Tələbə BDU-dan xaric edilməli idimi?

Cəmiyyət

29.11.2020 - 12:40

Həkimlər Klinikalar SEO Xidməti

Təhsil eksperti: “O, dərsin gedişində tələbə aşkar şəkildə dövlət atributuna hörmətsizlik göstərib”

 

Psixoloq: “Tələbəni qovmaq deyil, onunla psixoloji iş aparmaq lazım idi”

 

Vəkil: “Tələbənin əməlində bayrağa həqarət yoxdur”

 

Bakı Dövlət Universiteti (BDU) Mexanika-riyaziyyat fakültəsinin Mexanika ixtisası üzrə I kurs tələbəsi Pərviz Məmmədov tələbələr sırasından xaric edilib. BDU-nun yaydığı məlumatda deyilir ki, tələbə bir neçə dəfə dərs zamanı Universitetin daxili nizam-intizam qaydalarını pozub: “Bu barədə tələbəyə və valideyninə məlumat verilib, Universitetin daxili nizam-intizam qaydalarına əməl etməsinin vacibliyi izah olunub. 23.11.2020-ci il tarixində tədris prosesi zamanı yenidən Universitetin daxili nizam-intizam qaydalarını kobud şəkildə pozub, həmçinin şəhidlərimizin qanı ilə boyayıb, Ali Baş Komandanımızın rəhbərliyi ilə Şanlı Ordumuzun işğaldan azad edilmiş əzəli torpaqlarımızda qürurla dalğalandırdığı Azərbaycan Respublikasının Dövlət bayrağına qarşı təhqiredici hərəkətlər edib”.

 

Bu xəbər istər tələbələr, istərsə də ictimaiyyətin digər fərdləri tərəfindən birmənalı qarşılanmadı. Kimi tələbə haqda verilən qərarın olduqca ağır olduğunu hesab edərkən, kimi də bu qərarın yerində olduğunu düşünür. AYNA mövzuya aydınlıq gətirməyə çalışıb.

Kamran Əsədov ali təhsil müəssisələrinin bakalavr pilləsi üzrə ləğv olunan  ixtisaslardan yazıb – Tam siyahı

Təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, orta ümumtəhsil məktəblərindən fərqli olaraq, ali təhsil müəssisələrinin hər biri öz daxili nizam-intizam qaydalarına malikdir: “Orta ümumtəhsil məktəbləri 2011-ci ildə qəbul edilmiş “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi” ilə idarə olunur və tədris prosesində iştirak edən şagird və müəllimlərin öhdəlikləri olduğu kimi, ali təhsil müəssisələrinin də hər birinin özlərinin daxili nizam-intizam qaydaları var və bu qaydalar əsasında cəza vermək, eyni zamanda məsuliyyətə cəlb etmək kimi müraciətlər etmək hüququna malikdirlər”.

 

“Təbii ki, Bakı Dövlət Universitetində baş verən hadisə kifayət qədər ciddi bir məsələdir. Burada məsələ ondan ibarətdir ki, tədris prosesində - dərsin gedişində tələbə aşkar, nümayişkaranə şəkildə birbaşa Azərbaycan atributuna hörmətsizlik göstərir. Bilirik ki, Azərbaycan Respublikası “Dövlət bayrağı haqqında” qanununa görə, hər bir şəxs – sosial statusundan, cəmiyyətdəki mövqeyindən, irqindən, cinsindən, milliyətindən asılı olmayaraq, Azərbaycanın dövlət rəmzlərinə hörmətlə yanaşmağa borcludur. Bilirik ki, həmin qanunun 11-ci maddəsində xüsusi olaraq qeyd olunur ki, bayraq baş örtüyü kimi istifadə oluna bilməz, bayraq hər hansı bir formada təhqir oluna bilməz. Burada təbii ki, biz müğənnilərin hər hansısa formada geyim kimi istifadə etmələri ilə müqayisə edəsi olsaq, qeyd edim ki, qanunda dövlət tədbirlərində geyim kimi istifadə olunma halları müstəsna hal olaraq verilir, tövsiyə edilir. Ancaq nümayəşkəranə şəkildə təhqirin həyata keçiriməsi yolverilməzdir”, - müsahibimiz bildirib.

 

Ekspert tələbə haqqında verilən qərarın doğru olduğunu hesab edir: “Düzdür, nəzərə alsaq ki, burdakı prosesin iştirakçısı gənc insandır, biz onu cəmiyyətə qaytarmalıyıq. Mütləq şəkildə çağırılıb tərbiyə edilməlidir. Amma burada belə deyil. 3 istiqamətdə pozuntu var: Birincisi, təbii ki, dövlət rəmzinə qarşı açıq-aşkaranə şəkildə hörmətsizlik. İkincisi, bilirik ki, mart ayından bəri normal tədrisin həyata keçirilməsi mümkün deyil, tələbələrin bir çoxu dərsə qoşulmaq üçün internet, kompüter, planşet, telefon tapa bilmirlər və çox çətin üsul və vasitələrlə dərs keçirilir. Amma həmin tələbə açıq-aşkar dərsin normal gedişinə ciddi şəkildə mane olur. Bununla da avtomatik olaraq ali təhsil müəssiəsinin daxili nizam-intizam qaydaları pozulur. Üçüncüsü, tədris prosesini həyata keçirən yaşlı qadındır və təbii ki, o, bu formatda dərs keçməkdə çətinlik çəkir. Buna baxmayaraq, tələbə hörmətsizlik göstərir. Təbii ki hər şey yazılmış qanunlarla yanaşı, yazılmamış qanunlarla da idarə olunur ki, bizim mental dəyərlərdə həmin şəxs yaşlı qadına hörmət etməyə borclu idi. Qeyd edim ki, tələbə cəzalandırılmasaydı, təbii ki, cəmiyyət iki hissəyə bölünəcəkdi. Video yayıldıqdan sonra Universitet rəhbərliyi günahlandırılacaqdı ki, dövlət rəmzimizə hörmətsizlik etmiş tələbə niyə cəzalandırılmır. Təbii ki, verilmiş cəza görüntü baxımından ağır ola bilər, amma bu, hər kəsə örnək və dərs olmaldır ki, heç kəs Azərbaycanın dövlət atributlarını təhqir edə, ona qarşı hörmətsiz yanaşa bilməz”.

 

“27 sentyabrdan bu yana 44 günlük müharibədə Azərbaycanın 17-19 yaşında da gəncləri bu bayraq dalğalansın deyə canlarından keçiblər, şəhid olublar. Bayraq heç bir halda təhqir oluna bilməz. Bayraq bizim kimliyimizdir. Müharibəni ermənilər bizim bayrağa hörmətsizlik etməsin deyə apardıq. Əlbəttə, biz gəncin cəmiyyətə qaytarılmasının daha çox tərəfdarıyıq. Təbii ki, görünüş baxımından ağır cəza görünə bilər. Amma buna haqq qazandırmaq olmaz. Bu bayraq uğrunda yüzlərlə şəhid olub. Həmin bayraq cənab Prezidentimizin işğaldan azad edilmiş ərazilərdə qaldırdığı, şəhid evinə gətirilərkən öpüb başımıza qoyduğumuz bayraqdır. Təbii ki, tələbənin dərs gedişatını pozduğu üçün cəzası töhmətdir. Amma burada verilən qərar tələbənin milli atributumuza qarşı etdiyi hörmətsizliyə görədir. Buna heç vaxt haqq qazandırmaq olmaz”, - mütəxəssis vurğulayıb.

 

“Bu, orta məktəb deyil, bura tərbiyə vermək üçün yer deyil, ali məktəb kadr yetişdirir. Gələcəyin kadrı olacaq, hansısa rəhbər postda əyləşəcək şəxs Azərbaycanın Dövlət atributlarına, yaşlı qadına hörmətsizlik edirsə, özünü normal apara bilmirsə, deməli, gələcəkdə nə Azərbaycanın məmuru olacaq, nə də vətəndaşına düzgün xidmət göstərəcək. Bir hərəkəti ilə özü haqda bütün informasiyanı ortaya qoymuş oldu. İnsanlar dəyərlərə hörmətlə yanaşmalıdırlar. Hansısa pis bir hərəkətə yol vermək olar, amma bayrağa hörmətsizliyi biz qəbul edə bilmərik”, - deyə Əsədov əlavə edib.

 

Tələbənin yenidən təhsil müəssiəsinə bərpa olunmasına qaldıqda isə, ekspert bunu mümkün hesab edir: “Əlbəttə ki, hər bir tələbənin təhsil almaq hüququ var. Əgər şəxs törətdiyi əmələ görə tələbələr arasından xaric edilibsə, yüngül hal olduqda 6 aydan, bu tip ağır hal olduqda isə 1 ildən sonra yenidən tədrisə bərpası mümkündür. Transfer.edu.az portalı və ya birbaşa universitet rəhbərliyinə ərizə ilə müraciət etməklə ali təhsil müəssiəsinə bərpası mümkündür”.

 

Tələbənin universitetdən xaric edilməsini düzgün hesab etməyən insanların bir çoxuna görə isə universitetin bu qərarı bir gənci itirməyimiz deməkdir. Belə yanaşmanın tərəfdarlarının fikrincə, təhsil ocağı elm öyrətməklə yanaşı, həm də islah etməyi bacarmalıdır.

Fuad Əsədov - İXTİSAS.AZ - İxtisas seçimi bələdçisi

Məsələn, psixoloq Fuad Əsədov, elmi-psixoloji araşdırmalara əsaslanaraq, deyib ki, cəza ilə biz yaxşı bir şeyə nail ola bilmirik: “Lakin bu halda deyə bilərlər ki, biz təcrübələrimizdə yanlış hərəkətinə görə danlandıqdan, cəzalandıqdan sonra daha yaxşı olan insanlara da rast gəlmişik. Əslində, bu, statistik baxımdan bir az mübahisəli bir məsələdir. Çünki insan bir şeyi bu gün pis edibsə də, növbəti günlərdə ondan daha yaxşısını etmək şansı daha çoxdur, nəinki bundan pisini etmək ehtimalı. Buna görə də insanın pis işdən sonra yaxşı işlər etmək ehtimalı riyazi olaraq daha çoxdur. Buna görə də kiminsə cəzalandıqdan sonra daha yaxşı olması cəzanın təsirindən yox, statistik olaraq insanın davranışına, ehtimala bağlı bir şeydir. Ümumilikdə isə statistika onu göstərir ki, insanın yaxşı və pis hərəkəti növbəli olur. Belə ki, kimsə davamlı olaraq nə yaxşı, nə də pis əməl nümayiş etdirir. Elmi araşdırmalar onu göstərir ki, bu gün pis davranış sərgiləyən insan sabah yaxşı davranış sərgiləyir. Ona görə də elmi baxımdan sübut olunub ki, cəza bir işə yaramadığı halda, mukafatlandırma, həvəsləndirmə daha çox işə yarayır”.

 

Psixoloq, tələbənin qaydaları pozduğu halda, ona göstəriləcək münasibətə də toxunub: “Təbii ki, universitetin də öz daxili qaydaları var ki, filan-filan işlərə görə tələbə filan cür cəzalanacaq. Və qoyulan qaydalar da pozulduğu halda universitetin əvvəlcədən müəyyən etdiyi cəzaları tətbiq etmək haqqı var. Təbii ki burada tələbənin qaydaları neçə dəfə, hansı şiddətlə pzoduğu da önəm daşıyır. Mətbuatda yayılan xəbərə görə, tələbə bir neçə dəfə də nizam-intizam qaydalarını pozub və ona universitetdən qovulması ilə bağlı sonuncu xəbərdarlıq edildikdən sonra bu hərəkəti, belə demək mümkünsə, suyu daşıran son damla olub və universitetdən xaric edilib. “Facebook” hesabımda da bu mövzuya toxunmuşdum və rəy bölməsinə tələbənin “Whatsapp” yazışmasını göndərmişdilər. Həmin yazışmadan belə təəssürat yaranır ki, sözügedən tələbə universitet qaydalarını elə də ciddiyə almayanlardandır. Təbii ki, həmin ekran görüntüsü, Universitetin yaydığı açıqlama nə dərəcədə doğrudur, bu, müzakirə oluna bilər. Lakin əgər doğrudursa, burada biz Universiteti tələbəni qovmaqda günahlandıra bilmərik. Universiteti günahlandıranların fikrincə, tələbə qovulmalı deyil, töhmət verilməli idi”.

 

F.Əsədov düşünür ki, heç bir halda tələbənin qovulması düzgün qərar deyil: “Məncə, heç bir halda qovulmamalı və tələbə islah olunmalı, düzgün davranışlar ona öyrədilməlidir. Qeyd edim ki, burada söhbət birbaşa həmin tələbədən getmir, həmin tələbəni tanımıram. Ən pis ehtimalı götürsək ki, çətin tərbiyə olunan tələbədir, bu halda da onunla yüksək səviyyədə psixoloji iş aparılmalı və pedoqoqlar onunla işləməlidir. Nəticədə səhv hərəkət etmiş gənc cəmiyyətə qazandırılmalıdır. Bu gün tələbə universitetdən qovuldusa, belə çıxır ki, universitet də, cəmiyyət də həmin tələbəni itirir. Nə dərəcədə pis və ya yaxşı insandır, təhsilə münasibəti necədir və sair, bunları kənara qoyaq. Bu gənc ən azından əziyyət çəkib, universitetə qəbul olub. Bu insnaın ali təhsil almaq imkanı var idi və bu, onun əlindən çıxdı. Eşitdiyim qədər, Universitetdən qovulmasına görə kədərli səs yazısı yayılıb. Əgər belədirsə, bu insanın kədəri cəmiyyət olaraq bizim qarşımıza çıxacaq”.

 

“Hamımız bilirik ki, Bakı Dövlət Universiteti bəzən işinə məsuliyyətsiz yanaşa bilir. Xüsusilə də tələbələrin həyatı, problemləri ilə bağlı olduqda. Lakin çox hallarda bunun əksini də görür, tələbələrinə həqiqətən can yandıran müəllimləri də müşahidə edirik. Lakin tələbələrin həyatına məsuliyyətsiz yanaşıldığı hallar da çox olur. Məncə, bu qərar müzakirə olunacaq qərardır. Tələbəni qovmaqla nə əldə elədik? Bakı Dövlət Universitetində də pedaqogikadan, psixologiyadan dərs deyən insanlar var. Heç kimin yox, mənə onların fikri çox maraqlıdır. Anton Makarenko adlı pedoqoq yüzlərlə çətin tərbiyə olunan uşaqla işləyib və onları cəmiyyətə qazandırmağı, faydalı insana çevirməyi bacarıb. Burada söhbət oğurluq edən, aqressiyaya meyilli olan, dələduz, fırıldaqçı və s. uşaqlardan gedir. Universitet deyir ki, bu tələbəyə əvvəllər də xəbərdarlıq edib, mənə maraqlıdır ki, bu tələbə Makarenkonun cəmiyyətə qazandırdıqlarından daha pismi olub? Yox, belə deyilsə, bu cəza ona verilməməli idi və onunla psixoloqlar, pedoqoqlar işləməli idi”, - deyə mütəxəssis fikrini yekunlaşdırıb.

Vəkil Anar Qasımlı: “Savadlı bir hüquqşünasın müsahibədən keçməməsi o demək  deyil ki…” – MÜSAHİBƏ – SumqayitXeber.Com

Məsələnin hüquqi tərifinə qaldıqda isə, vəkil Anar Qasımlı onu belə şərh edib: “Tələbənin dərs vaxtı etdikləri onun Universitetdən xaric edilməsinə əsas verə bilər, ancaq onun əməlində bayarağa həqarət yoxdur”.

Müəllif: Aləmdə Nəsib

Pin up casino Pin-up casino giriş