“Dəməşq hazırda müxtəlif ölkələrlə müdafiə sazişləri əldə etmək imkanını nəzərdən keçirir”
“Rusiya tərəfi Suriya üçün faydalı olarsa, Tartusdakı Xmeymim bazalarını saxlaya biləcək”. AYNA xarici mediaya istinadən bildirir ki, bu sözləri Suriyanın Müdafiə Nazirliyinin rəhbəri Marhaf Abu Kasra deyib.
"Əgər bundan Suriya üçün fayda əldə etsək, bəli", - nazir "The Washington Post"a müsahibəsində Dəməşqin Rusiyaya iki bazanı saxlamağa icazə verib-verməyəcəyi ilə bağlı sualı cavablandırarkən deyib.
Bundan əlavə, nazirin sözlərinə görə, Suriya Prezidenti Bəşər Əsəd rejiminin gedişindən sonra Moskvanın yeni Suriya hökumətinə münasibəti “xeyli dəyişib”.
Nazir onu da bildirib ki, Dəməşq hazırda müxtəlif ölkələrlə müdafiə sazişləri əldə etmək imkanını nəzərdən keçirir.
Dekabrda Rusiya Prezidenti Vladimir Putin demişdi ki, Moskva öz tərəfdaşlarına Suriyaya humanitar yardım çatdırmaq üçün Xmeymim və Tartusdakı Rusiya bazalarından istifadə etməyi təklif edib və bu, anlayışla qarşılanıb: “Əgər biz orada qalırıqsa, bu o deməkdir ki, olduğumuz ölkənin maraqlarına uyğun nəsə etməliyik. Maraqlar nədən ibarət olacaq, biz onlar üçün nə edə bilərik – bu, hər iki tərəfin araşdırmasının nəticələrindən asılıdır”.