda dinc mübarizə apardığını deyib: “Avqustun 9-da keçirilən seçkilər ədalətli və şəffaf deyildi, nəticələri saxtalaşdırıldı. Etirazçılar döyüldü, həbs edildi və onlara işgəncə verildi. Bütün bunlar Avropanın mərkəzində baş verir”.

 

Tixanovskaya avropalıları son seçkilərin nəticələrini tanımamağa çağırıb: “Lukaşenko xalqın və dünyanın gözü qarşısında legitimliyini itirib. Biz onun hakimiyyəti dinc yolla ötürməsini asanlaşdırmaq məqsədi ilə Belarusiya Milli Koordinasiya Şurasını yaratdıq”.

 

“Hörmətli Avropa liderləri! Sizi Belarusun oyanışına dəstək olmağa çağırıram. Bütün ölkələri beynəlxalq hüququn prinsiplərinə hörmət etməyə çağırıram. Belarusiyanın suverenliyinə və Belarus xalqının seçiminə hörmət etməyə çağırıram”, - deyə Tixanovskaya vurğulayıb.

 

Qeyd edək ki, avqustun 9-da Belarusda prezident seçkiləri keçirilib. Rəsmi nəticələrə görə hazırkı Prezident Aleksandr Lukaşenko 80 faizdən, müxalifətin namizədi Svetlana Tixanovskaya isə 10 faizdən çox səs toplayıb. Bundan sonra ölkədə seçkinin nəticələrinə etiraz aksiyaları başlayıb. Aksiyalar 10 gündür ki, davam edir. Xalq Lukaşenkonun istefa verməsini, yeni seçkilər keçirilməsini tələb edir.

Müəllif: Ayna.az