Deputat: “Bunun bir adı var – terrorçuluğa dəstək... Bu, qəbuledilən deyil”
Politoloq: “Azərbaycan öz ərazilərində istənilən hərbi əməliyyatı keçirə, orada olan erməni quldur dəstələrini təmizləyə bilər”
Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin erməni separatçı ünsürlərinə humanitar yardım adı ilə silah daşıdığı ortaya çıxıb. “Caliber”in əldə etdiyi məlumata görə, Azərbaycan tərəfi Laçın yolu ilə “sülhməramlı humanitar yardım” adı altında silahların daşınmasından xəbərdar olub.
“Sülhməramlılar” öz müvəqqəti məsuliyyət zonasına bu silahları tədarük ediblər: piyada əleyhinə minalar, tank əleyhinə minalar, avtomatik atıcı silahlar, o cümlədən, dəzgahlı pulemyotlar, snayper tüfəngləri, 122 mm-lik minaatanlar, “Fagot” tank əleyhinə idarəolunan raketlər (10 ədəd), “Kornet” tank əleyhinə idarəolunan raketlər (10 ədəd), qumbaraatanlar, portativ rabitə, sursatlar. Bu silahların hamısı Rusiyanın Gümrüdəki hərbi bazasından çıxarılıb.
Məlumatda o da qeyd edilib ki, Ermən istanın Erebuni hava limanına Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin silahlarla dolu daha iki təyyarəsinin gəlməsi və həmin silahların Gümrü bazasında saxlanılması gözlənilir. Bəzi silah növləri İran və Suriyadan cəlb olunub.
“Bir sözlə, Laçın “dərəsində” əməlli-başlı qanunsuzluq hökm sürür. Rusiya sülhməramlıları ərazidəki terrorçuları silahlandırırlar”, - deyə “Caliber”in məlumatı bu fikirlərlə sonlanıb.
“Sülhməramlı yardım” adı altında Qarabağdakı separatçı-terrorçu erməniləri Rusiyanın silahlandırması Azərbaycanın haqlı narazılığına səbəb olub. Dövlət televiziyası olan Azərbaycan Televiziyasının (AzTV) Rövşən Məmmədovun təqdimatı ilə efirə gedən “Həftə” verilişində Rusiya sülhməramlı kontingentinin qanunsuz əməlləri, Rusiyanın separatçılara hərbi və siyasi dəstəyi sərt tənqid edilib.
Azərbaycan ictimaiyyət nümayəndələri “sülhməramlı yardım” oyununun bitməsinin vacibliyini vurğulayırlar.
Milli Məclisin deputatı Elman Məmmədov AYNA-ya deyib ki, Rusiya hərbi kontingenti sülhməramlı adı ilə Qarabağa daxil olduğu gündən bu günədək sadəcə erməniməramlılıq missiyası həyata keçirir.
Millət vəkili hesab edir ki, rusların separatçılara dəstəyi və yardımı gizli deyil: “Onlar açıq şəkildə bu cür destruktiv addımlar atırlar. Bu hərəkətlərin Azərbaycan tərəfindən böyük narazılıqla qarşılanması təbiidir. Faktiki olaraq Rusiyanın bizim ərazimizdə olan hərbi kontingenti 1991-ci ilin sentyabrından Qarabağda yaradılmış separatçı qondarma qurumarhimayədarlıq edir, onunla əməkdaşlıq edir. Bu gün də Ermənistan dövlətinə aid müəyyən hərbi birləşmələrin tör-töküntüləri Azərbaycan ərazisində qalıb ki, buna da sülhməramlı adlandırılan qüvvələr şərait yaradırlar”.
“Separatçılara silah-sursat daşımaq nə deməkdir?! Deməli Rusiya bitmiş münaqişənin yenidən alovlandırılmasında maraqlıdır. Əgər belə deyilsə, vasitəçi dövlət kimi 10 noyabr Üçtərəfli Birgə Bəyanatdakı bəndlərə əsasən, iki ildə zəhmət çəkib cinayətkar qurumu, onlara və Ermənistan dövlətinə aid silahlı tör-tökütüləri ərazimizdən çıxarmalıydılar. Bu, Rusiyanın öhdəliyidir. Amma bunu etmirlər, əksinə, həmin terrorçuların yeganə təminat-təchizat yolu olan Laçın yolundan onlara silah-sursat, ərzaq, yanacaq daşınmasına şərait yaradırlar, özləri silah verirlər. Bunun bir adı var – terrorçuluğa dəstək”, - deputat vurğulayıb.
E.Məmmədov qeyd edib ki, Azərbaycan baş verənlərin qarşısını almaq üçün tədbirlər görməlidir: “Düşünürəm ki, tədbirlər görüləcək. Sülhməramlılar “humanitar yardım” adı ilə separatçılara yüz milyonlarla pul xərcləyiblər. İndi də “sülhməramlı yardım” adı altında terrorçular silahlandırılır. Bu, qəbuledilən deyil”.
Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli də AYNA-ya açıqlamasında bildirib ki, Rusiyanın bu addımı separatizmin çiçəklənməsinə, Qarabağda terrorun kökünün kəsilməməsinə dəstəkdir: “Rusiya tərəfi Üçtərəfli Birgə Bəyanatda üzərinə bir sıra öhdəliklər götürüb. Bu öhdəlikləri sülhməramlı kontingenti vasitəsilə ilk gündən pozmaqdadır. “Sülhməramlı yardım” deyib, separatçılara silah daşınması birbaşa terrora dəstəkdir. Bunun başqa adı yoxdur. Rusiya ilə Azərbaycan arasında son dəfə imzalanan bəyannaməyə əsasən də Moskvanın öhdəlikləri var. Bunlar qarşılıqlı öhdəliklərdir. Yəni ki, ölkələr qarşılıqlı şəkildə separatizmə qarşı birgə mübarizə aparmalı, təhlükə yaradan halların qarşısını almaqda fəaliyyət göstərməlidirlər. Amma biz bunun əksini görürük”.
“Rusiyanın Azərbaycan ərazisinə müvəqqəti yerləşdirilmiş sülhməramlılarının bilavasitə komandanlığı tərəfindən erməni separatçıları, onların terror quldur dəstələri himayə olunur, Azərbaycan vətəndaşlarına təhdid yaradır. Bu təqdirdə Azərbaycan öz ərazilərində istənilən hərbi əməliyyatı keçirə və 10 noyabr Üçtərəfli Birgə Bəyanatın prinsiplərindən irəli gələn hüquqlardan istifadə edərək orada olan erməni quldur dəstələrini təmizləyə bilər”, - deyə politoloq fikrini tamamlayıb.