“Tikinti sahəsi korrupsiyanın içindədir, camaat yeni binalara etibar etmir”

Cəmiyyət

18.11.2022 - 18:05

Sovet irsinə qarşı yeni tikililər: ipotekanın bununla nə əlaqəsi var?

Paytaxtın mənzil bazarında qarşıdurma kəskinləşib - sovet evləri yeni tikililərə əməlli-başlı rəqabət yaradıb. İnşaatçıların lobbiçilik etdiyi kampaniyaya start verilib: onun təşəbbüskarları vətəndaşları köhnə tikililərdən mənzil almamağa inandırmağa çalışırlar. Bu barədə AYNA-ya bank və maliyyə eksperti, hüquqşünas Əkrəm Həsənov danışıb.

Son zamanlar mətbuatda ipoteka kreditlərində gözlənilən dəyişikliklərlə bağlı yazılar daha çox yayılıb. KİV daşınmaz əmlak bazarındakı bəzi mənbələrə istinadən xəbər verir ki, 2000-ci ilə qədər tikilmiş mənzillər artıq uzunmüddətli kreditləşmə ilə əhatə olunmayacaq - nəticədə belə mənzillərin qiymətləri yarıbayarı ucuzlaşacaq. Bəzi məlumatlara görə, bu gün paytaxtda istismar müddəti bitmiş 11 minə qədər bina var - belə mənzil fondunda mənzillərin ipotekası etibarlı deyil.

“Amma müzakirə olunan “yeniliklər” heç də yeni deyil. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yaşayış binalarının istismar müddətini tənzimləyən standartları 2015-ci il aprelin 15-dən ölkəmizdə qüvvədədir. Bu standartlarla bir çox binaların istismar müddəti başa çatıb və ya sona yaxınlaşır. Axı məlumdur ki, çoxmənzilli binaların əhəmiyyətli hissəsi ötən əsrin 70-ci illərində tikilib. İpoteka kreditləri isə orta hesabla 25 il müddətinə verildiyi üçün, təbii ki, kredit müddəti bitmiş və ya müddəti bitən mənzillərə verilə bilməz”, - deyə Həsənov bildirib.

Onun sözlərinə görə, bunda yeni heç nə yoxdur və yalnız 2000-ci ildən sonra tikilmiş evlərdəki mənzillərə ipoteka verilməsi qərarı da başadüşüləndir: “Axı belə mənzillərin istismar şərtləri sadəcə ipoteka kreditləşməsinin orta müddətinə uyğun gəlir. İstismar müddəti başa çatmış və ya kredit bitənə qədər bitəcək binada yerləşən mənzilə necə ipoteka verilə bilər? Bütün bunlar aydındır, lakin suallar başqa müstəvidədir. Hökumət istifadə müddətini başa vurmuş və ya icazə verilən istifadə müddətini başa çatdırmaq üzrə olan evlərin taleyi ilə bağlı şərh verməyib. Sadəcə dedilər ki, söküləcək. Amma bunlar sadəcə sözlərdir və hər binanın dəqiq planı olmalıdır. Əsas sual budur: bu binalarda yaşamaq mümkündürmü?”.

Mütəxəssis qeyd edib ki, bu suallara heç kim cavab vermir və nədənsə bütün diqqət ipoteka və köhnə mənzil fondunun ucuzlaşmasına yönəlib: “Əsas məsələ pərdə arxasında qalır, amma gündəm eynidir: deyirlər ki, “niyə köhnə mənzillərin qiymətləri yeni tikililərdəki kimidir?” Yəni burada rəqabət var. Yeni binaların sahibləri və tikinti şirkətləri köhnə mənzil fondundan rəqabət hiss edirlər. Deyirlər, “niyə insanlar bizdən almır, köhnə binanı, o cümlədən ipoteka krediti yolu ilə götürürlər?”. Aydındır ki, informasiya kampaniyasının məqsədi yeni tikililərə tələbatın və qiymətlərin artırılmasıdır. Bunu heç gizlətmirlər də”.

“Ukraynadakı müharibənin Rusiyadan alıcı axınına səbəb olacağını gözləyirdilər, lakin səhv hesabladılar. Bu, o deməkdir ki, başqa cür hərəkət etmək lazımdır: əhalini köhnə evlərin faydasızlığına inandırmağa çalışmaq. İpoteka ilə köhnə mənzilləri ala bilməyəcəklərini çatdırmaq üçün - baxmayaraq ki, çoxları kredit üçün müraciət etmir və belə evləri öz hesabına alır. Yəni bu fikri insanlara çatdırmağa çalışırlar: köhnə evlər pisdir, orada qiymətlər aşağı olmalıdır və düşəcək, köhnə fond mənzil ehtiyac yoxdur, onu yeni tikililərdə götürün - onların dəyəri dəqiq düşməyəcək”, - deyə həmsöhbətimiz vurğulayıb.

Bu arada əhalinin paytaxtdakı “stalinka” və “xruşşovka”lara marağı heç də boş yerə deyil. Belə bir fikir var ki, yerli mənzil bazarında sovet irsi etibarlılıq baxımından yeni tikililərlə müqayisə oluna bilməz və onun təhlükəsizlik marjası tükənməkdən uzaqdır: “Axı niyə insanlar köhnə mənzil fonduna üstünlük verirlər? Mən inşaatçı deyiləm, amma dəqiq bilirəm ki, sovet dövründə bu sahəyə nəzarət mütləq daha yaxşı idi. İndi tikinti sektoru korrupsiya ilə doludur. Təbii ki, insanlar bütün bunları görür və bizim inşaatçılarımıza etibar etmirlər. Xüsusilə bu şirkətlərin binaları necə idarə etdiyi fonunda. Yeri gəlmişkən, bu, xüsusi müzakirə mövzusudur”.

Təkrar mənzil bazarında qiymətlər həqiqətən tələbatdan sonra artır. Bu bazarın mütəxəssislərinin fikrincə, cəmi bir il ərzində belə mənzillərin qiyməti 20%-ə qədər bahalaşıb və artmaqda davam edir. Eyni zamanda, ikinci dərəcəli mənzilə tələb orada “kupça”ların olması və yeni investorlar üçün risklərin xeyli aşağı olması ilə diktə olunur. Binaların qazlaşdırılması və kommunikasiya təchizatı ilə bağlı yeni tikililərin sahibləri üçün xarakterik olan problemlər də öz təsirini göstərir.

Deməli, insanlar öz pulları üçün problem istəmirlər. Bir qayda olaraq, bir çox alıcı "ikinci əl"i təkcə investisiya kimi deyil, həm də sabit gəlir yolu kimi qəbul edir. Nəhayət, bahalaşmaya baxmayaraq, köhnə mənzillər daha ucuzdur - orada, yeni tikililərdən fərqli olaraq, ən azı bir növ təmir var. Axı, hər kəs bir mənzil üçün iri bir məbləğ qoya bilmir, o ki, qala bu pulu qoyandan sonar bir çox şeyləri yenidən tikməyə…

Müəllif: Emma Rzayeva