Əlirza Monadi: “İran xalqının 60 faizinin türk dilində danışmasını gözardı etmək olmaz”
“İran xalqının 60 faizi türk dilində danışır”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözləri İran Parlamentinin Təbrizdən seçilmiş deputatı, Təhsil Komissiyasının sədri Əlirza Monadi deyib.
Qeyd edək ki, İran Parlamenti məktəblərdə farscadan başqa dillərin və ədəbiyyatın da öyrədilməsi təklifini rədd edib.
Əlirza Monadi buna qarşı çıxaraq deyib ki, İran xalqının 60 faizinin türk dilində danışmasını gözardı etmək olmaz: “Bu dil ərəb və fransız dillərindən sonra dünyada ən çox danışılan dil sayılır. Türk dili olduqca qədimdir. Bunun üçün uşaqlara ana dili və ədəbiyyatını öyrətməliyik”.
Əlirza Monadi bildirib ki, bəzi millət vəkilləri sözügedən qanun layihəsinə qarşı çıxıblar. Onun sözlərinə görə, Novruz bayramından sonra bu məsələ yenidən müzakirəyə çıxarılacaq və bu dəfə müsbət səs əldə olunacaq.