“Təhlükəsizliyi təmin edə bilmir və ən rahat yolu seçirlər – qadağa” - FOTOLAR

İdman

06.02.2022 - 22:07

Babək Orabanlı: “Qonşu ölkələrin dağları bizim dağlardan daha təhlükəlidir, amma biz onlara üz tutmalı oluruq”

Qış mövsümündə qış idman növləri daha populyar olur. Ekstrimi sevən alpinistlər (dağçılar) dağlara üz tutaraq yürüş edirlər. Azərbaycanda da yüksəkliklər kifayət qədər olduğundan bu idman növü ilə rahat şəkildə məşğul olmaq mümkündür.

AYNA-nın müsahibi alpinizm müəllimi və idmançı Babək Orabanlıdır.

- Hazırda dağadırmanma idmanında vəziyyət necədir?

- Yüksək zirvələrə getməyə icazə verilmir. Həftə sonları bir günlük daha aşağı hissələrə yürüşlər edirik.

- Niyə icazə verilmir?

- Təhlükəsizlik üçün. Qışda dağlarda uçqunlar olduğu üçün dekabr ayından may ayına kimi zirvələrə qalxmağa icazə verilmir. Bu qərar 3 dağa dırmanan idmançımızın ölümündən sonra oldu. Əslində, güclü bələdçilərimiz var, sadəcə olaraq sistem yoxdur ki, onların fəaliyyəti təşkil olunsun.

- Dünyanın hər yerində qışda dağlara təhlükəli səfərlər olur. Niyə bizdə yoxdur? Bizim zirvələr bu qədər təhlükəlidir?

- Dünyanın hər yerində icazə var. Bizdə təhlükəsizliyi təmin edə bilmirlər. Bizdə məsələni həll etmək əvəzinə qadağa qoyulur. Bu da ölkədə qış dağçılığının inkişafına maneə yaratmaqdır. Bizdə federasiyalar işləmir, fəliyyətsizdir. Ölkə üçün bu idmanın strukturu qurulmalıdır. Hər kəs öz fəaliyyətini özü təşkil edir. Dağçıların təlimlərlə səviyyələrini artırmaq və olacaq hadisəyə görə axtarış-xilasetmə qrupları təşkil etmək lazımdır. Sistemli şəkildə idarə olunmalıdır. Ona görə də qışda dağçılarımız qonşu ölkənin dağlarına gedirlər.

- Xarici ölkələrdə dağçılar arasında da ölüm hadisəsi olur. Çünki yollar təhlükəlidir, uçqunlar baş verir. Belə olanda məsuliyyət kimin üzərinə düşür? Ümumiyyətlə, belə hallarda prosedur necədir?

- Dağlara gedən hər bir dağçının məsuliyyəti öz üzərində olur. Hadisə də təbii ki, olur. Əsas məsuliyyət qrupun rəhbərinin üzərində düşür. Qrup rəhbəri çox peşəkar olmalıdır ki, baş verə biləcək hansısa hadisələrin maksimum qarşısını ala bilsin.

- Bəs siz qış mövsümündə alpinist olaraq hansı ölkələrə üz tutursunuz?

- İran, Türkiyə, Rusiya, Gürcüstan dağlarına getmək məcburiyyətindəyik.

- Bölgədə bizim dağlar çox təhlükəlidir, yoxsa qonşu ölkələrin dağları?

- Qonşu ölkələrin dağları bizim dağlardan daha təhlükəlidir. Amma biz onlara üz tutmalı oluruq. Çünki bizdə qadağandır.

- Bu günlərdə Xizək İdman Növləri Federasiyası yaradıldı. Sizcə, bu, dağ idman növünün inkişafına təkan olacaq?

- Federasiyanın rəhbəri Dövlət Turizm Agentliyinin sədri olduğundan turizm məqsədli inkişaf gözləyirəm. Federasiyalar bu işi görməyə həvəsli deyil. Ona görə nisbətən ümidliyəm.

- Başqa ölkələrdə hətta qış kampları mövcuddur. İnsanlar ailələri ilə bir-iki günlük meşə və dağlarda çadırlarda yaşayırlar. Bizdə belə ənənə varmı?

- Bizdə təəssüf ki, belə bir yer yoxdur. Qrup olaraq hər kəs ayrılıqda qış düşərgəsi təşkil edir.

- Düşərgə neçə gün davam edir? Bir düşərgə bir nəfər üçün neçə manata başa gəlir?

- Düşərgələr əsasən 1 gecə, 2 gün davam edir. Düşərgədə iştirak üçün adambaşına minim 50 manat düşür. Qiymət proqrama görə dəyişir. Proqramlar fərqli olduğu üçün qiymət də fərqli olur.

- Düşərgələri adətən hansı regionlarda təşkil edirsiniz?

- Əsasən Quba, Qusar, Xızı, Siyəzən, Şabran, Şamaxı, İsmayıllı, Şəki, Qəbələ, Oğuz, Qax, Zaqatala, Balakən, Göygöl, Astara, Lerik və Masallıda təşkil olunur. Əslində, Aran bölgəsindən başqa hər yerdə düşərgə təşkil edirik.

- Dağadrmanma son illər inkişaf edib, yoxsa ona maraq azalıb?

- Hər keçən gün dağçılığın turizm tərəfi inkişaf edir. İdman tərəfi isə geriyə gedir. Turizm tərəfinin inkişaf etməsinin səbəbi təşkil edənlərin maraqlı olması ilə bağlıdır. İdmanın inkişafı isə heç kimin marağında deyil.

- Xarici dağçılar bizim dağlara maraq göstərirlərmi?

- Avropa ölkələrində yaşayan dağçılar bizim dağlara gəlməkdə çox maraqlıdırlar. Yayda gəlirlər. Qışda icazə olmadığı üçün gəlmirlər.

- Azərbaycanın bu gün dünyaca məşhur dağçısı kimdir ?

- Azərbaycanda Everestə çıxmış yeganə dağçı İsrafil Aşurludur. Düşünürəm ki, İsrafil Aşurlu ən məşhur dağçımızdır.

- Digər idman növlərində başqa dövlətlər onların adından iştirak etməsi üçün peşəkar idmançıları öz komandalarına transfer edir. Alpinizmdə də belə bir ənənə varmı?

- Bizim sahədə belə ənənə yoxdur. Mənası da olmaz. Birinci bu idmanı hər kəs özü üçün edir. Başqa ölkənin adından çıxmaqdan daha çox o adamın zirvəni fəth etməsi bizim idmanda önəmlidir. Təqvimə zirvələrə çıxmış şəxslərin adları yazılır, ölkələrin yox. Hər kəs dağlara çıxmaq üçün pulunu öz cibindən xərcləyir. Amma tanınmış dağçılar sponsorlarla işləyirlər.

- Bizdə sponsorlar dağçılara dəstək göstərməkdə maraqlıdır?

- Bizdə sponsorlar dağçılığa o qədərdə maraqlı deyil. Hərdənbir dağa getmək üçün dəsdək alanlar olur. Amma əməkdaşlıqları davamlı deyil. Çünki dağçılar gündəmi doldura bilmir, izləyiciləri azdır.

Müəllif: Təranə Xudabaxşiyeva

Ramanada faciə

Dünən, 17:26 Hadisə